20 Fevral 2019 09:23
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail və İran arasında artan təzyiqlərin açıq silahlı qarşıdurmaya çevriləcəyini düşünmürəm”.

Bunu Teleqraf.com-a politoloq Vüqar Zifəroğlu deyib.

Ekspert iki ölkə arasında baş verməsi ehtimal edilən müharibənin bölgə və dünya üçün ağır nəticələrinin olacağını istisna etməyib:

“Hər iki ölkə ciddi hərbi potensiala malikdir. İsrail və İran arasındakı belə bir qarşıdurma təkcə bu iki ölkə üçün yox, bütün Yaxın Şərq üçün dağıdıcı fəsadlara gətirib çıxara bilər. Buna görə də biz yenə də bu günədək izlədiyimiz İsrail-İran diplomatik qarşıdurmasının şahidi oluruq. Hesab edirəm ki, dünya gücləri də bu gərginliyin hərbi müstəviyə keçməsinə imkan verməz, şərait yaratmaz.

Sadəcə olaraq, İran və İsrail arasındakı qarşıdurmanı Yaxın Şərqdə müəyyən nöqtələrdə müşahidə edirik. Ola bilsin ki, bu qarşıdurmalar həmin bölgələrdə daha intensiv xarakter alsın”.

Vüqar Zifəroğlu qeyd edib ki, hər iki ölkə dolayı yolla Livanda üz-üzə gələ bilər: “Ərəb-İsrail yaxınlaşması fonunda Yəməndə də belə bir qarşıdurmanın baş verməsi mümkündür. Suriya da bura daxildir. Amma birbaşa İsrail-İran qarşıdurmasının baş verməsi ehtimalı aşağı səviyyədədir. Hətta deyərdim ki, bu, mümkün deyil”.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani İsraillə müharibə riskinin yüksək olduğunu açıqlayıb. O, İsraillə yanaşı, ABŞ-ı da ittiham edərək,onların İranı parçalamağa çalışdıqlarını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər