21 Fevral 2019 15:50
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı vasitəsilə layihənin gerçəkləşdirdiyini dünyaya çatdırdı. Energetika nazirlərinin görüşü layihənin gerçəkləşməsində mühüm izlər buraxdı. Mesaj verildi ki, artıq layihə çərçivəsində realizə mərhələsi gedir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspert toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan son seqmenti TAP-ın artıq 87 faiz icra olunduğu və gələn ildən Azərbaycan qazının Avropa istehlakçılarına çatdırılacağı barədə çıxış etdiyini xatırladıb:

“Bir maraqlı məqam da ondan ibarətdir ki, ilk dəfə olaraq bu toplantıda 17 ölkənin nümayəndəsi, o cümlədən Türkmənistan iştirak edirdi. Bunun 7-si Cənub Qaz Dəhlizi ölkələri idi, Türkmənistanı çıxsaq, 9-u Azərbaycan qazını almaq niyyətində olan Avropa ölkəsi idi. Bu, əhəmiyyətli hadisədir. Ona görə ki, Azərbaycan qazının potensial alıcıları kimi təmsil olunurdular və gördülər ki, Cənub Qaz Dəhlizi mif deyil. Hesab edirəm ki, 2020-ci ildə genişləndirilmə layihələri gündəmə gələndə Azərbaycan qazının alıcılarının sırası daha da genişlənəcək”.

İlham Şaban 5-ci toplantıda Azərbaycan qazının gələcək imkanları, 10 il ərzində Cənub Qaz Dəhlizi layihəsinin daha iki dəfə genişləndirilməsi, maraq göstərən ölkələrin Azərbaycan qazından yararlanması məsələlərinin müzakirə edildiyini vurğulayıb:

“Avropa ölkələrinin stabilliklərinin təmin edilməsi üçün bizə enerji mənbəyi kimi baxmaları mühüm məqamdır. 2015-ci ildə Azərbaycanın təşəbbüsü ilə keçirilən bu toplantı çox kapitalyönümlü olan bir layihənin vaxtında gerçəkləşməsinə hədəflənmişdi. Qrafikə əməl olunması mühüm məsələ idi. Çünki faktiki olaraq bir-birindən asılı olmayan dörd layihəni – bir hasilat, üç infrastruktur layihəni birləşdirirdi. Dünyada hələ bu cür mürəkkəb bir layihə həyata keçirilməmişdi”.


Müəllif: Nərgiz