15 Mart 2019 21:42
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyanın kimin proyekti olması haqda təzadlı müzakirələr gedir. Etiraf edək ki, biz bunu hələ tam başa düşməmişik ki, Paşinyanın hakimiyyətə gəlməsi kimin qurduğu oyunla mümkün oldu? Bunun Rusiyanın oyunu olduğunu deyənlər də var, Qərbin oyunu olduğunu iddia edənlər də. Mənə elə gəlir ki, bu, Rusiya və Qərbin arasındakı razılaşmanın kəsişmə nöqtəsində ortaya çıxan qərar idi”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan açıqlama verdi və bildirdi ki, Qarabağ münaqişəsini Minsk qrupu formatında müzakirə etməyə hazırdır. Bundan əvvəl isə təkid edirdi ki, Qarabağ separatçıları danışıqlarda tərəf kimi iştirak etməlidir. Hesab etmək olar ki, Paşinyan geri addım atıb?
- Aprel ayında Paşinyanın hakimiyyətə gəlişinin bir ili tamam olacaq. O, erməni cəmiyyətinə hesabat verməlidir ki, bu bir ildə hansı işləri görüb. Həmin hesabatın bəndlərindən biri də mütləq Qarabağ məsələsi ilə bağlı olmalıdır. Çünki Paşinyan hakimiyyətə gəlmək ərəfəsində cəmiyyət qarşısında Qarabağ məsələsini qabardırdı və bildirirdi ki, danışıqlarda Qarabağın tərəf olması üçün çalışacaq. Bir müddət əvvəl də bəyan etdi ki, danışıqların formatı dəyişməlidir və Dağlıq Qarabağ prosesə tərəf olaraq qoşulmalıdır. Bura qədər də öz fikrini əsaslandırmaq üçün belə bir “hüquqi” bəhanə gətirmişdi ki, “mənə Ermənistan vətəndaşları səs verib hakimiyyətə gətiriblər, Qarabağ erməniləri yox, buna görə də danışıqlarda Qarabağı təmsil edə bilmirəm və onların adından da danışa bilmərəm”.
Amma buna cavab olaraq, Azərbaycan tərəfindən kəskin reaksiya gördü. Azərbaycan qəti şəkildə bildirdi ki, heç bir halda format dəyişə bilməz, Qarabağdakı separatçı danışıqlarda tərəf ola bilməz. Əslində bu, yeni ideya deyil. Sərkisyan dönəmində iki dəfə bu məsələ gündəmə gəlmişdi, Köçəryan dönəmində də Qarabağın “müstəqil tərəf” kimi proseslərə qoşulması ideyası ortaya atılmışdı. Amma Azərbaycan bu günədək üç dəfə bu ideyanı vurub siyasət müstəvisindən çıxardı. Paşinyan isə dördüncü dəfədir ki, Qarabağı danışıqlar prosesinə soxmağa çalışır. Amma yenə də Azərbaycanın buna reaksiyası çox sərt oldu. ATƏT sədri Miroslav Layçak Bakıda olanda da, bu fakt onun qarşısında qoyuldu, Avropa qurumlarına da bu barədə bildirilib, ABŞ-ın yeni səfiri ilə söhbət zamanı da bu fakt ortada idi.

Bakıda keçirilən Qlobal Forumda da Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bildirdi ki, indiki formatın dəyişməsindən söhbət gedə bilməz. Minsk qrupu da, Avropa İttifaqı da, ATƏT sədri də Azərbaycanın bu mövqeyini dəstəklədi. Beynəlxalq səviyyədə Ermənistana bildirildi ki, mövcud formatın dəyişdirilməsi müzakirə mövzusu ola bilməz. Bundan sonra Paşinyan gördü ki, Ermənistan indiyədək bunu üç dəfə bacarmayıbsa, dördüncü dəfə də bacarmayacaq. Nəticədə geriyə addım atdı. Bu da bir müddət əvvəl özünün dediyi sözləri təkzib etmək idi, eyni zamanda mövqeyindən geri çəkildi. Bununla müəyyən mənada öz siyasi simasını da itirmiş oldu.

Ya təcrübəsizlikdən, ya prosesin tarixini yaxşı bilməməsindən belə bir bir ciddi səhv etmişdi. Hər halda səhvini başa düşüb.

- Amma Paşinyan özü haqda o təəssüratı yaradıb ki, Azərbaycanla məxfi danışıqlar aparır. Erməni və Rusiya mediasında tez-tez bu məsələ gündəmə gəlir. Belə bir gizli prosesin getməsi nə qədər məntiqlidir?
- Paşinyan bütün oyunları hakimiyyətinin bir illik hesabatı ətrafında qurub. İndi onu düşündürən əsas məsələ də cəmiyyət qarşısında verəcəyi hesabatla bağlıdır. Bütün görüntüləri, bütün imicini də bu hesabat üzərində qurmağa çalışır. Yəni, Paşinyanın Azərbaycanla gizli danışıqlar aparması inandırıcı görünmür.

- Bəs, niyə Ermənistanın Suriyaya hərbi missiya göndərməsi Qərbdə, yaxud ABŞ-da etiraz yaratmadı? Düzdür, bəyanatlar verildi, amma sonradan bunun da ardı kəsildi...
- Ermənistanın Suriyada hərbi iştirakı mütləq idi. Əlbəttə, bu, Qərblə razılaşdırılmamış mümkün ola bilməzdi. Əks halda bu, Ermənistana həddən artıq baha başa gələrdi. Yəni, belə bir oyun oynamağa cəhd etdi, amma mənə elə gəlir ki, uğursuz oyun alındı. Qənaətimə görə, Paşinyan belə ucuz gedişlərlə özünü təsdiq edə bilməyəcək.

- Niyə Rusiya həbsdə olan keçmiş prezident Robert Köçəryanın taleyi ilə əvvəlki qədər maraqlamır? Yaxınlarda məhkəməyə çıxarılacaq, amma Moskvadan səs çıxmır. Hesab etmək olarmı ki, artıq Rusiya Paşinyanla razılaşıb?
- Paşinyanın kimin proyekti olması haqda təzadlı müzakirələr gedir. Etiraf edək ki, biz bunu hələ tam başa düşməmişik : Paşinyanın hakimiyyətə gəlməsi kimin qurduğu oyunla mümkün oldu? Bunun Rusiyanın oyunu olduğunu deyənlər də var, Qərbin oyunu olduğunu iddia edənlər də. Mənə elə gəlir ki, bu, Rusiya və Qərbin arasındakı razılaşmanın kəsişmə nöqtəsində ortaya çıxan qərar idi. Əlbəttə, Rusiya həmişə istəyəcək ki, yeri gələndə Paşinyana təzyiq etmək üçün Ermənistan daxilində bir qüvvə olsun. Bu baxımdan da Rusiya “Qarabağ klanı”nın tamamilə siyasi səhnədən sıxışdırılıb çıxarılmasında maraqlı deyil. Buna görə də Rusiya Paşinyana təzyiq vasitələrini əlində saxlamaq, ruspərəst “Qarabağ klanı”nın tamamilə səhnədən çıxarılmaması üçün müəyyən addımları ata bilər.

- Hesab etmək olarmı ki, keçmiş baş nazir Karen Karapetyanın son günlərdəki fəallığı da buradan qaynaqlanır? Onu da nəzərə almaq lazımdır ki, Karapetyan vaxtilə Rusiyanın “Qazprom” şirkətinin rəhbərliyində təmsil olunmuşdu və indi də adı Rusiyanın “Zarubejneft” şirkətinin idarə heyətində yer ala biləcək 7 namizəd arasındadır...
- Tamamilə mümkündür. Serj Sərkisyanın Xankəndində peyda olması da bu təzyiq mexanizmlərinin bir hissəsi ola bilər. Hər halda Paşinyan Xankəndində Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirəndə Serj Sərkisyan bura təsadüfən gəlməmişdi.

- Ümumiyyətlə, bu gedişat Ermənistanın indiki hakimiyyətinə nə vəd edir?
- Paşinyan bir neçə vədin üzərində hakimiyyətə gəlmişdi. Ermənistan cəmiyyəti həmin vədlərin hansı dərəcədə yerinə yetirilib-yetirilməməsinə baxacaq. Paşinyanın limiti hələ bitmədiyi üçün hələlik cəmiyyətə qarşı manipuliyativ gedişlər edə bilir. Vaxt limiti hələlik buna imkan verir. Qarşıdakı 2 ayda hakimiyyətə gəlməyinin bir ili bitəcək və bundan sonra erməni cəmiyyəti ölkədə irəliləyişin olub-olmamasına baxacaq. Əgər bu irəliləyiş nəzərə çarpasa, bu halda Paşinyanın iki yolu qalır. İlk növbədə, limiti başa çatdıqdan sonra vaxtilə Sərkisyan və Köçəryanın etdiyi kimi diktatura qurmalıdır. Özü də kifayət qədər sərt, hərbi xuntaya yaxın diktatura qurmalıdır, amma o, bunu bacarmayacaq. Çünki Paşinyan Sərkisyan və Köçəryandan fərqli olaraq, hərbi xunta adamı deyil. Üstəgəl, onun arxasında güclü klan da yoxdur.

Yəni, limiti başa çatdıqdan sonra öz hakimiyyətini qorumaq üçün diktatura qurmalıdır. Bunu bacarmasa, Ermənistan cəmiyyəti hakimiyyətlərin davamlı dəyişməsi – “beş günlük hakimiyyətlər” mərhələsinə daxil olacaq. Yəni, hər gələn baş nazir, yaxud prezidenti devirib yenisini seçməyə cəhd edəcək. Çünki gələnlərin heç biri vəziyyəti ciddi formada dəyişə bilməyəcək.

Nə qədər ki, Azərbaycanla münaqişə həll edilməyib və Ermənistan blokadadan çıxmayıb, orada ya baş nazir sehrbaz olmalıdır, ya da onun özünü də devirəcəklər. Çünki dünyada sehr deyilən bir şey yoxdur və sehrbaz kimi də Paşinyandan möcüzə gözləməyə dəyməz. Ya Paşinyan öz diktaturasını qurmalıdır, ya da devriləcək və o, devrilən yeganə baş nazir olmayacaq, hakimiyyətlərin silsilə devrilməsi prosesi başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər