28 Mart 2019 09:19
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub. Əslində Azərbaycan tərəfi bu görüşlə Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etmiş oldu.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Paşinyan müxtəlif siyasi manipulyasiyalarla məsuliyyətdən yayınmağa, Ermənistanı bu günə qədər həyata keçirilən işğalçılıq siyasətindən kənar tutmağa çalışır və mövcud danışıqlar formatını dəyişməyə cəhd göstərirdi. Ancaq Azərbaycan buna yol vermədi:

“Biz bilirik ki, ötən bir il müddətində rəsmi Bakı həm diplomatik, həm də hərbi-siyasi müstəvidə ciddi qərarlar qəbul etməklə və ciddi addımlar atmaqla Paşinyanın bu cəhdlərini tamamilə neytrallaşdırdı və danışıqlar masasına qayıtmağa məcbur etdi. Bunun bir istiqaməti heç şübhəsiz ki, beynəlxalq təşkilatlarla iş oldu.

Azərbaycan tərəfinin təzyiqindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar formatının dəyişməz olduğunu bir daha bəyan etdi. Bunun ardınca isə Avropa İttifaqının rəsmiləri eyni bəyanatı təkrarladılar. Paralel olaraq Azərbaycan təmas xəttində hərbi güc nümayiş etdirməklə bir daha Azərbaycan Ordusunun nəyə qadir olduğunu işğalçı ölkəyə göstərdi . Danışıqlar olmazsa, onun yeganə alternativinin müharibə ola biləcəyi reallığını Ermənistana xatırlatdı”.

H.Babaoğlu qeyd edib ki, həyata keçirilən bu işlər, atılan addımlar, nümayiş etdirilən qətiyyət Paşinyanı Azərbaycan Prezidenti ilə görüşə razılıq verməyə məcbur etdi:

“Burada qətiyyən formatın dəyişdirilməsindən söhbət gedə bilməz. Hətta onun dəyişdiriləcəyinə Ermənistanda ən optimist siyasətçi belə inanmır. Çünki Ermənistanın daxili auditoriyasında da, mətbuatında da bunun baş tutmayacağına əmindirlər. Əgər biz Ermənistanın informasiya resurslarını izləsək görəcəyik ki, Paşinyanın danışıqlardan imtina edə biləcəyi Ermənistan cəmiyyətində əslində müharibənin başlaması xəbərdarlığı kimi də qəbul olunurdu.

Görünür, Ermənistan Təhlükəsizlik Şurasının son iclasında da bu məsələlər geniş götür-qoy edildi və bir daha Azərbaycanın real gücü, real beynəlxalq nüfuzu nəzərə alındıqdan sonra Paşinyan bu cür danışıqlara razılıq vermiş oldu.

Bu bir növ Azərbaycanın işğalçı Ermənistanı yenidən danışıqlar masasına qayıtmağa məcbur etməsi kimi qiymətləndirilməlidir. Əks təqdirdə həm iqtisadi, həm siyasi gücü, həm də beynəlxalq nüfuzu imkan verir ki, Azərbaycan digər vasitələrlə öz torpaqlarını azad etsin .

Mən düşünürəm ki, bu reallığı Paşinyan qiymətləndirməlidir və nəhayət, 2019-cu ildə gözlədiyimiz substantiv danışıqlar başlamalıdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər