Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP bələdiyyə seçkilərində 52% səs toplaması bu partiyanın imicinə zərbə vurdu. Bu səslərin Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə birgə toplaması isə bu zərbəni bir qədər də qüvvətləndirir.
Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.
Ekspertin fikrincə, Türkiyə bu seçkilərdə özünü əsl kapitalist dövlət kimi göstərdi, iqtisadi maraqlar ideoloji maraqları üstələdi:
“Prezidentin çıxışlarında səsləndirdiyi “Daxildən və xaricdən Türkiyəni həm iqtisadi, həm də siyasi baxımdan məhv etməyə çalışan düşmənlərimizlə mübarizə aparmaq üçün yardım istəyirəm” çağırışı da nəticə vermədi. AKP ən böyük maraqları olan paytaxt Ankaranı, ardınca İzmir və Antalya şəhərlərini bir-bir itirməyə başladı. İstanbul uğrunda mübarizə isə hələ davam edir”.
Ramiyə Məmmədova hesab edir ki, Türkiyə cəmiyyəti bu seçkilərdə CHP-çilər və AKP-çilər olmaqla iki yerə bölündü:
“İyi Partiya isə CHP ilə koalisiyaya getsə də, heç nə ilə yadda qalmadı. Eyni sözləri Səadət Partiyası haqda da demək olar. AKP-nin ən böyük uğuru isə şərq bölgələrindən aldığı səslər idi. Kürd bölgələrinin HDP-yə səs verəcəkləri gözlənilsə də, burda AKP üstünlük qazandi. AKP bu bölgələrdə aldığı səslərlə HDP-ni 60% üstələdi.
Hesab edirəm ki, bu baxımdan ən böyük uğuru CHP və MHP əldə etdi, cəmiyyət isə AKP-yə mesaj ünvanladı. Xalq hər zamankı kimi öz siyasi gücünü və əzmini göstərməklə, millətin xeyrinə olmayan hər bir qərarın hakimiyyətdə kimin olub-olmamasından aslı olamayaraq, hər an dəyişə biləcəyini göstərdi”.