Vyana görüşündən əvvəl Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Moskvaya səfər edərək həmkarı Sergey Lavrovla müzakirələr aparması maraqlı idi. Çünki erməni tərəfi ümumiyyətlə danışıqlara qatılmaq istəmirdi. Biz Lavrovun Qarabağ konfliktinə dair mövqeyini, eyni zamanda onun Rusiyada hansı qüvvələri təmsil etdiyini bilirik.
Bu fikirləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun fikrincə, Lavrov Ermənistanı danışıqlar prosesində iştirakına çalışırdı: “Bununla sonradan Azərbaycanın real danışıqlar olmadığı üçün müharibə variantını gündəmə gətirməsinin qarşısını almaq istəyirdi. Bu səhnəni təşkilində erməni nazirə lazimi təlimatlar verilib. Amma de-fakto Vyana görüşündən sonra Ermənistan müdafiə nazirinin yeni torpaqlar tutmağa hazırlaşıldığına dair bəyanatı müzakirələrin üzərindən xətt çəkmiş oldu”.
Nazir əlavə edib ki, Rusiyada Ermənistana birmənalı münasibət yoxdur: “Bəllidir ki, Ermənistan rəhbərliyinin Vladimir Putinlə münasibətləri yaxşı deyil. Bunun bir səbəbi odur ki, Paşinyan Putinin Robert Köçəryanla bağlı xahişini əhəmiyyətsiz saydı. Yəni Köçəryan həbsxanada qalacaq. Əslində səbəbindən asılı olmayaraq bir dövlət başçısı digərindən xahiş edəndə, bu, diqqətlə qəbul olunur. Amma Paşinyan Putinin xahişini yerə saldığını nümayiş etdirir.
Təbii ki, onların münasibətləri normal deyil, hətta Paşinyan bir dəfə Moskvaya səfər edəndə onu qəbul etməyiblər.
İkincisi, Paşinyan komandasının qərbpərəst niyyətini günü-gündən qabarıq göstərməsi Rusiyanın xoşuna gəlmir. Amma bəzi qüvvələr var ki, bu gərginliyi aradan qaldırmaq üçün müxtəlif addımlar atırlar. Lavrov hər şeyi edir ki. Ermənistana qarşı kritik münasibət formalaşmasın.
Danışıqlardan imtina Yerevana qarşı kritik mövqe formalaşdırmaq baxımından mühüm iş olardı. Məhz buna görə Ermənistanın xarici işlər nazirini Lavrov qəbul etdi, daha sonra Vyana görüşünə dəstək verildi”.