Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan-Azərbaycan münasibətləri ən yüksək inkişaf dövrünü yaşayıb. Saakaşvili Azərbaycan haqqında hər zaman ancaq müsbət fikirlər söyləyib. Onun prezidentliyi dövründə kimsə Azərbaycan sərhədinə gəlib dağın başından bizi təhqir etmirdi. Bütün bunlar indi yaşanır.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, M.Saakaşvili prezidentlikdən getdikdən sonra da dəfələrlə Bakıda olub, müxtəlif konfranslarda iştirak edib, Prezident İlham Əliyevlə görüşüb:
“Saakaşvilinin xanımı da Bakıya gəlib, kitabının təqdimatını keçirib. Saakaşvili Putinin əsas düşmənlərindən sayılır. Ancaq Putin istəyir deyə Saakaşviliyə Azərbaycanın qapılarının bağlanması da yanlış olardı. Kremlin Azərbaycanın daxili işlərinə qarışmağa, Bakıya kimi çağırıb, kimi çağırmamaq kimi “tövsiyyə” verməyə haqqı yoxdur. Torpaqlarımızı işğal edən, Xocalı soyqrımını törədən erməni rəsmilərin Moskvaya mütəmadi dəvətləri bizim də xoşumuza gəlmir. Ancaq bizdən kimsə buna görə Rusiyaya mesaj göndərmir ki, “onu qəbul etməyin”. Odur ki, Saakaşvili də rahatlıqla Bakıya gəlmək imkanına malik olmalıdır. Kremlin qanunsuz istəyini bir dəfə yerinə yetirsək, iştahının və növbəti “istəkləri”nin sayı artacaq.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya Prezidenti Vladimir Putini tənqid edərkən deyib: “Kreml sahibi bir sıra ölkələrə təzyiq edir ki, onu həmin ölkələrə buraxmasınlar”. Saakaşvili bu sırada Azərbaycanın da adını çəkib.