19 May 2019 17:05
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan ABŞ-ın sanksiyalarına görə İrandan neft almağı dayandırıb. Bu, özlüyündə yeni xəbər deyil. Yeni olan, onun yan təsirləridir. Hindistan, bu gedişlə, İranın cənubunda böyük liman layihəsini dayandırmalı olacaq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri bunu politoloq Erkin Qədirli deyib.

Onun sözlərinə görə, İran üçün bu limanın önəmi yalnız ticari deyil, həm də geopolitikdir: "Məsələ ondadır ki, İranın Hind okeanına birbaşa çıxan böyük limanı yoxdur. Limanlarının hamısı Fars körfəzindədir. ABŞ Fars körfəzindən Hind okeanına çıxışı qapada bilər. Odur ki, Hind okeanının birbaşa sahilində Hindistanın hesabına tikiləsi olan limana İranın böyük ümidləri var".

Erkin Qədirli qeyd edib ki, Hindistan həmin limandan Əfqanıstana, oradan da Orta Asiyaya dəmir yolu çəkməyi planlaşdırır: "Bu planın gerçəkləşməsi üçün on milyardlarla ABŞ dolları həcmində vəsait ayrılıb. Hindistan bununla, Hind okeanına çıxan Çin-Pakistan dəhlizinə geopolitik rəqabət yaratmağı düşünür. Xüsusilə İranın cənubunda həmin o liman tikilmiş olarsa, ölkəmizin üzərindən keçən, Rusiyanın, İranın və Hindistanın birgə geopolitik layihəsi olan Şimal-Cənub dəhlizinin çox önəmli tərkib hissəsi olacaq. O liman tikilməsə, Şimal - Cənub dəhlizi yararsız qalacaq. ABŞ-ın hədəflərindən biri də budur - Şimal-Cənub dəhlizinə əngəl olmaq. Xatırlayırsınızsa, Bakı-Tiflis-Qars dəmir yolunun strateji önəmi haqqında yazılarım olub. Orada yazmışdım ki, bu dəmir yolunun əsas məqsədi, iqtisadi fayda götürməkdən daha çox, Şimal - Cənub dəhlizinin ölkəmiz üçün geopolitik risklərini azaltmaqdır".

Politoloq vurğulayıb ki, bundan başqa Bakı-Tiflis-Qars dəmir yolu NATO ölkəsi olan Türkiyədən bizim ölkəyə, ehtiyac yaranarsa, hərbi yüklərin, eləcə də canlı qüvvənin daşınmasını asanlaşdıracaq: "Bu, ABŞ-ın "öncədən yerləşdirmə strategiyası"na da (pre-positioning strategy) uyğundur. Bu tədbirlər ölkəmizin də yararınadır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər