Prezident İlham Əliyevin Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqini dinlədikdə bir daha əmin olduq ki, ölkə başçısı Azərbaycanın dünəni və bu günü ilə bağlı məsələlərin qısa, lakonik və əhatəli şəkildə auditoriyaya çatdırılmasında bir ustadır. Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, quruculuq prosesi, o dövrlə bağlı fikirlərini yetərincə lakonik şəkildə səsləndirdi. Eyni zamanda bugünki Azərbaycanın məhz həmin dövlətin varisi olaraq gördüyü işlər, yürütdüyü siyasətlə bağlı fikirlərini bildrdi.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, siyasi ekspert Azər Həsrət bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev xüsusilə Azərbaycanın beynəlxalq müstəvidə yeri, rolu, dəstəyi, qurduğu münasibətlər, eyni zamanda sosial-iqtisadi problemlərin həlli məsələləri üzərində geniş dayanıb:
“Dövlət başçısı ölkədə işsizliyin ləğvi və bu məsələnin əhali artımı ilə əlaqələndirilməsindən bəhs etdi. Təbii ki, Azərbaycana qarşı mübarizə aparan, yaxud anti-Azərbaycan mövqeyində duran insanlar barədə fikirlərini səsləndirdi. Mən burada xüsusi olaraq vurğulamaq istəyirəm ki, cənab prezident o cür adamların Azərbaycanı gözdən salmağa çalışmaları ətrafında fikirlərini bildirərkən ayrıca qeyd etdi ki, Azərbaycan hücumlar olsa belə, yenə də güclü ayaqları üstündə dayana biləcək bir dövlətdir. Azərbaycan dövlətini heç kim, heç bir qüvvə öz yolundan çəkindirə bilməz. Dövlət başçısının nitqində eyni zamanda Azərbaycanın 1990-cı illərdəki durumu və bu günü müqayisə olundu. Xüsusilə, ordu quruculuğu istiqamətində görülən işlər haqqında geniş danışıldı”.
A.Həsrətin sözlərinə görə, bütün bunları ümumiləşdirərkən belə qənaətə gəlmək olar ki, Prezident İlham Əliyev Respublika Günü ilə bağlı keçirilən tədbirdə faktiki olaraq həm ötən bir ilə yekun vurub, bir illə bağlı dəyərləndirmə aparmış olub, həm də Azərbaycan dövlətinin bu müddət ərzində keçdiyi yola qısa baxış sərgiləyib:
“Biz, əlbəttə, dövlət başçısının nitqini həvəslə dinlədik və qəbul etdik. Əgər bir əcnəbi bu nitqi dinləmiş olsaydı, mən əminəm ki, onun Azərbaycanla bağlı çox geniş təsəvvürü yarana bilərdi. Özü də bu təsəvvür təbii ki, pozitiv olacaqdı. İşin ən yaxşı tərəfi də məhz ondan ibarətdir ki, cənab prezidentin çıxışında qeyd etdiyi məqamların hamısı faktlarla sübut oluna biləcək məqamlardır və əlbəttə, Azərbaycan dövlətinin başçısı hər zaman olduğu kimi bu dəfə də faktlara söykənən bir çıxışla yadda qalmış oldu”.