Teleqraf.com Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə müsahibəni təqdim edir.
- Azərbaycan və Ermənistan xarici işlər nazirləri danışıqlar prosesində bəzi məsələlərə dair irəliləyişlərin olduğunu qeyd ediblər. Sizcə, danışıqlarda ciddi irəliləyiş qeydə alına bilərmi?
- Güman etmirəm ki, irəliləyiş əldə edilib. Fikrimcə, danışıqlar prosesinin başlanması, nazirlər arasında keçirilən görüşlər, dövlət başçıları arasında olan təmasları irəliləyiş adlandırırlar. Adətən diplomatiyada “əlaqələrin olması olmamaqdan daha yaxşıdır” yanaşması var. Bu baxımdan əlaqələrin olması, görüşlərin keçirilməsi irəliləyiş kimi təqdim edilə bilər. Amma Azərbaycan ərazilərinin işğalı davam edir, qaçqınlarımız mövcuddur.
Yəni bu nəticə 20 ildən çoxdur ki, dəyişmir. 20 ildir danışıqlar gedir, hər dəfə də eyni sözlər “irəliləyişlər müşahidə edilir” kimi ifadələr işlənir. Hətta erməni tərəfi bir neçə dəfə ümumi razılaşmanın əldə olunduğunu bildirib, Azərbaycan tərəfi isə bunu təkzib edib. Yəni belə hallar dəfələrlə müşahidə edilib. İndiki mərhələdə mən irəliləyişin olduğunu görmürəm. Əslində danışıqlar sonsuza qədər uzanır və bu erməni tərəfinin məqsədidir. Prezident Əliyev sonuncu dəfə qeyd etdi ki, Azərbaycanın səbri sonsuz deyil və tükənə bilər. Məncə, vacibi budur və bu haqda düşünmək lazımdır. Həm də müəyyən vaxt çərçivəsində danışıqları davam etdirmək olar. Əgər qoyulan müddətdə nəticə əldə olunmarsa, bu zaman Azərbaycan işğal edilən ərazilərimizi azad etmək haqqında ciddi düşünməyə başlamalıdır.
- Hazırda İran müharibə ərəfəsi vəziyyətdədir. Rusiyaya qarşı Avropa və ABŞ-ın münasibətlərində sərtlik özünü açıq göstərir. Sizcə, Azərbaycanın yeni əməliyyata başlaması üçün beynəlxalq şərait yarana bilərmi?
- Əslində mən gözləmirəm ki, beynəlxalq vəziyyət bizim üçün uyğun olsun. Yəni bizim üçün kimsə belə şərait yaratmayacaq. Amma indi dünyada böyük güclərin başı bir-birinə qarışıb və görünən odur ki, getdikcə də gərginləşəcək. Azərbaycan bundan şans kimi qiymətləndirmək haqqında düşünməlidir.
- Ermənistanda gözlə görünən proses gedir: Köçəriyanı həbsdə saxlaya bilmədilər. Ermənistanın müstəqilliyi ilə bağlı keçirilən tədbirə Qarabağdakı separatçı rejimin “prezidenti” qatılmadı, habelə baş nazirin oğlunun xidmət yeri Qarabağdan Ermənistana dəyişdirildi. Sizcə, bu ölkədə ki, proseslər hansı istiqamətdə inkişaf edir?
- Orada köhnə hakimiyyətlə yeni hakimiyyət arasında ciddi mübarizə gedir. Bu hakimiyyət uğrunda mübarizənin yeni mərhələsidir. Daha çox “Qarabağ klanı” kimi tanınan köhnə hakimiyyət iqtidarı itirməsi ilə barışmaq istəmir. Bu reallıqdır ki, heç kim hakimiyyəti itirməsi ilə barışmaq istəməz. Ermənistanda da bu proses gedir, yəni daxili ictimai-siyasi proseslər qaynardır. Ancaq, bu prosesin bizə xüsusi bir xeyri olacağını güman etmirəm. Əlbəttə ermənilərin daha çox diqqətini daxili işlərinə ayırması, klanlar və ya siyasi qüvvələr arasında kəskin qarşıdurma Azərbaycana müəyyən imkanlar yarada bilər.
- Ermənistan daxilində başlayan və bir ucu da işğal edilən Azərbaycan torpaqlarına gedib çıxan bu daxili razborka hansı nəticələr yarada bilər?
- Bunu indidən demək çətindir. Əslində bu həm də Ermənistanla bağlı böyük güclərin, konkret olaraq Amerika və Rusiyanın addımlarından asılı ola bilər. Hər halda mən güman etmirəm ki, yaxın zamanlarda hakimiyyət dəyişikliyi ola bilər. Ancaq perspektivdə hakimiyyət dəyişikliyinin olacağını gözləyirəm. Paşinyanın hakimiyyətə gəldiyi yolla da yola salınması baş verə bilər.
- Ermənistan politoloqları son zamanlar Paşinyan hakimiyyətini daha çox AXC-nin iqtidara gəldiyi və iqtidardan getdiyi dövrlər müqayisə edərək bildirirlər ki, belə durum yaransa Azərbaycan hücuma keçəcək. Bəzən rusiyalı və bizim yerli politoloqlarında belə müqayisə aparmasına münasibətiniz necədir?
- Ondan başlayaq ki, Xalq Cəbhəsi ümumi seçkilər nəticəsində hakimiyyətə gəlmişdi. İkincisi, o dövrdə hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi və bu prosesin qanunsuz aparılması məsələsi də yox idi. Sadəcə hakimiyyətin sonrakı dövründə iqtidar uğrunda mübarizə inkişaf etdi, xüsusilə, 1993-cü ilin əvvəllərindən başlayaraq Sürət Hüseynov liderliyində ordu daxilində qruplaşmanın yaradılması baş verdi. Bu qruplaşma dövlət çevrilişi üçün vacib rol oynadı. Bu mənada indi Ermənistanda olan vəziyyəti AXC hakimiyyətinin son dövrlərində mövcud olan durumla müqayisə etmək olar. Məhz bu torpaqların bizdən getməsi də xalq cəbhəsinə qarşı başlanan qiyamın nəticəsində mümkün oldu. Ermənistanda indi belə bir qiyamın olub-olmayacağı haqqında bir söz deyə bilmərəm. Amma proseslərdə, ələlxüsus hərbi cinahın siyasi hakimiyyətə qarşı çıxmağa meyl etməsi əlamətləri görünür.
- Düşünürsünüz ki, günün birində Ermənistanın da Sürət Hüseynovu ortaya çıxacaq?
- Bəli, hesab edirəm ki, bu mümkün variantdır. İqtidardan gedənlərin tərəfdarları əsasən hərbçilərdir. Odur ki, onlar hakimiyyəti itirməklə barışmırlar və hər vasitə ilə hakimiyyətdə olanların üzərinə gələcəklər.
- İran ətrafında da durum gərgindir, artıq Bəsrə körfəzində ABŞ-ın böyük hərbi arsenalı Tehrana qarşı mövqe tutur. Siz, bu gərgin durumu və İranın buna reaksiyalarını necə şərh edərsiniz?
- İran reaksiyalarını bir dövlət kimi normal qarşılayıram. Hansı dövlət ətrafında belə oyunlar baş versəydi, ona reaksiyada adekvat olmalı idi. Dövlət özünü müdafiə etmək, varlığını qorumaq məcburiyyətindədir. Bu mənada İranın reaksiyaları başadüşüləndir. Digər tərəfdən, hesab edirəm ki, hazırda biz müşahidə etdiyimiz diplomatiyada güc nümayişidir. Yaxın zamanlarda mən İran ətrafında hərbi əməliyyatların başlayacağını gözləmirəm. Ümumiyyətlə Venesuelada proseslər gedir və bu İran məsələsini ləngidə bilər. Hesab edirəm ki, İrana qarşı hələ bir müddət indiki güc nümayişi davam etdiriləcək.
- İran müdafiə potensialına görə, hansı həddə qədər tab gətirə bilər?
- Açığı, mən bu barədə məlumatlı deyiləm və İran hərbi potensialına bələdçiliyim yoxdur. Baxmayaraq ki, İranı 30 ildən çoxdur ki, iqtisadi blokada da saxladılar, amma onu çökdürə bilmədilər. Hərbi baxımdan isə qarşıdurma olmayacaq. İndiki vəziyyət hələ bir müddət davam edəcək. Sözsüz ki, müharibə arzu edilən deyil. Amma müharibə baş versə xoşagəlməz vəziyyət yaranacaq. Ən azından bu müharibənin təsiri Azərbaycanda özünü hiss etdirəcək. Bura çoxlu sayda qaçqın ordusu gələ bilər.
- Ukraynada da yeni prezident artıq hakimiyyətə gəlib və böyük dəyişikliklər anonsu edib. Siz, hazırda iqtisadi baxımdan böhran həddində olan və torpaqlarının bir hissəsi işğal edilən Ukraynada vəziyyəti necə qiymətləndirirsiniz?
- Hakimiyyət dəyişikliyinə normal qiymətləndirmək lazımdır. Hakimiyyətdə olan qüvvənin seçkilərdə uduzduğunu etiraf etməsi də müsbət olaydır. Yeni prezidentin ilkin addımları, siyasətə fəal başlaması ilə özünü büruzə verir. Amma Donbas siyasəti, bunun nəticəsi, işğal edilən ərazilər məsələsindəə irəliləyiş olmaya bilər. Demokratik proseslər və islahatlar çərçivəsində isə irəliləyiş olma ehtimalı daha çoxdur. Hələlik Ukraynada qeyri-adi hadisələrin baş verəcəyini gözləmirəm. Hər halda müharibə vəziyyətini sakitləşdirmək olar, digər məsələləri də addımlar atıla bilər.