Azərbaycanda həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır.
Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində polşalı həmkarı Andjey Dudanın da iştirak etdiyi Azərbaycan-Polşa biznes forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır. Çünki yollar, kommunikasiyalar olan yerlərdə əlbəttə ki, biznes dairələri də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin icrasına çox böyük diqqət yetirilmişdir. Hesab edirəm bu sahədə əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş adamlarının fəaliyyətini yüngülləşdirir. Yol tikintisi, qazlaşdırma, elektrik enerjisi ilə bağlı aparılan bütün bu işlər, o cümlədən biznes üçün gözəl şərait yaradır".
Prezident İlham Əliyev əlavə edib ki. Azərbaycanda nəqliyyat sektorunun inkişafı son illərdə prioritet məsələ kimi qalır: "Bu gün biz bu barədə fikir mübadiləsi apardıq. Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturu həm ölkə daxilində, həm də regional çərçivədə əhəmiyyətlidir. Son illər ərzində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılmış addımlar artıq öz səmərəsini verir. Biz müasir nəqliyyat və logistika infrastrukturu yaratmışıq. Əlbəttə ki, bunun biznes dairələri üçün çox böyük əhəmiyyəti, çox böyük faydası var. Çünki nəqliyyat infrastrukturu olmadan biznesin inkişafından söhbət gedə bilməz".