15 İyul 2019 20:53
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə tərəfi mümkün təzyiqləri əvvəlcədən hesablayıb, bundan sonra bu qərarı verib. Hesab edirəm ki, bu doğru qərardır. Çünki ABŞ və ya NATO-dan olan digər dövlətlər Türkiyənin Rusiyadan “S-400” raketləri almasını istəmirdisə, o zaman Türkiyəyə daha müasir və daha güclü sistemlər satmalı idilər. Bunu etmirlərsə, Türkiyənin də haqqıdır ki, istədiyi ölkədən öz təhlükəsizliyini qorumaq üçün silah alsın. Bu baxımdan, Türkiyənin addımını doğru hesab edirəm”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında REAL partiyasının məclis başqanı Azər Qasımlı deyib.

Partiya rəsmisi hesab edir ki, indiki mərhələdə Türkiyəyə hədə qorxular olacaq, hansısa formada addımlar atıla, silah satışları ilə bağlı sanksiyalar tətbiq edilə bilər:

“Lakin bunların müvəqqəti olacağını düşünürəm, çox vaxt keçmədən bunların hamısı unudulacaq. Amma Türkiyənin öz sözünün üstündə durması önəmli məqamdır. Hesab edirəm ki, bunun irəlidə Türkiyənin ABŞ və Avropa dövlətləri ilə münasibətlərinə müsbət təsiri olacaq.

Türkiyə NATO dövlətidir və bu ölkənin rəhbərliyi də yaxşı başa düşür ki, bu hərbi ittifaqdan ayrılmaq dövlətin milli maraqlarına uyğun deyil. O cümlədən, bunu NATO-dan olan müttəfiqləri də yaxşı anlayırlar və buna görə də Türkiyəni itirmək istəmirlər. İrəlidə hər iki tərəf, xüsusən də Qərb bunu nəzərə alıb ikitərəfli münasibətləri qaydasına salmaq üçün addımlar atacaq”.

Azər Qasımlının sözlərinə görə, bu məsələdə əsas qazanclı tərəf Rusiya yox, Türkiyədir:
“Rusiyanın qazanclı olub-olmaması Qərbin Türkiyəyə qarşı davranışından asılı olacaq. Türkiyəni dışlamaq qərarı versələr, təzyiqləri artırsalar Rusiya tərəfi prosesdən qazanclı çıxacaq. Bu halda həm silah satıb pulunu qazanacaq, həm də NATO-nun ən önəmli müttəfiqini bu ittifaqdan ayrı salmış olacaq. Qərb bunu gözəl anlayır, buna görə də çalışır ki, bu baş verməsin. Düşünürəm ki, Qərb gec-tez Türkiyəni özündən uzaqlaşdırmamaq üçün addımlar atacaq”.

Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər