23 Avqust 2019 11:52
2 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötənlərdə 1990-cı ildə İstanbulda çap olunmuş “Türkistan” adlı jurnalın 9-cu sayını əldə etdim. Üç ayda bir çıxan və Türk dünyasının ictimai-siyasi məsələləri ilə bağlı yazılar dərc edən jurnalın bu sayının qapağında Azərbaycan bayrağı təsviri vardı. Əsasən, Azərbaycana həsr olunan bu özəl sayda müstəqillik ərəfəsində olan ölkəmizlə bağlı yazılarla yanaşı, Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəylə müsahibə də yer alıb.

Həmin müsahibədən Elçibəyin bu gün üçün də önəmli olan bəzi fikirlərini sizlərə təqdim edirik.

***
“İnsan haqlarının ən geniş şəkildə yayıldığı XX əsrin sonlarında artıq imperiyaların dağılması lazımdır. Bu gün Azərbaycanı və daha bir çox məmləkəti əzən, əsasən, Rusiya imperiyasıdır. Leninin həyata keçirdiyi ixtilal bu imperiyanın nizamını, mexanizmini dağıtmayıb. Hətta bunların günümüzədək gəlməsi üçün yeni bir qüvvət yaradıb. Biz artıq bu imperiyanın dağılmasını, hər millətin müstəqilliyinə qovuşmasını istəyirik. İnanırıq ki, imperiya dağılmağa başlayıb, hər kəs demokratik respublikasını quracaqdır”.

***

“Bir də təbliğat məsələsi var. Azərbaycan əleyhinə dünya və Sovet mətbuatında yazılar çıxır. Bunların böyük bir qismini ermənilər təşkil edir. Əleyhimizə olan təbliğat və mətbuata qarşı çıxmalıyıq. Məsələn, 1990-cı illərdə yaşayırıq və 200 min insanı yurdundan didərgin salan ermənilər əleyhinə dünya mətbuatında heç bir yazı çıxmır. Bunun əvəzinə bizə barbar deyirlər, halbuki heç nə etməmişik... Bir erməninin dırnağı qanasa, dünyanın dörd tərəfindən yardım edilir, bizim isə Allahdan başqa köməyimizə gələn yoxdur. Afrika çöllərinə ermənilərə yardım aparan Türk Qızılayı aylardan bəri ac-səfil ortada qalan Azərbaycandakı 220 min qaçqın üçün heç bir yardım düşünmür! Başqası olsa dərd deyil, amma bu, bizi yaralayır”.

***

“Bizim proqramımızda başda Türkiyə olmaqla İran və İraqla münasibətlərin inkişafı nəzərdə tutulub. İlk olaraq İstanbul, Ankara, Təbriz və Ərdəbildə Azərbaycan konsulluqlarının açılmasını düşünürük. Təbii ki, bu ölkələrin də qarşılıqlı olaraq Azərbaycanda konsulluqları açılacaqdır. Daha sonra Şimali və Cənubi Azərbaycanı bir-birinə bağlayan körpülərin açılması və Naxçıvan bölgəmizdən Türkiyə ilə birbaşa yolun çəkilməsini düşünürük”.

***
“Dövlətin inkişafında dinə söykənmək olmaz. Xomeyni İranını görürük. Oradakı vəziyyət İran xalqını sıxır. Dövlət mexanizmi başqa şey, elm başqa şey, din başqa şeydir. Biz tamamilə Atatürkün prinsipləri ilə xalqımızı bir araya gətirmək istəyirik. Bu əsrin əvvəlində Türk ziyalıları dünya türklüyü üçün 3 təməli ortaya qoyublar: Türklük, müasir mədəniyyət, islamlıq. Bu gün və gələcəkdə Türk milləti harada olur-olsun, istər Anadoluda, istər Azərbaycanda, istərsə də Orta Asiyada olsun bu üç təməldən birindən imtina edə bilməz. Bizim üçün ən münasib nümunə Türkiyədir. Biz Almaniyanı, Fransanı, İngiltərəni özümüzə nümunə götürə bilməzdik. Onların xüsusiyyətləri və şərtləri bizə uyğun olmazdı. Biz Türkiyə ilə eyni xalqıq, hər şeyimiz eynidir. Ona görə də dövlət şəklimiz də eyni olacaqdır”.

***
“Bizim məqsədimiz təkcə bəsit sosial mexanizmləri deyil, bütövlükdə cəmiyyətin mahiyyətini, dinamikasını dəyişdirməkdir. Bu 70 ildə insanları insanlıqdan çıxarıblar, sanki yarımvəhşi bir şəklə salıblar. Biz bunların hamısını dəyişdirmək, insanlara insanlıqlarını qaytarmaq istəyirik. Bu məqsədlə ictimai hərəkat başlatmışıq. Biz ictimai hərəkatı siyasi hərəkatdan öndə görürük. Əvvəlcə gərək cəmiyyətin özü düzəlsin, siyasi sistem cəmiyyətin mahiyyətinə uyğun dəyişikliyə özü girəcəkdir”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər