Əfqanıstanın Kabil şəhərində Rumıniya və ABŞ-dan olan iki hərbçi hərbi əməliyyatlar zamanı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun Əfqanıstanda apardığı “Qətiyyətli Dəstək” əməliyyatının komandanlığı xəbər yayıb.
“Bir əsgər Rumıniyadan, digəri ABŞ-dan idi”, – deyə missiyanın saytında bildirilib. Baş verənlərin təfərrüatları açıqlanmır.
Bu gün Kabilin ABŞ səfirliyinin, NATO-nun mənzil-qərargahının və hökumət binalarının yerləşdiyi Şaş Darak bölgəsində partlayış baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partlayıcı maddələrlə dolu bir avtomobil partladılıb. “Tolo News”un məlumatına görə, partlayışın hədəfi respublikanın milli təhlükəsizlik idarəsinin buraxılış məntəqəsi olub. Son məlumatlara görə, səkkiz nəfər ölüb, 30-dan çox adam yaralanıb. “Taliban” partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.