Təəsüflər olsun ki, biz yenə gecikirik. Ermənilər sentyabrın 19-da İsraildə səfirlik açmağa qərar verdilər. Bu İsraildə olan Azərbaycanı ürəkdən sevən qüvvələrə artıq önəmli bir zərbədir.
Teleqraf.com xəbər verir ki, bunu İsraildəki Azərbaycan diasporunun fəal nümayəndəsi, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qut bildirib.
O qeyd edib ki, Azərbaycanın isə İsraildə güclü, savadlı, intellektual iş aparan diasporu yoxdur:
“Bizim bu gün İsraildə yeyib-içmək və Dana Durdana səviyyəsində konsertlər keçirən, Məmməd Əmin Rəsulzadəyə “faşist” deyən diaspor rəhbərlərimiz, Azərbaycanı ürəkdən sevən insanlara açıq-aydın nifrət edən “qrupumuz” var. Bunlar İsraildə bir neçə aydan sonra yaranacaq Ermənistan səfirliyinə hansı qüvvəni göstərə biləcəklər?”
Arye Qut daha sonra deyib:
“Biz özümüzü aldatmağa davam edirik... Reallıqda isə İsraildə güclü, savadlı, intellektual iş aparan diasporumuza çox böyük ehtiyac var. Bizdə burada böyük potensial var, amma bu insanları və potensialı görmək istəyən yoxdur…”