Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının giriş və yekun nitqində ölkə həyatının demək olar ki, bütün sahələrinə toxunuldu. Ölkəmizin beynəlxalq əlaqələri, iqtisadi inkişafımız, kənd təsərrüfatı, aparılan xarici, daxili siyasət barədə danışıldı, müqayisələr aparıldı və məlum oldu ki, cənab prezidentin dediyi kimi, 2019-cu il üzrə Azərbaycan müvafiq beynəlxalq qurumların hesabatlarında ən islahatçı 20 dövlət arasındadır. Həqiqətən 2019-cu il Azərbaycanda çox geniş islahatlar ili kimi tarixə düşdü.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin V çağırış deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov bildirib.
O qeyd edib ki, dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə də bağlı mövcud durumu dəyərləndirdi:
“Dövlət başçısı 2019-cu ilin bu sahədə bir növ itirilmiş il olduğunu bir daha bəyan etdi. Eyni zamanda bunun günahkarlarının Ermənistanın siyasi rəhbərliyi olduğunu açıqladı. Yəni, bu gün Ermənistana rəhbərlik edənlərin siyasi, əxlaqi, insani keyfiyyətlərinin çox aşağı səviyyədə olması, onların faşizm ideologiyası daşıması səbəbindən bu sahədə heç bir irəliləyişin olmadığını göstərdi. Bunların son dövrlərdə başda küçə xuliqanı şəklində hakimiyyətə gəlmiş baş nazirləri olmaq şərtilə il ərzində verdikləri sərsəm bəyanatlar öz xalqlarını aldatmağa xidmət edir. Konkret olaraq cənab prezident Ermənistanla Azərbaycanı bütün sahələrdə müqayisə etdi. Hərbi sahədən başlamış iqtisadiyyatadək, kənd təsərrüfatınadək, demokratik vəziyyətədək, əhali artımınadək, əhalinin sosial durumu, maaşlar, pensiyalar, müavinətlər, təqaüdlər, hətta idman sahələrində olan göstəricilərədək bütün məsələləri rəqəmlərlə, faizlərlə açıqladı. Bu, həm Azərbaycan ictimaiyyəti üçün idi, həm də öz rəhbərləri tərəfindən aldadılmış sadə ermənilər üçün idi. Qoy onlar həqiqəti, həqiqi vəziyyəti bilsinlər. Məsələn, bu rəqəmlərin çoxu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb. Yəni,bunlar Azərbaycanın sözləri, rəqəmləri deyil ki, ermənilər deyələr, Azərbaycan bunu öz yanından deyir”.
E.Məmmədov qeyd edib ki, bütün sahələr üzrə müqayisələr faktlarla açıqlandı:
“Bu, onu göstərdi ki, Azərbaycan bu illər ərzində özünün apardığı çox düzgün daxili və xarici siyasət nəticəsində hansı uğurlara imza atıb, Ermənistan isə harada qalıb. Yəni, belə götürdükdə Azərbaycanla müqayisədə Ermənistan 30 il bundan əvvəlki vəziyyətdən də geridə qalan bir dövlət kimi tanınır. Bu, beynəlxalq qurumların hesabatlarında əksini tapmış həqiqətdir. Bu onu göstərir ki, Azərbaycanın dövlət başçısı, onun apardığı siyasət ölkəmizi uğura, inkişafa doğru aparır. Bu inkişaf və müxtəlif beynəlxalq təşkilatlardan Qarabağ məsələsinin həlli istiqamətində əldə etdiyimiz hüquqi sənədlər nəticəsində Azərbaycan yəqin ki, 2020-ci ildə bu məsələdə bir dönüş edəcək. Hökmən bir nəticə əldə olunacaq. Azərbaycan ərazilərini işğaldan azad etmək istiqamətində nailiyyətlər qazanacaq, nəticələr əldə edəcək”.