84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 24-də ikinci görüşünü Füzuli rayonunun Yağlıvənd kəndində keçirib.
Teleqraf.com xəbər verir ki, görüşdə iştirak edən kənd sakinləri Vüqar Bayramova böyük etimad və ümid bəslədiklərini, ona səs verəcəklərini bildiriblər: “Siz, biz füzulilərin qürurusunuz. Fəaliyyətinizi daim izləyirik, problemlərimizə necə həssaslıqla yanaşdığınızı görürük. İnanırıq ki, millət vəkili seçildikdən sonra da bu mövqeyinizi qoruyaraq daim yanımızda olacaqsınız”.
Göstərdikləri dəstəyə görə həmyerlilərinə təşəkkür edən Vüqar Bayramov onların etimadına layiq olacağını bildirib:
“Millət vəkili sizin səslərinizlə parlamentə seçilir. Ona görə də özündə məsuliyyət hiss etməli, seçicilərinin güvənini itirməməlidir. Mənim fəaliyyət planımın əsasını məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər təşkil edir. Etimadınız mənə xalqımıza daha məhsuldar xidmət etməyə əlavə stimul verəcək”.
Görüşün sonunda görüşdə iştirak edən kənd ağsaqqalları Vüqar Bayramova xeyir-dua veriblər.