MSK-nın iclasında 78 saylı Lerik seçki dairəsindən namizəd Ağayev Hikmət Səttar oğlu və digərlərinin həmin dairədən namizəd İqbal Məmmədovla bağlı şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, məsələ barədə məlumat verən MSK-nın və Ekspert qrupunun üzvü İlkin Şahbazov bildirib ki, bir qrup namizəd icra başçısının müavini Baxşıyev Cəlil Yüzbaşı oğlunun İ.Məmmədovun təbliğatı ilə məşğul olduğunu bildiriblər:
“Araşdırma zamanı icra başçısının müavininin seçki prosesi başlayan andan ödənişsiz məzuniyyətdə olduğu bildirilib. Burada Seçki Məcəlləsinin 69-cu maddənin tələbinin pozulması halı baş verməyib”.
İ.Şahbazov şikayətin təmin olunmamasını təklif edib.
İclasda iştirak edən həmin dairə üzrə deputatlığa namizədlərdən biri - Ramil Hüseynov yerli icra qurumlarının İ.Məmmədovun təbliğat-təşviqatı ilə məşğul olduqlarını, bununla bağlı foto və video-materiallara malik olduqlarını vurğulayıb.
MSK sədri deputatlığa namizədə təklif edib ki, həmin materialların da əksini tapdığı daha bir şikayət hazırlayıb MSK-ya təqdim etsinlər.
Məsələ səsverməyə çıxarılıb və şikayət təmin edilməyib.
MSK-nın iclasında daha sonra 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə 5 namizədin digər namizədlər Zahid Oruc və Fatma Yıldırımla bağlı şikayətinə baxılıb. Məsələ barədə məlumat verən MSK üzvü Tofiq Həsənov 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizəd Fatma Yıldırımla bağlı şikayətin təsdiqini tapdığını bildirib:
“Bununla bağlı təqdim edilən video Mətbuat Qrupu ilə birgə araşdırılıb. Belə ki, Fatma Yıldırımın Bərdə rayonunun Soğanveridlər kəndində yol çəkdirdiyi məlum olub. O, həmin yolun açılışında iştirak edib və bu şikayət videosunda öz əksini tapıb. Beləliklə, bu zaman təşviqatın pozulması halları qeydə alınıb və bu öz təsdiqini tapıb”.
94 saylı Bərdə kənd seçki dairəsi üzrə şikayət edən namizəd Qulu Quliyev Zahid Orucun seçicilərlə görüşünə daha çox adamın gəldiyini bildirb.
93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizəd Fatma Yıldırıma xəbərdarlıq edilməsi qərara alınıb.
Zahid Orucla bağlı şikayət isə təsdiqini tapmadığı üçün təmin edilməyib.