6 Fevral 2020 17:36
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana “Şərəf” ordenini təqdim edib.

Teleqraf.com xəbər verir ki, Mixail Qusmanı salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Mixail Solomonoviç, ilk növbədə, sizi keçmiş yubiley münasibətilə təbrik etmək, sizə ən xoş arzularımı çatdırmaq, cansağlığı, rifah, işinizdə yeni uğurlar arzulamaq istərdim. Təəssüf ki, siz yubileyinizi qeyd edəndə mən Bakıda deyildim, Davosda idim. Amma sizi telefon vasitəsilə təbrik etmək və öz hisslərimi bildirmək, eləcə də sizin Bakıda olduğunuz vaxt təltif edildiyiniz yüksək mükafatı sizə şəxsən təqdim etməyim üçün görüş haqqında razılaşmaq imkanım olub. Mən bilirəm ki, siz ad günlərinizi, xüsusilə yubileylərinizi həmişə vətəniniz Azərbaycanda qeyd edirsiniz. Bu, artıq xoş ənənədir. Bu, bir daha sizin öz Vətəninizə, doğma torpağınıza, doğma şəhərinizə bağlılığınızı göstərir. Biz sizin öz Vətəninizi necə sevdiyinizi və onu bütün dünyada necə təbliğ etdiyinizi bilirik. Sizin məşhur “Formula vlasti” verilişiniz artıq dəfələrlə bütün qitələri dolaşıb və düşünürəm ki, sizin görüşmədiyiniz prezidentlərin sayı görüşdüyünüz prezidentlərin sayından daha azdır. Əlbəttə ki, adətən, prezidentlər qonaqlarla görüşəndə onlara həmin adam haqqında məlumat verilir. “Yazılır: doğulduğu şəhər Bakı, Azərbaycan”.

Bundan başqa, mən bilirəm ki, siz həm Rusiya, həm də beynəlxalq media məkanında bizim ölkəmiz haqqında təəssüratınızı bölüşürsünüz, Azərbaycan reallıqlarını, Azərbaycanda problemlərin necə həll olunduğunu danışırsınız. Sizin fəaliyyətiniz artıq çoxdan Rusiya Federasiyasının çərçivəsindən kənara çıxaraq beynəlxalq xarakter daşıyır. Mən bilirəm ki, siz həm də dünya mediasının əməkdaşlıq prosesinin çox fəal iştirakçısısınız. O cümlədən xatırlayıram ki, sizin təşəbbüsünüzlə Bakıda rus mətbuatının konqresi və digər beynəlxalq tədbirlər keçirilib. Buna görə də məhz öz fəaliyyətinizlə ölkəmiz haqqında dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasına böyük töhfə verdiyinizə görə sizə minnətdarlığımı bildirmək istərdim.

Siz, həmçinin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfə verirsiniz. Bu münasibətlər bu gün uğurla inkişaf edir, artıq ən yüksək səviyyəyə çatıb və yanvarda Bakıda keçirilən yubiley tədbirləri bunu bir daha nümayiş etdirdi. Bakıya Rusiya ictimaiyyətinin böyük nümayəndə heyəti, siyasi, informasiya, mədəni məkanın aparıcı təmsilçiləri gəlmişdilər. Mənə deyilənə görə, bütün qonaqlar buradan çox yaxşı təəssüratla gediblər. Buna görə də sizə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi işinə töhfələr verdiyiniz üçün təşəkkürümü bildirmək istərdim. Əlbəttə, belə gündə həm də sələflərinizi xatırlamaq istərdim. Azərbaycanda sizin ailənizi, valideynlərinizi həmişə sevib və çox yüksək qiymətləndiriblər, onlara böyük hörmətlə yanaşıblar. Bu yaxınlarda siz mənə atanız və ananız haqqında kitab bağışlamışdınız. Mən onu böyük maraqla oxudum. Bu, həqiqətən də nadir kitabdır. Belə ki, olduqca ürəkdən, səmimi və doğru yazılıb. Bu kitabda həm sizin ailənizin, uşaqlığınızın, həm də Azərbaycanın o dövrdəki tarixi əks olunub. Buna görə də kitab təkcə sizi tanıyanlar üçün deyil, həm də bizim şəhərimizin tarixi ilə maraqlanan hər kəs üçün çox maraqlıdır. Əlbəttə, belə ziyalı və möhtərəm ailədə sizin və böyük qardaşınız Yuli Solomonoviç kimi, - onun neçə yaşı olsa da, o, hamımız üçün elə Yulikdir, - uşaqların doğulması təsadüfi deyil. O da elə sizin kimi, kiminlə ünsiyyət saxlayırsa, öz enerjisini onlara ötürür. Siz və Yuli Solomonoviç işinizdə, ictimai fəaliyyətinizdə böyük uğurlar qazanmısınız. Bununla da siz təkcə hamının tanıdığı insanlar deyil, həm də hörmətli insanlarsınız. Düşünürəm ki, yəqin sizə rəğbət bəsləməyən insan tapılmaz. Siz, Mixail Solomonoviç, bütün bunlara öz əməyinizlə, öz fəaliyyətinizlə, davranışınızla və əlbəttə, öz xasiyyətinizlə nail olmusunuz. Bu gün sizinlə belə yarırəsmi şəraitdə görüşmək mənim üçün çox xoşdur. Bizim görüşlərimiz həmişə elə bil mediadan kənarda baş tutur. Amma bu gün - belə bir gündə, əlbəttə, mən sizi təbrik etmək və həmçinin Azərbaycan dövlətinin sizin fəaliyyətinizi çox qiymətləndirdiyini qeyd etmək istərdim. Bu, mənim sizi təltif etdiyim üçüncü mükafatdır. İndiyə qədər “Şöhrət”, sonra “Dostluq” ordenləri olub. İndi isə daha yüksək - “Şərəf” ordeninə layiq görülmüsünüz. İcazə verin, bu yüksək mükafatı təqdim edim.

Prezident İlham Əliyev “Şərəf” ordenini Mixail Qusmana təqdim edib.

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib:

- Hörmətli İlham Heydər oğlu, hörmətli cənab Prezident.

Yüksək mükafata və indicə dediyiniz, mənim qəlbimə bu dərəcədə səmimi və əziz olan sözlərə görə Sizə minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm. Siz mənə çox yüksək qiymət verdiniz. Yəqin 70 yaş artıq elə bir yaşdır ki, qiymət almaq vaxtıdır və mən Sizin verdiyiniz bu qiymətə görə Sizə hədsiz minnətdaram.

Məni layiq gördüyünüz bu orden “Şərəf” adlanır. Yəqin ki, vətəndaş üçün, insan üçün onun şərəfindən daha mühüm heç nə yoxdur. Mən həmişə hesab etmişəm ki, nüfuz, şərəf mənim daim xatırlamalı, riayət etməli və qorumalı olduğum ən başlıca dəyərdir. İndicə barəsində çox səmimi sözlər söylədiyiniz valideynlərim məni məhz belə tərbiyə ediblər. Bu mükafatın məndən ötrü Vətənimə məhəbbətimin rəmzi olduğunu demək mənim üçün çox vacibdir. Mən nəinki heç vaxt gizlətməmişəm, həmişə fəxr etmişəm ki, mən bakılıyam, mən azərbaycanlıyam. Bəlkə də, əlbəttə, etnik cəhətdən deyil, lakin mən məhz azərbaycanlıyam. Bunlar mənim üçün sadəcə, sözlər deyil, hisslərim, düşüncələrimdir. Mən belə yaşamışam, belə yaşayıram və oğlumu da belə tərbiyə etmişəm.

Doğma ölkəm Azərbaycanın bu gün yer üzündə ən qabaqcıl ölkələr sırasında olması mənim üçün çox vacibdir. Bu, hörmətli İlham Heydər oğlu, böyük dərəcədə şəxsən Sizin xidmətinizdir. İnanın ki, bu sözləri bu mükafatı Sizin əllərinizdən aldığıma görə demirəm. Sizin rəhbərliyinizlə ölkə misli görünməmiş sıçrayış edib, o, inamlı və dayanıqlı inkişafdadır. Mən bu 15 ili xatırlayıram. Bəli, Heydər Əliyev - Allah ona rəhmət eləsin, ölkəni dağılmaqdan, viran olmaqdan xilas etdi. Lakin tale ona bu işi davam etdirməsinə imkan vermədi. Bu bayrağı Siz qaldırdınız. Siz xilas olmuş ölkəyə elə imkanlar, elə inkişaf səviyyəsi verdiniz ki, bu gün Azərbaycanda yaşayan və ya yaşamayan, lakin bununla belə Azərbaycanı mənim kimi sevən hər bir insan öz ölkəsi ilə fəxr edir, səmimi fəxr edir, başını uca tutaraq fəxr edir.

Siz bu yaxınlarda burada keçirilmiş tədbirləri xatırladınız. Biz onları “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlandırdıq. Əlbəttə, onlar təsadüfən üst-üstə düşmədi. Burada həqiqətən də Rusiyadan görkəmli insanlar oldular. Onların çoxu buraya ilk dəfə gəlmişdi. Onların bizim şəhərə necə heyranlıqla, necə geniş açılmış maraq dolu gözlərlə, necə səmimiyyətlə baxdıqlarını görmək mənim üçün böyük xoşbəxtlik idi. Lap elə dünən mən onlardan bəziləri ilə görüşdüm. Əlbəttə, Siz də bilirsiniz ki, bizim zəngin mətbəximiz, görkəmli memarlığımız, gözəl mədəniyyətimiz var. Onlar isə daha çox onu deyirdilər ki, Azərbaycanda ən əsas insanlardır. İlham Heydər oğlu, Siz böyük xalqın, dünyaya açıq olan xalqın, xeyirxah bir xalqın, qonaqpərvər bir xalqın, igid və öz liderinə inanan bir xalqın Prezidentisiniz. Mənə elə gəlir ki, xalqınızın belə olması Sizin xoşbəxtliyinizdir. Mən bu sözləri tam səmimiyyətlə söyləyirəm.

İlham Heydər oğlu, Sizin izninizlə və Sizin vasitənizlə Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanıma da səmimi minnətdarlığımı bildirmək istəyirəm. Çünki bilirəm ki, Siz həqiqətən yanvarın 23-də Mehriban xanımla birlikdə mənə zəng etməklə məni yüksək şərəfə layiq gördünüz. Siz bilirsiniz, yəqin ki, bu, yaşımla bağlıdır, mən, sadəcə, kövrəldim. Çünki Siz məşğul idiniz, Sizin işiniz çox idi, Siz mənə təbrik teleqramı göndərdiniz. Sanki formal təbriklər olmuşdu. Lakin Siz Mehriban xanımla birlikdə mənə zəng etməyi lazım bildiniz. Bilirsinizmi, bunlar elə şeylərdir ki, onları heç vaxt unutmursan. Çox sağ olun.

Mən, sadəcə, Sizi əmin etmək istəyirəm ki, “Şərəf” ordeni qalan bütün ömrüm ərzində mənim ən mühüm, çox lazımlı və daimi motivim olacaq. Sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

***

11:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasının TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana “Şərəf” ordenini təqdim edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər