Son bir həftə ərzində gərginləşən Türkiyə-Rusiya münasibətlərinin regionda daha çox ermənilərin işinə yaradığı görünür. Hələ ötən ay Ankaranın Liviyaya məhdud sayda hərbi kontingent göndərəcəyi haqda qərarından sonra Rusiya mediasında Türkiyəyə qarşı tənqidlər başlamışdı. İdlibdə baş verən məlum hadisələrdən sonra isə rus mediasının açıq-aydın Türkiyəyə qarşı kampaniyaya başlayıb, bəzi məqamlarda bu əndazəni aşır və təhqirlə müşayiət olunur. Sözsüz ki, rus mediasında anti-Türkiyə kampaniyası Rusiya hökumətinin razılığı və xeyir-duası ilə aparılır, ancaq həm də sezilir ki, bu prosesdə rol alan bəzi erməni və ya erməni əsilli jurnalistlər mümkün qədər Ankara-Moskva münasibətlərinin zədələnməsində maraqlıdır və bunun üçün əllərindən gələni edirlər. Buna misal kimi NTV kanalında Roman Babayanın proqramını göstərmək yetərlidir. Burada nəinki Türkiyə tənqid edilir, bəzən təhqirlərə rast gəlinir, saxta “genosid” xatırladılır.
Politoloq Rasim Ağayev Teleqraf.com-a “Regionda Ankara-Moskva münasibətlərinin pozulmasında kim maraqlıdır” sualına cavab verib.
Sabiq dövlət müşavirinin fikrincə, həqiqətən indi vəziyyət çox kritikdir:
“Ankara-Moskva münasibətlərinin getdikcə pisləşməsi günlər başlayıb. Bundan ermənilərin istifadə etməsi isə gözlənilən idi. Ruslar hər zaman ermənilərlə əlaqə saxlayıb. Rus tanışlarımla söhbətdən sonra belə nəticəyə gəldim ki, əslində ruslar ermənilərin bu məsələdə apardıqları oyunlardan narazıdırlar. Faktiki olaraq rusların vəziyyəti orada çətinləşib. Ermənilər isə bu məsələdə öz oyununu oynayır. Yəni, onların guya ruslar üçün oyun oynadıqları görüntüsü ola bilər, amma reallıqda onlar özləri, öz maraqları üçün oynayırlar. Bu oyunlar ondan ibarətdir ki, Yaxın Şərqdə, regionda durumu öz xeyirlərinə dəyişsinlər. Odur ki, ermənilər çox çalışacaqlar ki, bu mərhələdə rus-türk münasibətləri pozulma istiqamətində davam və inkişaf etsin. Bu həqiqətdir. Bunu İrəvandakılar daxil, Rusiyada ictimai-siyasi mühitdə olan ermənilər də arzu edirlər. Burada əslində gizli bir şey də yoxdur. Türkiyə-Rusiya münasibətlərinin yüksək səviyyədə olması hər zaman ermənilərin qısqanclığına səbəb olub. İndi bu iki ölkə arasında münasibətlərin pisləşməsi onların arzu etdiyi atmosferdir və mümkün qədər bundan yararlanmağa çalışacaqlar”.
Rasim Ağayev qeyd edib ki, Moskvada fəaliyyət göstərən erməni siyasi ekspertləri hətta indiki məqamda kürd məsələsini qabardır:
“Məsələn, ekspertlər belə iddialar ortaya atırlar ki, gəlin kürdlərə müraciət edəcək, onlar qalxsın və öz sözünü desin. Rus siyasətçilər arasında belə təklifi dəstəkləyənlərə də rast gəlmək olar”.