5 Mart 2020 09:23
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin atdığı bəzi addımları Osmanlının son dönəmlərində etdikləri ilə müqayisə aparsaq görərik ki, eyni mərkəzlərə və oxşar ssenarilərə qarşı mübarizə gedir. Türkiyə cümhuriyyət olsa da, dövlət ənənələri var, dost və düşmənini bilir, müxtəlif mərkəzlərlə əlaqələri var. Hesab edirəm ki, əslində “Böyük Yaxın Şərq” layihəsində gücsüz, iqtisadi, siyasi və hərbi baxımdan asılı bir Türkiyə nəzərdə tutulurdu.

Bu sözləri Teleqraf.com-a “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Cəmiyyət sədri əlavə edib ki, əslində qərbin “Böyük Yaxın Şərq” layihəsinə əsasən Orta Şərqin gələcək taleyində Türkiyə olmamalı idi:

“Türkiyənin var olması həm də türk və müsəlman dünyasının dik durması deməkdir. Bu həqiqəti bilirlər. Ssenarilər də eynidir. Əslində Türkiyə zorla bu müstəviyə sürüklənib və tarixdən dərs alınaraq atılır. Yəni, demokratiya, insan haqları, PKK-ya milli azlıq statusu vermək adı ilə Türkiyə zəif salınmalı idi. İndiki halda Türkiyə PKK ilə dağlarda döyüşlər aparmalı, Şimali İraqdan olan basqılarla üz-üzə durmalı idi. Hesab edirəm ki, Türkiyənin indiki addımları zorən olsa da, ideal və tarixdən dərs alınaraq atılır. Nə yaxşı ki, Türkiyənin siyasi sistemi təcrübəlidir və Türkiyə demokratiyası millətin iradəsini ortaya çıxara bilir. İndiki halda MHP və AKP-nin bir yerdə olmasını diqqətə almaq lazımdır. Türkiyədə millətçilərlə islamçıların bir yerdə olması hər zaman uğurlu olub. Hesab edirəm ki, bu gün Türkiyənin həm PKK, həm də Suriya daxilində uğurlar əldə etməsinin arxasında bu vəhdət durur”.

Zəlimxan Məmmədliyə görə, əslində Türkiyənin Rusiya ilə yaxınlaşmasının arxasında ABŞ və Avropanın Osmanlı dövründə olduğu kimi gizli strateji müttəfiqlik anlaşması içində olması dururdu:

“Buna görə Türkiyəni Avropa Birliyinə almamaq, insan haqlarında ittiham edərək küncə sıxışdırmaq, daxili qovğalar, terror aktlarının yaşanması istənilirdi, amma heç biri keçmədi. Türkiyə super dövlət olmasa da, geopolitik mənzərənin dəyişməsində oyunçulardan birinə çevrilə bildi. Yəni Türkiyə daxili qovğalardan, zəif salınmış bir durumdan çıxaraq dünyanın hesablaşacağı dövlətə çevrilmək yolunda daha da irəliləyir. Rusiya ilə müttəfiqliyin kökünü də Türkiyədə gözəl anlayırdılar. Bilirdilər ki, bu, uzunmüddətli və dayanıqlı ola bilməz. Beləcə, mümkün olanı etdilər və artıq Türkiyənin milli maraqları təhdid edildiyi ərəfədə öz iddiasını ortaya qoydu. Regionda Türkiyəsiz Yaxın Şərqin məsələləri ola bilməz. Türkiyənin indiki ərəfədə atdığı addımları doğru sayıram. Yeni dünya düzənində zəif Türkiyə variantı keçmədi”.


Müəllif: Cavad

Oxşar xəbərlər