“Vladimir Zelenski prezident seçildikdən sonra keçirilən parlament seçkisi nəticəsində yeni Ali Rada və Nazirlər Kabineti formalaşdı. Yeni Nazirlər Kabinetinin formalaşmasında Zelenskidən daha çox Ukraynanın əsas oliqarxı İqor Kolomoyskinin adı çəkilirdi”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, Kolomoyskinin siyahını əvvəldən hazırladığı heç kimdə şübhə doğurmurdu:
“Yenicə istefaya gedən Baş nazir Aleksey Qonçarukun adı bir neçə dəfə müxtəlif qalmaqallarda hallanmışdı. Həmin hadisələrdən sonra bəlli idi ki, ilk növbədə Ukrayna cəmiyyətində onun reytinqinin aşağı salınması üçün məşğul olacaqlar. Onu bir növ “vurmaq” istəyəcəklər. Daha sonra isə o, vəzifəsindən azad olunacaq”.
Zaur Məmmədov qeyd edib ki, hər bir halda Ukrayna üçün Nazirlər Kabinetinin, Baş nazirin, yaxud hansısa yüksək vəzifəli şəxsin dəyişdirilməsi tez-tez baş verir:
“Demək olar ki, Baş nazir, yaxud Nazirlər Kabinetinin üzvü iki ildən çox vəzifədə qalmır. Lakin maraqlı məsələ bundan ibarətdir ki, adı mafiya qruplarının himayədarlığında və bir çox çirkli işlərdə hallandırılan Daxili İşlər naziri Arsen Avakov bundan əvvəlki Petro Poroşenko, indiki Zelenski iqtidarında da təmsil olunmaqdadır. Düzdür, son zamanlar bəzi məlumatlara görə, Avakovun bir neçə aydan sonra vəzifədən gedəcəyi barədə söz-söhbətlər gəzməkdədir. Amma görünən odur ki, Arsen Avakov Ukrayna hakimiyyətinin arxasında olan fiqurlarla danışıqlarla getməyi və onlarla siyasi bazarlıq etməyi yaxşı bacarmaqdadır”.
Politoloq əlavə edib ki, hər halda Ukrayna dövlətçiliyi çox məsul dövrlərini yaşayır:
“Daxili bütövlük və sabitlik Donbas və ümumiyyətlə, şərqi Ukraynadakı problemin həllində olduqca vacib haldır. On illərdir ki, Ukraynada olan hərc-mərclik, sabitsizlik Krım və şərqi Ukraynanın tez bir zamanda itirilməsinə gətirib çıxarmışdı”.
Qeyd edək ki, martın 4-də Ukraynanın 36 yaşlı baş naziri Aleksey Qonçaruk istefa verib. O, bu vəzifədə cəmi 6 ay fəaliyyət göstərib. Bir müddət öncə A.Qonçarukun gizli səs yazısı yayılmışdı. Onun səs yazısında prezidentin iqtisadiyyatdan baş çıxarmadığını söyləməsi Qonçarukun mövqelərini xeyli zəiflətmişdi. Sabiq Baş nazirin Ukraynanın əsas oliqarxı İqor Kolomosyki ilə münasibətləri də gərgin idi.
Ölkənin yeni seçilən Baş naziri Denis Şmıqalın isə 45 yaşı var. O, bu vəzifəyə qədər Baş nazirin müavini idi. Hakim “Xalqın xidmətçisi” partiyası D. Şmıqalın Baş nazir seçilməsinin lehinə çıxış edib. O, Baş nazir seçilmək üçün tələb olunan 226 səs əvəzinə 291 səs alıb. Ukraynanın milliyyətcə erməni olan daxili işlər naziri Arsen Avakov vəzifəsini yenə də qoruyub saxlaya bilib.