Parlament sədarətində müxalifət partiyası üzvünün ilk dəfə təmsilçiliyi, o cümlədən, siyasi partiyalarla dialoq mühitinin yaranması daxili qüvvələrə ciddi reveransdır; Dövlət başçısı xaricdən mədət umanlara ən doğru yolu göstərdi: “Bizim bütün daxili problemlərimiz Azərbaycanda həll olunmalıdır”; İlham Əliyev Azərbaycan üçün çalışmaq, Azərbaycanın mənafeyi naminə işləmək istəyən bütün siyasi qüvvələri ölkə həyatında fəal iştiraka cəlb etmək istəyir...
Prezident İlham Əliyevin Mili Məclisin ilk iclasındakı çıxışı bir neçə aspektdən diqqət cəlb etdi. Bu, çıxış Prezidentin yeni deputatlar qarşısında qoyduğu vəzifə və tələblərlə məhdudlaşmadı, seçkilərdən sonrakı dövrdə Azərbaycanın həm siyasi, həm iqtisadi islahatları, həm ordu quruculuğu istiqamətində “yol xəritəsi”nin konturlarını əhatə etdi. Bu proqram xarakterli çıxışda Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətindən tutmuş ölkənin iqtisadi potensialınadək aydın tezislər var. Bu istiqamətlər “Yeni Müsavat”ın digər yazılarında ətraflı təhlil olunub. Bu yazıda isə Prezidentin əsas siyasi istiqamətlərdə dediyi fikirləri ümumiləşdirməyə çalışdıq.
“Bizim üçün əsas məsələ xalqın mövqeyidir”
Əvvəla, seçki və seçkisonrası dövrdən danışan Prezident əminliklə deyib ki, 9 fevral seçkiləri xalqın iradəsini əks etdirib. 4 dairənin ləğv olunduğunu da yada salan dövlət başçısı əlavə edib ki, “heç bir seçki qüsursuz olmur”. İ.Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Parlamentinin qərəzli mövqelərini yada salaraq Azərbaycan üçün əsas qiymətin xalq tərəfindən verildiyini deyib: “Seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir”.
İlham Əliyevin Azərbaycana münasibətdə qərəzli olan bəzi beynəlxalq təşkilatlarla bağlı qətiyyətli mövqeyi yeni deyil. O cümlədən Azərbaycanda keçirilən hər seçkidən əvvəl və sonra bəzi beynəlxalq güclər “inqilab” ab-havasına köklənirlər. Xarici mətbuatda bu cür təxribatçı yazılar dərc edilir, əcnəbilərin qrant təşkilatlarına bağlı siyasi qurumlar fəallaşır, hətta icazəsiz aksiyalar keçirməyə belə həvəslənir. 9 fevral seçkiləri ərəfəsi də bu cür ab-havaya girmək istəyənlər olsa da, seçki prosesi ümumilikdə normal mühitdə keçdi.
Seçkilərdən dərhal sonra isə MSK qarşısında hansısa qrupların fəallığı nəzərə çarpdı, amma bunlar lokal narazılıq xarakteri daşıyırdı ki, davamlı gərginlik olmadı. Prezident çıxışında da seçkilərlə bağlı ziddiyyət doğuran mövqelərə “Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb” deməklə nöqtə qoymuş oldu.
Daha bir mühüm məqam Azərbaycan prezidentinin beynəlxalq təşkilatlarla bağlı xəbərdarlığı bir daha təzələməsidir. “Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik - əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin” deyə, Prezident bildirib. Bu, Prezidentin beynəlxalq təşkilatlara ilk xəbərdarlığı deyil, yəqin ki, sonuncu da olmaya bilər. Belə görünür ki, Azərbaycanın birinci şəxsinin bu cür qərəzli təzyiqlərə artıq bir növ immuniteti yaranıb. Sitata diqqət yetirək: “Mən bu gün bu kürsüdən açıq, heç kimdən çəkinmədən deyirəm. Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz. Əlbəttə, bax, görərsiniz, bu sözlərdən bir neçə gün sonra yenə çirkin məqalələr çıxacaq, yenə hansısa bir qondarma təşkilat nəsə bəyanat verəcək ki, Azərbaycanda o, pisdir, bu, pisdir. Eybi yoxdur, qoy desinlər. Amma biz bu həqiqətləri deməsək, sabah bu, bizim başımızda sınacaq. Ona görə bunu deməliyik və siz də deməlisiniz. Ona görə mən sizi bu mübarizəyə çağırıram - həm Avropa Şurasında, həm ATƏT Parlament Assambleyasında, həm də bütün başqa təşkilatlarda”.
Anti-Azərbaycan qüvvələrin yeni planı
Dövlət başçısının çıxışında ən diqqət çəkən məqamlardan biri Azərbaycan üzərində yeni məkrli planlarla bağlı dedikləridir. Prezident Azərbaycandakı sabit ictimai-siyasi vəziyyətə təhlükə törədəcək heç bir şərait olmadığını deyərək, əslində sensasion sayıla biləcək bir məlumatı açıqlayıb. Dövlət başçısı anti-Azərbaycan qüvvələrin ölkəmizin xaricində yeni “beşinci kolon” yaratmaq istədiklərini deyib: “Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni ”beşinci kolon"un yaradılması istiqamətində iş aparılır. Çünki indiki “beşinci kolon” öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni “beşinci kolon” axtarışı gedir".
“Prezidentin bu fikirləri ciddi informasiyalara əsaslanır və bəlkə də həmin xarici qüvvələrin kimlərə ”beşinci kolon" kimi stavka edə biləcəkləri barədə də müəyyən versiyalar var"
Aydındır ki, Prezidentin bu fikirləri ciddi informasiyalara əsaslanır və bəlkə də həmin xarici qüvvələrin kimlərə “beşinci kolon” kimi stavka edə biləcəkləri barədə də müəyyən versiyalar var. Dövlət başçısı bütün siyasi qüvvələrə bu məsələ ilə bağlı çox ciddi xəbərdarlıq edərək, “Bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək”, deyib. Bu, çox ciddi xəbərdarlıq olmaqla yanaşı, Azərbaycan üçün bir xain planın hazırlandığına işarədir. İlham Əliyevin bu məlumatı və xəbərdarlığı seçkilərdən bir ay sonra etməsi də təsadüfə az bənzəyir. Bu, həm də o deməkdir ki, Azərbaycanda “rəngli inqilablar” etmək istəyən xarici güclər bəd niyyətlərindən əl çəkməyiblər, əksinə, yeni planlar üzərində işləyirlər.
Prezident bu konteksdə daha nə dedi? Dövlət başçısı xaricdən ümmət umanlara ən doğru yolu göstərdi. Sitat: “Bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək - bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”.
Zənnimizcə, daxili qüvvələrin ölkəmiz naminə əməkdaşlığa bu cür açıq mətnlə çağırış bir ilkdir. Doğrudur, Prezidentin həm kadr, həm struktur islahatları, eləcə də parlament sədarətində müxalifət partiyası üzvünün də ilk dəfə təmsilçiliyi, o cümlədən müxalifətlə dialoq mühitinin yaranması istiqamətində atılmış son mühüm addımlar daxili qüvvələrə də ciddi reveransdır. Amma prezident bunu artıq bir siyasi çağırış kimi bəyan etdi ki, buna mütləq bütün siyasi qüvvələr də qarşılıqlı reaksiya verəcək.
İlkin şərt olmadan siyasi qüvvələrlə danışıqlar
Prezident çıxışının sonrakı bölümündə həm çoxpartiyalı sistem, həm müxalifətlə dialoq mühitinin formalaşması barədə də danışdı ki, burada da çox mühüm mesajlar verildi. Əvvəla, Prezident indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatların da vacibliyini bir daha vurğuladı. Siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan mümkünsüz olduğunu və hakimiyyətin heç bir ilkin şərt olmadan siyasi qüvvələrlə danışıqlara start verdiyini söylədi.
Əlbəttə ki, bu prosesə cəmiyyətin çoxdan gözlədiyi və Prezidentin arzuladığı konstruktiv danışıqlar demək tezdir. Amma dövlət başçısının dedikləri başlanmış təşəbbüsün tezliklə real nəticələri olacağına ümid yaradır. Bu, təkcə özünütəcrid yolunu tutmuş müxalifətə, Prezidentin də dediyi kimi, “marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma”ya hesablanmış kurs deyil. Bu, onsuz da narahat dünyamızda Azərbaycan cəmiyyətini hər cür parçalanmalardan, qarşıdurmalardan sığortalamaq cəhdidir ki, bunu da prezident İlham Əliyev öz siyasəti ilə etməyə çalışır. “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır” deyən dövlət başçısı qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacağını və Azərbaycanda çoxpartiyalı sistemin möhkəm əsaslar üzərində qurulacağını deyib.
Bunun sadə açması isə o deməkdir ki, İlham Əliyev Azərbaycan üçün çalışmaq, Azərbaycanın mənafeyi naminə işləmək istəyən siyasi qüvvələri ölkə həyatında fəal iştiraka cəlb etmək istəyir. Bu, əlbəttə ki, həm də Azərbaycan üçün bütün siyasi qüvvələrin məsuliyyətini artırmaq niyyətindən də doğur. “Qıraqdan durub tənqid etməkdənsə, gəlin Azərbaycan üçün birgə işləyək” çağırışına cəmiyyətin də müsbət reaksiyası yəqin ki, özünü çox gözlətməyəcək.
Prezidentin sualı: “Hansı inqilab kimə xeyir gətirib?”
Prezidentin siyasi qüvvələrə mesajından sonra həm dünyada, həm də regionumuzda baş verənləri yada salması da əhəmiyyətli detaldır. Qərbdən ixrac edilən “rəngli inqilablar” siyahısında vaxtilə Azərbaycanın da adı vardı və bu, heç kimə sirr deyil. “Görün, bizim ətrafımızda hansı proseslər baş verir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar” deyə, Prezident bildirib. Bu, əslində sadəcə həqiqət deyil, həm də gerçəkliyin çox qorxulu şəklidir. İlham Əliyevin “Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir” sözləri doğrudan da mənzərəni tam əks etdirir. Prezident təvazökarlıqla “İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın” deməklə çıxışının bu hissəsini bitirib və deputatlara müraciət edib: “Mən indi müqayisə edə bilmərəm, amma siz edə bilərsiniz. Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidir və əminəm ki, belə də olacaq”.
Dövlət başçısının çıxışında cəmiyyətdə narazılıq yaradan icra başçıları və şikayətlərlə bağlı məsələyə münasibət bildirərkən dedikləri də maraq doğurub. “Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O şikayət məktublarını əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur”. Prezident deyib ki, bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə xalqı hiddətləndirib: “Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın”.
Beləliklə, Prezidentin çıxışında diqqət yetirdiyimiz bu məqamlar Azərbaycanın yeni siyasi hədəflərə doğru irəlilədiyini göstərir. Bundan qazanan isə Azərbaycan olacaq...
“Yeni Müsavat”