13 Mart 2020 18:52
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə Milli Məclisin yeni üzvü, Trend İnformasiya Agentliyi Baş direktorunun müavini Sevil Mikayılova Teleqraf.com-un suallarını cavablandırıb:

- Artıq parlamentin ilk iclasları keçirildi, prosedur qaydalara uyğun olaraq sədarət, komitə sədrləri və müavinləri seçildi. İlk iclaslardan təəssüratınız nədən ibarətdir?

- Hər başlanğıc böyük məsuliyyət deməkdir. Həqiqətən VI çağırış Milli Məclisin ilk iclası möhtəşəm oldu. Cənab Prezident İlham Əliyevin iclasda iştirakı, deputatlar qarşısındakı çıxışı, vurğuladığı aydın məqamlar hər bir millət vəkilinin üzərinə gələcək fəaliyyəti üçün böyük məsuliyyət qoydu. Parlament sədri, vitse-spikerlər, komitə sədrləri və sədr müavinləri seçildi, Hesablayıcı və İntizam Komissiyasının tərkibi təsdiqləndi. Müasir Azərbaycan tarixində həm də əlamətdar hadisə yaşandı, ilk dəfə olaraq Azərbaycan parlamentinə qadın spiker seçildi. Bu, əlbəttə, bir qadın kimi məni sevindirir. Çox minnətdaram ki, hakim Yeni Azərbaycan Partiyası sədr kimi məhz qadın deputatın namizədliyini dəstəklədi və bu yüksək vəzifəyə irəli sürdü. Sahibə xanım təcrübəli kadrdır, uzun müddət beynəlxalq təşkilatlarla işləyib, çox səmərəli, məhsuldar işi olub. Qarşıdakı 5 ildə parlamentə Sahibə xanım Qafarova rəhbərlik edəcək. Bu həm də Azərbaycan cəmiyyətində qadının davamlı olaraq artan rolunun göstəricisidir.

Bu gün dünyaya səs salan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə diqqət çəkmək istərdim. Mehriban xanım nəinki Azərbaycan xalqının sevimlisidir, eyni zamanda bütün dünyada nüfuzlu xanım kimi tanınır, UNESCO və İSESCO-un xoşməramlı səfiridir, dəfələrlə yüksək səviyyəli beynəlxalq orden və medallara layiq görülüb. Apardığı fəaliyyəti ilə örnəkdir.

- V çağırış parlament ölkədə keçirilən islahatlara adekvat olmadığı səbəbindən buraxılmışdı. Necə hesab edirsiniz, yeni tərkibdə parlament müasir dövrün çağırışlarına cavab verəcəkmi?

- Əlbəttə, bunu zaman göstərəcək. Yeni formalaşan VI çağırış parlamentdən ictimaiyyətin, seçicilərin, ölkə rəhbərliyinin böyük gözləntiləri var. Yeni parlament formalaşıb və fəaliyyəti də keyfiyyətcə fərqli olmalıdır.

İlk iclasda cənab Prezidentin tövsiyələrindən biri o oldu ki, insanlarla, seçicilərlə sıx təmasda olmaq, onlarla işləmək lazımdır. Vətəndaşlarımız narazı qalırdı ki, seçdikləri bəzi millət vəkilləri seçkidən sonra onlarla maraqlanmır, dairəyə getmir, onların qayğılarına etinasız yanaşır. Əlbəttə, millət vəkili seçicilərin arasında olmalıdır, bu, onun vəzifə borcudur.

İkincisi, parlament Azərbaycanda aparılan genişmiqyaslı islahatlara adekvat cavab verən, çevik qərarlar qəbul edən qanunverici orqan olmalıdır. Gözləntilərdən biri də budur ki, ölkədə gedən sürətli iqtisadi inkişafı parlament keyfiyyətli qanunverici baza ilə təmin etsin. Bundan əlavə, beynəlxalq təşkilatlarda dövlətimizin layiqincə təmsil edilməsi, Azərbaycan həqiqətlərinin dünyaya yayılması, dünya ictimaiyyətində Azərbaycan haqda obyektiv fikir formalaşmasında millət vəkillərinin üzərinə böyük iş düşür. Bu istiqamətdə parlament indiyədək uğurlu fəaliyyət göstərib, bundan sonra daha da dərinləşdirmək, daha yeni səviyyəyə qaldırmaq, fərqli çalarlar tapmaq qarşıya məqsəd kimi qoyulub. Əsas hədəf isə təbii ki, Azərbaycan vətəndaşının rifahına xidmətdir. Dövlətin məqsədi Azərbaycan vətəndaşının yaxşı yaşaması, təminatlı və təhlükəsiz olması ilə bağlıdır. Yeni parlamentdən də gözləntilər bütün bunları əhatə edir.

- Əvvəlki çağırış parlamentin bir sıra üzvlərinin fəaliyyəti bir qədər passiv idi. Siz özünüz necə deputat olmağı hədəfləyirsiniz?

- Deputatlar ilk növbədə mətbuata açıq olmalı, hansısa məsələlər barədə ictimaiyyətdə fikir formalaşdırmalı, eləcə də cəmiyyəti də hansısa məsələnin çözülməsində öz vətəndaş mövqeyini sərgiləməyə dəvət etməlidirlər.

- Ölkə başçısı parlamentdə çıxışı zamanı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etməli olduğunu söylədi. Bəzən beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartlarla çıxış edirlər. Fəaliyyət spektriniz beynəlxalq fəaliyyətə yaxın olub. Sizcə, iş necə qurulmalıdır?

- Azərbaycanın tanıdılması, Azərbaycan həqiqətlərinin dünyaya catdırılması ücün müxtəlif səviyyələrdə artıq fəaliyyət qurulub, həm ölkə rəhbərliyi, həm də parlament üzvləri tərəfindən effektiv iş aparılır. Misal olaraq, Münhen Təhlükəsizlik Konfransında cənab Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla panel diskussiyasındakı möhtəşəm çıxışını xatırlatmaq istəyirəm. Ölkə başçısının dərin məntiqi, fundamental tarixi biliyi, danılmaz həqiqəti əks etdirən faktları irəliyə sürməsi Paşinyanın tam siyasi məğlubiyyəti ilə nəticələndi. Bu panel müzakirəsi dünyaya nümayiş etdirdi ki, həqiqət kimin tərəfindədir. Gələcək fəaliyyətimizdə məhz bu prinsipərə söykənmək lazımdır. Çünki bu, daha effektivdir, insanlar faktlara inanırlar.

Bir var “mən haqlıyam” deyəsən, bir də var sən arqumentlə, faktla, sənədlərlə, xəritələrlə həqiqəti göstərəsən. Xankəndinin, Şuşa şəhərinin adını necə danmaq olar? Bütün toponimləri özbaşına dəyişdirməklə, yeni xəritə yaratmaqla, Azərbaycanın mədəni irsini silib atmaqla, məscidləri, Azərbaycanın çoxəsrlik tarixi abidələrini sındırmaqla, alban kilsəsini xristian kilsəsi kimi təqdim etməklə tarixi necə yer üzündən silə bilərsən?! Tarixi faktlar ən kəsərli silahdır. Bu faktları dünya ictimaiyyətini yadına salmaq, Azərbaycan həqiqətlərinə inandırmaq lazımdır. Ədaləti təmin etmək üçün bu, ən düzgün yoldur.

Milli maraqlar hər zaman üstün olmalı, dövlətimizə və xalqımıza qarşı yönələn təhdidlərə beynəlxalq platformalarda çox kəskin cavab verilməlidir. Hər zaman təşəbbüskar olmaq lazımdır, gözləmək lazım deyil ki, topu sənə atsınlar, sən də qaytarasan. Təhdidlərə dərhal reaksiya vermək lazımdır, belə ki, ilk informasiya yaddaqalan olur, dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır ki, hansısa sahədə nə isə baş verib, buna qeyri-obyektiv baxış var, amma düzgün olanı budur. Yəni insanları düzgün məlumatlandırmaq lazımdır. İnanıram ki, cənab Prezidentin ölkəmizdə həyata keçirdiyi genişmiqyaslı islahatlara parlament lazımi töhfə verəcək.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər