19 Mart 2020 18:00
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan prezidentinin Novruz bayramı ilə əlaqədar çıxışı pozitiv idi. Prezident bu çıxışında bir daha xalqın rifahı üçün görülən işlərin, islahatların yüksələn xətt üzrə aparılacağını elan etdi”.

Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə xalqına təbriki haqda Teleqraf.com-a danışan politoloq Qabil Hüseynli belə deyib.

Ekspert dövlət başçısının çıxışında bir çox önəmli məsələlərdən, o cümlədən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdən də danışdığını bildirib:

“Prezident İlham Əliyevin Paşinyanla bu debatı tarixə düşdü. Prezidentin bu görüşdə Ermənistan baş nazirini mat vəziyyətinə salması, onun qeyri-dəqiq, barmaqdan sovurma fikirlərini real, tarixi faktlarla alt-üst etməsi onu göstərdi ki, İlham Əliyev təkcə siyasi cəhətdən yox, həm də tarixi bilgilər baxımından böyük intellektual potensiala sahibdir. Azərbaycan prezidenti Paşinyanın adı tarixə məlum olmayan Tiqran adlı biri və digər qondarma erməni iddiaları haqda fikirlərinə inkar edilməsi mümkün olmayan tarixi faktlarla cavab verdi.

Ermənilərin e.ə 64-cü ildə kiçik bir dövlətləri olub, bunu da Bizans imperiyası çökdürüb. Həmin dövrdən 1918-ci ilə qədər ermənilərin tarixdə heç vaxt müstəqil dövlətləri olmayıb. Ermənilər həmişə Yaxın Şərqdə - indiki Suriya, İraq və Livan ərazilərində səpələnmiş halda, icmalar şəklində yaşayıblar. İlham Əliyev görüşdə Nikol Paşinyanın bu kiçik icmaları dövlət kimi təqdim etmək cəhdinin qarşısını aldı, erməni yalanlarını dünya qarşısında ifşa etdi. Əlbəttə, Ermənistan baş nazirinin bu cəhdləri qondarma iddiaları ictimai rəyə sırımaq niyyətindən başqa heç nə deyildi”.

Qabil Hüseynli bildirib ki, dünya birliyi Münhendəki debatda Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda apardığı mübarizədə nə qədər haqlı olduğunu gördü:

“Dünya bir daha gördü ki, bu torpaqlar Azərbaycan xalqının min illərdir yaşadığı, dünya sivilizasiyasına töhfələr verdiyi bir məkandır. Bu torpaqları süni iddialarla Azərbaycandan qopararaq, ermənilərə aid etmək uğursuz cəhdlərdir. Tarixdə olmayan faktlara istinad etmək, vaxtilə bu ərazilərdə mövcud olmuş Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu kimi nüfuzlu tarixi Azərbaycan dövlətlərinin varlığına kölgə salmaq istəyindən başqa heç nə deyil. Bunların hamısı azərbaycanlıların babalarının – Oğuz türklərinin yaratdıqları böyük imperiyalar olub. İndi də dünyada sayları heç 10 milyona çatmayan ermənilərin böyük iddialardan danışması gülüş doğurur. Paşinyan həmin görüşdə dünyanı ermənilərə və özünə güldürdü.

Azərbaycan prezidentinin Paşinyanı mat vəziyyətində qoyan fikirlər səsləndirməsi, tarixə istinad etməsi bir daha dünyaya göstərdi ki, Azərbaycan tərəfi Qarabağ münaqişəsində haqlı olan tərəfdir, bunun ətrafında spekulyasiya yaradılmasına ehtiyac yoxdur. Hesab edirəm ki, bu debat və ümumilikdə prezidentin Münhen Konfransındakı çıxışı Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq rəyə ciddi təsir göstərən amillərdən biridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər