OPEK üzvü olan və OPEK-dən kənar neft ixrac edən ölkələr arasında aprelin 9-da başlayan və bütün gecəni davam edən online videokonfransın nəticəsi kimi “Əməkdaşlıq Bəyannaməsi”nin layihəsi razılaşdırılıb. Amma Meksinin hasilata təklif olunan həcmdə azaltmaq təklifini qəbul etməməsi hələlik “Əməkdaşlıq Bəyannaməsi”nin qəbuluna problem yaradıb.
Teleqraf.com xəbər verir ki, danışıqların növbəti raundu bu axşam keiriləcək. Belə görünür ki, artıq Meksika istisna olmaqla OPEK üzvü və üzvü olmayan ölkələr arasında razılıq əldə edilib. Danışıqların nəticəsinə dair Azərbaycanın Energetika Nazirliyindən verilən açıqlamada bildirilib ki, yeni ”Əməkdaşlıq Bəyannaməsi” gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. “Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, OPEC + ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 milyon barel həcmində azaldacaq. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6 085 milyon barel, qeyri-OPEC ölkələri üçün isə 3 915 milyon barel müəyyən edilib. 2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18 faiz olmaqla 8 milyon barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4 868 milyon, qeyri-OPEC üzrə isə 3 132 milyon barel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq.
Neft danışıqlarını saytımıza şərh edən Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, Azərbaycan tərəfi hasilatı azaltmağa hazır olduğunu deyib.
Onun sözlərinə görə, hazırda neft qiymətləri ilə bağlı olan böhran hamıya toxunur: “Onun üçün düşünürəm ki, ən əsas neft hasilatçıları olan Səudiyyə Ərəbistanı və Rusiya öz aralarında danışıblarsa, digərləri bu sazişə qatılmağa məcbur olacaqlar. Bu neft iqtisadiyyatına müsbət təsir göstərə bilər. Amma razılıq olmasa onsuz da ağır iqtisadi böhran şəraitində neftin qiymətinin kəskin ucuzlaşması neft istehsalçıları olan ölkələrə böyük zərbə olacaq”. Mollazadə əlavə edib ki, OPEK üzvü olan və olmayan ölkələr arasında razılıq əldə edilsə belə neftin qiymətinin yüksək həddə qalxmasını gözləməyə dəyməz: “Ümumiyyətlə iqtisadi tənəzzül mövcuddur, neft alıcıları hazırda ciddi iqtisadi böhranla üzləşir. Odur ki, onların neft sifarişlərində azalma müşahidə ediləcək. Odur ki, yaxın mərhələdə nftin qiymətlərində ciddi sıçrayışın olması gözlənilmir”. Sonda deputat əlavə edib ki, neftin qiyməti yaxın müddət üçün bir bareli 30 dollara qədər qalxa bilər: “Təəssüflər olsun ki, ancaq pessimist proqnozlar vermək olar”.