Azərbaycanda koronavirusla mübarizədə xüsusi karantin rejimi dövründə görülən işlərdən biri də əhalinin məşğulluğunun qorunması və sosial müdafiəsinin təmin olunmasıdır. Əldə etdiyimiz uğurların səbəbi Prezident İlham Əliyevin apardığı siyasətdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, məhz bu tədbirlər nəticəsində büdcə təşkilatlarında çalışan 910 min nəfərdən çox, özəl sektorda çalışan 700 minə yaxın işçinin əməkhaqlarının dövlət vəsaiti hesabına saxlanılması təmin olundu:
“Başqa sözlə, bir nəfər də ixtisar edilmədi. Eyni zamanda, 300 min kiçik sahibkarın öz şəxsi biznesini idarə etməsi üçün dövlət təminatları yaradıldı. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri pensiya, müavinət, təqaüd və sair şəkildə 2,3 milyon vətəndaş alır”.
Milli Məclisin deputatı qedy edib ki, ölkədə xüsusi karantin rejimi dövründə digər sosial tədbirlər də görülür:
“Xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrinin sosial müdafiəsinin təmin olunması məqsədilə ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə olaraq 3 milyon manat ayrılıb. Bununla yanaşı, işsiz statusu olan şəxsə xüsusi karantin müddəti dövründə aylıq 190 manat məbləğində birdəfəlik vəsaitlər ödəniləcək. Artıq bu müavinətlərin xeyli hissəsi insanlara ödənilib. Bununla yanaşı, 50 min ictimai iş yerinin yaradılması hesabına işsiz insanlar 250 manat maaş almaqla öz sosial təminatlarını gücləndirə biləcəklər. Hesab edirəm ki, xüsusi karantin rejimi dövründə sosial müavinətlərin, pensiyaların vaxtında verilməsi və bu ödənişlərin alınması üçün bankomatlardan faizlərin tutulmaması da mühüm amil kimi dəyərləndirilməlidir”.