"Bizim səhiyyə sistemimiz son illərdə böyük inkişaf yolu keçibdir və bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tikilibdir. O cümlədən 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin vaxtilə mənim təşəbbüsümlə tikilmiş Tədris-Terapevtik və Cərrahiyyə klinikalarında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında bir çox xəstələr müalicə alır. O cümlədən bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələr müalicə alır, orada da 500 çarpayı imkanı vardır. Yəni mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilibdir. Mənim göstərişimlə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Hesab edirəm ki, bu xəstəxanalar işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.
"Yəni biz bütün hazırlıq işlərini görürük. Biz indi həkimlərimizin peşəkarlığını əyani şəkildə görürük. Sirr deyil ki, səhiyyə işçilərinin fəaliyyətinə bəzi hallarda tənqidi yanaşmalar da müşahidə olunurdu. Sanki Azərbaycanın səhiyyə sistemi bərbad vəziyyətdədir, Azərbaycanda xəstələrə lazımi müalicə göstərilmir, imkanlı xəstələr xaricə üz tuturlar. Bəli, belə hallar var, təkcə Azərbaycanda yox, bizdən qat-qat zəngin olan ölkələrdən də imkanlı adamlar Avropanın, Amerikanın aparıcı klinikalarında müalicə alırlar. Bu, dünya praktikasıdır. Ancaq bu gün biz yalnız öz imkanlarımıza arxalanırıq.
Bizim səhiyyə sistemimiz ancaq Azərbaycan həkimləri tərəfindən dövlət dəstəyi ilə inkişaf edir. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatların keçirilməsi, koronavirusla bağlı müxtəlif müayinələrin aparılması, 18 laboratoriyamız - bütün bunlar bizim gücümüzü artırır. Yəni, bu gün tam əmin ola bilərik ki, bizim səhiyyə imkanlarımız və həkimlərin peşəkarlığı lazımi səviyyədədir. Göstərdikləri fədakarlığa, qəhrəmanlığa görə həkimlərə bir daha təşəkkürümü bildirirəm. Ona görə mən tam əminəm ki, karantin rejiminin uzadılması nəticəsində biz müsbət dinamikanı gücləndirə bilərik", - dövlət başçısı bildirib