Teleqraf.com-un suallarını Milli Məclisin üzvü Ramil Həsən cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki mövcud durumu və görülən tədbirləri necə qiymətləndirirsiz?
- Cənab Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi altında aparılan qabaqlayıcı tədbirləri yüksək qiymətləndirirəm. Koronavirusla mübarizə istiqamətində yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargah işini uğurla davam etdirir. Məhz bu fəaliyyətin nəticəsidir ki, bir müddət artan xətlə gedən infeksiyaya yoluxmaların sayı bu gün azalmağa doğru gedir. Sağalananların sayı COVID-19-a yoluxanların sayını üstələyib. Bu, Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması, hər bir vətəndaşa diqqət və qayğı göstərilməsi nəticəsində ortaya çıxan önəmli məsələdir. Ötən gün İqtisadiyyat naziri və Əmək və əhalinin sosial müdafiəsi naziri ilə keçirilən videokonfransda Cənab Prezident bir daha vurğuladı ki, görülən bütün tədbirlər hələ tam yetərli olmadığı üçün aprelin 20-dək nəzərdə tutulan karantin rejiminin uzadılmasına ehtiyac var. Qeyd olundu ki, mütəxəssislərin verdiyi rəy karantin rejiminin tam şəkildə aradan qaldırılmasına şərait yaratmayıb. Ona görə də hər birimiz bu qaydalara əməl etməklə qısa müddətdə sosial təcrid prosesinin qismən ortadan qaldırılmasına dəstək vermiş olarıq.
- Təmsil etdiyiniz 91 saylı Ucar seçki dairəsindən olan insanlarla hansı formada təmas qurursuz? Karantin dönəmində əhalinin nə kimi qayğıları var?
- Feysbukda “Ramil Həsən” adlı rəsmi səhifədə bu barədə geniş məlumat verirəm. Səhifəmiz çox aktiv işləyir, hər gün messencer vasitəsilə təxminən 60-70-ə yaxın fikir, şikayət, tələb, təklif, təşəkkür məktubları alıram. Karantin rejiminin tələbləri canlı ünsiyyətimizə mane olsa da, əlaqələrimizi kəsməmişik. Ucar rayonundakı seçicilərimiz, dostlarımızla təması davam etdiririk. Sosial platformalar, eləcə də telefon, votsap vasitəsilə mənə gələn müraciətlər qısa müddətdə cavablandırılır, aidiyyatı orqanlara göndərilir. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Cənab Prezident bildirdi ki, icra strukturları könüllü surətdə imkanlarından istifadə edib aztəminatlı ailələrə kömək etmək istəyən vətəndaşlara şərait yaratmalıdır.
Millət vəkili olaraq Ucar əhalisinə dövlətin həyata keçirdiyi sosial dəstək fəaliyyətinə qatılmaqla bağlı çağırış etmişik. Çağırışımıza səs verən xeyirxah insanların bilavasitə dəstəyi ilə hazırda Yeni Azərbaycan Partiyasının Ucar rayon şöbəsinin təşkilatçılığı, köməkçilərimizin, müvafiq strukturların iştirakı ilə 460-a yaxın ailəyə köməklik göstərilib. Bu proses davam etməkdədir.
Eyni zamanda Cənab Prezident daha bir yeniliyə imza atdı. 200 min aztəminatlı təbəqəyə 190 manat birdəfəlik ödəmə nəzərdə tutulurdu, ötən gün yardımın 600 min əhaliyə şamil olunması barədə tapşırıq verdi. Bu, karantin dönəmində zərər görmüş insanlara dövlətin və ölkə rəhbərinin sosial və humanist yanaşmasının təzahürüdür. Bizim hər birimiz, həm millət vəkilləri, həm adi vətəndaşlar, xüsusən maddi durumu yaxşı olan şəxslər başa düşməlidir ki, ağır gündə bir-birimizə sahib çıxmalı, bu bəladan qurtulmağımız üçün həmrəy olmalıyıq. Ucar rayonunda bütün müraciətlərin müsbət yöndə həllinə nail olmağa çalışıram.
- Altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev öncəki dövrlərdə bir sıra deputatların öz dairələrinə baş çəkmədiyini, seçicilərlə görüşmədiyini, problemləri ilə maraqlanmadığını bildirdi. Ucarın əvvəlki deputatları ilə müqayisədə Sizin fəaliyyətiniz necə seçiləcək? Sizcə, yaxşı mənada fərqlənə biləcəksiz?
- Cənab Prezidentin martın 10-da açılış toplantısında ifadə etdiyi hər bir cümlə Milli Məclisə seçilən deputatlar üçün mükəmməl bir yol xəritəsidir. Ölkə prezidenti hədəfləri açıq-aydın göstərdi ki, xalqla işləmək, səmimi münasibət, əhalinin haqlı tələblərini və problemlərini müvafiq dövlət qurumları qarşısında qaldırmaq və onların həlli üçün qanun çərçivəsində fəaliyyət göstərmək vacibdir. İnsanlarla müvafiq strukturlar arasında sürətli əlaqəni təmin edib qanunvericilik orqanının işinin yüksək şəkildə təşkili mütləqdir. Ölkə başçısı xüsusilə vurğuladı ki, seçicilərlə aktiv ünsiyyət qurulmalı, seçildiyimiz dairələr üzrə bölgələrimizə tez-tez səfər edib problemlərlə yerindəcə tanış olub onların həllinə köməklik göstərilməliyik. Ölkə rəhbərimiz qanunvericiliyin tələblərinə uyğun olaraq qarşımızda bununla bağlı istiqamətlər müəyyənləşdirdi. Cənab Prezidentin bilavasitə rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasından seçilən millət vəkili olduğum üçün onun dedikləri qanundur və biz icra etməliyik. O ki qaldı əvvəlki dövrdə seçilən millət vəkillərinin fəaliyyətinə, mənim hər hansı fikir bildirməyim doğru olmaz. Hər bir deputat, əminəm ki, seçildiyi dairədə öz səlahiyyətləri çərçivəsində uğurlu fəaliyyət göstərib. Dünya yenilənir, texnologiya əsrində yaşayırıq. Gördüyünüz kimi, koronavirus pandemiyası həyatımıza necə yeniliklər gətirdi. Videokonfranslar yolu ilə ünsiyyət qurmağa başlamışıq. Rabitə müasir texnologiyaların imkanları ilə təmin olunur. Biz sadəcə olaraq, bu yenilikləri tətbiq etməklə əhalinin qulluğunda durmalıyıq.
- Diplomatiya sahəsində çalışmısız, fövqəladə və səlahiyyətli səfir olmusunuz. Maraqlıdır, niyə diplomatiyadan ali qanunverici orqana keçid etmək fikrinə düşdüz? Bu, YAP rəhbərliyinin seçimiydi, yoxsa özünüzün?..
- Ümumiyyətlə, 1995-ci ildən YAP-ın sıralarında fəaliyyət göstərirəm və bununla fəxr edirəm. 25 ildir siyasi proseslərin içərisindəyəm. Hər zaman qeyd etdiyimiz açıq və aydın bir fikir var: dövlətimizə və ölkə rəhbərinin həyata keçirdiyi siyasətə uyğun fəaliyyət göstəririk. Ağlımız, qabiliyyətimiz, məntiqimiz və imkanlarımızla ancaq dövlətimizə və millətimizə qulluq edirik. Bu minvalla mənim bir müddət ölkə daxilində, sonra ölkə xaricində fəaliyyət göstərməyim, yenidən ölkənin qanunvericilik orqanında fəaliyyət üçün geri qayıtmağım, bütün bunlar hamısı ölkə rəhbərliyinin vermiş olduğu qərarların nəticəsidir. Ona görə də bunu müzakirə etməyin tərəfdarı deyiləm. Sadəcə olaraq partiya rəhbərliyinin verdiyi təlimatları yerinə yetirmişəm. Bundan sonra da Cənab Prezidentin verəcəyi təlimatları yerinə yetirəcəyəm.
- Milli Məclisin dünənki iclasında viza rejiminin sadələşdirilməsi ilə bağlı çıxışınız, xüsusilə Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvini təklif etməyiniz müzakirələrə səbəb olub. Məgər siz Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv olunduğunu bilmirsiz?
- Azərbaycan prezidentinin qətiyyəti və iki qardaş ölkə arasında olan mükəmməl münasibətlər ona gətirib çıxardı ki, keçən il iki ölkə arasında vizadan azad, sadələşdirilmiş rejimə keçildi. Yəni Türkiyə vətəndaşları Azərbaycana vizasız gəlib-gedə bilərlər. Bununla bağlı hər hansı problem yoxdur. Mənim dünən demək istədiyim o idi ki... Əslində əvvəl 15 gün müraciət müddəti qoyulduğu üçün Azərbaycana səfər etmək istəyən turistlər, başqa insanlar hava limanına gəlib hər hansı problemlə rastlaşmamaq üçün çox zaman səfirliklərə və konsulluqlara üz tuturlar. Azərbaycanın innovativ prosesləri tətbiq etməsi, ASAN xidmətin asan viza verməsi nəticəsində ölkəmizə turist axını çoxaldı. Dünən demək istədiyim məqam onunla bağlı idi ki, miqrasiya qaydalarına düzəlişlə Azərbaycana səfər etmək istəyən şəxslər artıq 3 iş günündə səfirliklər və konsulluqlarımızdan viza alacaqlar. Viza üçün müraciətin müddətinin 15 gündən 3 günə endirilməsi turist axınını daha da sürətləndirəcək. Bu, irəliyə doğru atılan yeni addımdır. Hər birimiz hökumətdən gələn bu təklifi dəstəkləməliyik. Çünki xarici ölkə vətəndaşlarının səfirliklərə müraciət etdiyi zaman artıq 15 gün gözləməsinə ehtiyac qalmayacaq. Bu, mütərəqqi bir addımdır. Bunun Türkiyə ilə əlaqəsi yoxdur. Mən misal olaraq Türkiyənin adını çəkirdim ki, Türkiyə Azərbaycana səfər etmək istəyən minlərlə turistin tranzit yoludur. Bildiyiniz kimi, hər bir vətəndaş tranzit olaraq istifadə etdiyi ölkədə və yaxud yaşadığı dövlətdə diplomatik korpusa müraciət edib vizanın rəsmiləşdirilməsi ilə bağlı müraciət edə bilər. Bu yeniliyi qəbul etməklə Azərbaycan dövləti ASAN xidmətdəki sürətli elektron viza verilməsi xidmətinə ikinci bir dəstək olaraq diplomatik missiyalarda da vizaların elektron formada 3 gün ərzində verilməsinə qərar verdi.
- Pandemiya ilə əlaqədar sosial məsafənin saxlanılması ciddi problemə çevrilib. Bu istiqamətdə insanlara nə tövsiyə edərdiz?
- Dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Karantin dönəmində bu, özünü açıq şəkildə göstərir. Amma vətəndaşlarımızın yanaşma tərzi sürətli şəkildə dəyişməlidir. Çünki verilən qərarların hər birinin icrası mütləqdir. Aprelin 5-dən etibarən gücləndirilmiş karantin rejiminə keçməyimizə vətəndaşlarımızın davranışı səbəb oldu. Karantin rejiminə riayət etməmək, dükan, mağazalarda sosial məsafəni qorumamaq, - dayanacaqlardan keçərkən müşahidə etmişəm,- polisin müdaxiləsinə baxmayaraq, basabas salıb avtobusa minməyə çalışmaq kimi hərəkətlərlə məsuliyyətsiz davranış sərgiləmək olmaz. Bu, qlobal bəladır, varlı və ya kasıb olmasından, sosial mənşəyindən asılı olmayaraq, hər kəs bu qərarlara ciddi riayət eləsə, biz karantin rejimindən daha qısa müddət ərzində çıxa bilərik. Vətəndaşlar yaddan çıxarırlar ki, immuniteti güclü olan insanların çoxu bilmir ki, o xəstəliyin daşıyıcısıdır, yoxsa yox. Hər kəs fikirləşməlidir ki, sosial məsafəni qorumaq görüntü xarakteri daşımır, bu, vacibdir. Səhiyyə sahəsində çalışan mütəxəssislərin açıqladığı rəylər də göstərir ki, infeksiya qarşılıqlı təmas vasitəsilə keçir. 2 metrlik məsafənin saxlanılması zərurətdən tətbiq olunur. Bu, o demək deyil ki, xəstələnmək riskini sıfırlayır, yox, sadəcə, minimuma endirməyə kömək edir. Təəssüf ki, marketlərdə sosial məsafəyə əhəmiyyət verməyən insanlar var. Utanıb-çəkinmədən qanunu pozan vətəndaşı qanuna riayət etməyə çağırmalıyıq. Mən dəfələrlə ailəmiz üçün alış-veriş edərkən, qanunu pozan vətəndaşları sosial məsafəni qorumağa səsləmişəm. Sonra diqqət eləmişəm ki, utanaraq gedib növbəyə dururlar.
- Yeri gəlmişkən, Milli Məclisin plenar iclaslarında da sosial məsafə tətbiq olunur...
- Bəli, millət vəkilləri tək-tək, sosial məsafəni gözləməklə əyləşirlər. Bu, problem bitənə qədər ən doğru variantdır. Bunlar müvəqqəti xarakter daşıyır, çətin günün ömrü az olar. Məsələyə bu cür yanaşmalıyıq.
- Sosial məsafənin qorunması məqsədilə parlamentin iclasında qonaqlar üçün nəzərdə tutulan yerdə əyləşdirildiyinizə görə Milli Məclisin rəhbərliyinə şikayət etdiyinizi eşitdik. Bildirmisiz ki, YAP üzvü olduğunuz halda niyə sizi qabaq cərgədə deyil, qonaqlar üçün nəzərdə tutulan arxa sırada əyləşdiriblər? Bu, doğrudurmu? Sizcə, ön cərgələrdə yaşlı deputatların əyləşdirilməsi daha məqbul deyilmi?
- Bunlar hamısı boş şayiələrdir, belə şey yoxdur.
- CBC telekanalına rus dilində müsahibəniz ətrafında da sosial şəbəkələrdə geniş müzakirə açıldı. Bir çoxları belə fikirlər səsləndirir ki, niyə deputat rus dilini mükəmməl bilmədiyi halda bu dildə müsahibə verib. Bu müzakirələrlə yəqin ki, tanışsız. Buna münasibətiniz necədir? Rus dili biliklərinizi qənaətbəxş sayırsızmı?
- Buna hər hansı şərh vermək istəmirəm. Bu məsələ ilə bağlı bəyanatım var, məncə, artıq yetərlidir.
- Bəyanatınız mediada və sosial şəbəkələrdə yayılıbmı? Çünki bu yöndə müzakirələr fonunda açıqlamanıza rast gəlmədim...
- Artıq rəsmi bəyanat vermişəm. Əlavə şərhə ehtiyac duymuram... Təşəkkür edirəm.
- Ümumiyyətlə, hansı xarici dilləri bilirsiz?
- Bununla bağlı danışmağa ehtiyac yoxdur. Fəaliyyətimlə bağlı axtarış etsəniz, internetdə istənilən qədər məlumat əldə edə bilərsiz. Yutubda kifayət qədər fəaliyyətim, çıxılarımla bağlı görüntülər var. İndi mənim şəxsi məsələlərimin ön planda qabardılmasının heç bir əhəmiyyəti yoxdur. Hər birimiz birləşib birlikdə koronavirus bəlasından qurtulmağa çalışmalıyıq.
- Moldovada uşaq oğurluğunda iştirakınız və bununla bağlı haqqınızda cinayət işi açılması barədə də fikirlər səslənir. Son günlər yayılan bu iddialar nədən qaynaqlanır? Söhbət hansı uşaqdan gedir? Bütün hallarda uşaq oğurluğu ciddi ittihamdır, buna cavabınız maraqlıdır...
- Bir daha qeyd etmək istəyirəm ki, şəxsi məsələlərlə bağlı danışmıram...