23 Aprel 2020 21:04
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, vergi güzəştləri gözlənilirdi. Nazirlər Kabinetinin 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulurdu. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Dünən açıqlanan məlumata görə, təkliflər paketinə daxil olan sənəd layihələri artıq Milli Məclisə təqdim olunub.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

O qeyd edib ki, hələlik, bu sadəcə qanun layihəsidir:

“Biz hələlik qanun layihəsində hansı məqamların əksini tapdığını müzakirə edirik. Pandemiyadan zərər çəkmiş sahələr üçün müəyyən əhatəli güzəştlər nəzərdə tutulub. Burada torpaq və əmlak vergisindən tam məbləğdə azad olma, hüquqi şəxslər üçün onların əldə etdiyi mənfəətə (gəlirə) münasibətdə 75 faiz həcmində vergi güzəşti, maliyyə sanksiyalarının müəyyən müddətə dayandırılması, vergi tətillərinin verilməsi nəzərdə tutulur. Vergi yükünü formalaşdıran əsas vergi növü əlavə dəyər vergisidir. Əlavə dəyər vergisi üzrə pandemiyadan zərər çəkmiş yox, sadəcə zəruri olan tibbi avadanlıqların və tibbi aksesuarların, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi bağlı bəzi ərzaq növlərinin idxalının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur. Daha yaxşı olardı ki, ölkənin pandemiyadan zərər çəkmiş sahələrində əlavə dəyər vergisi üzrə güzəştlər təklif olunsun. Çünki qeyd etdiyim kimi ən böyük vergi yükü məhz bu istiqamətdə formalaşır. Azərbaycanda differensial ƏDV-nin tətbiqi imkanları və mexanizmi də yoxdur. Buna görə də bu günə qədər sahibkarların ƏDV yükündən azad edilməsi, yaxud ƏDV yükünün yüngülləşdirilməsi mexanizmi mövcud deyil. Təəssüf ki, bu məqam qeyd edilən güzəştlərdə də əksini tapmayıb”.

R.Həsənov qeyd edib ki, digər tərəfdən mikro sahibkarlıq subyektləri üçün güzəştlər məhduddur:
“Burada sadələşdirilmiş vergi dərəcəsinin 2 faizdən 1 faizə endirilməsi nəzərdə tutulub. Daha yaxşı olardı ki, 2020-ci ilin sonunadək mikro sahibkarlıq subyektləri sıfır faizlə vergiyə cəlb olunsun. Belə olan halda həm inzibatçılıq pozulmazdı, həm də mikro sahibkarlıq subyektlərinin post-pandemiya dövründə öz fəaliyyətlərini bərpası prosesi daha da sürətlənə bilərdi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər