26 Aprel 2020 08:34
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm Azərbaycan dövləti, həm də cəmiyyətimiz koronavirus pandemiyası ilə bağlı çox ciddi sınaq qarşısında qaldı. Amma günün reallığı ondan ibarətdir ki, dövlətimiz bu sınaqdan üzüağ çıxmaqdadır. Təbii ki, burada dövlət-cəmiyyət həmrəyliyinin həlledici rolu oldu.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, hər şeydən öncə Azərbaycan dövltinin məsələyə çevik reaksiyası, qabaqlayıcı tədbirlər həyata keçirməsi vəziyyəti ümumi şəkildə nəzarət altında saxlamağa imkan verdi:

“Bəllidir ki, bu gün koronavirusa qarşı hər hansı mübarizə vasitəsi tapılmayıb. Bu baxımdan hazırda ən təsirli resurs zamandır. Yəni, bu virusa qarşı bir əlacın tapılması üçün dünyaya zaman lazımdır. Bu gün Azərbaycan dövlətinin atdığı bütün addımlar Azərbaycan cəmiyyətinə bu zamanı qazandırdı. Azərbaycan dövləti tərəfindən həyata keçirilən strategiya özünün bir çox xüsusiyyətləri ilə fərqləndi. Hər şeydən öncə karantin rejiminin sərtləşdirilməsi mərhələli şəkildə həyata keçirildi. Bu da cəmiyyətdə panikadan uzaq olmağa imkan yaratdı. Azərbaycan vətəndaşları hər hansı panik durum hiss etmədilər. Bu da dövlətin çox düşünülmüş, ağıllı strategiyasının nəticəsi idi”.

E.Mirbəşiroğlunun sözlərinə görə, məsələnin digər vacib bir tərəfi də var:

“Bu da ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti dövlətlə həmrəylik nümayiş etdirdi. Təbii ki, ölkə başçısının birbaşa həyata keçirdiyi maarifləndirmənin öz təsiri oldu. Yəni, cənab prezident həmişə qeyd edirdi ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu kritik dövrdə də Azərbaycan cəmiyyətində anti-böhran fəlsəfəsinin mahiyyətini məhz o təşkil etdi ki, dövlət tərəfindən həyata keçirilən bütün addımlar Azərbaycan vətəndaşının həyatının, sağlamlığının qorunması üçündür. Cəmiyyət də dövlətinə inanır, etimad göstərir. Bu baxımdan Azərbaycanda vəziyyət nəzarət altındadır, davamlı olaraq müsbət dinamika hiss olunmaqdadır”.

Milli Məclisin deputatı qeyd edib ki, növbəti strategiya karantin rejiminin yumşaldılmasının mərhələli şəkildə həyata keçirilməsindən ibarətdir:

“Hesab edirəm ki, bu da Azərbaycan dövləti tərəfindən həyata keçirilən strategiyanın unikallığını ifadə edən məqamdır. Çünki bildiyiniz kimi, koronavirus təhlükəsi heç də aradan qalxmayıb. Bu, dünya miqyasında təhdid olaraq qalmaqdadır. Amma Azərbaycan cəmiyyəti bu təhdidlərin qarşısını almaqla yanaşı sabaha da baxır. Çünki iqtisadiyyatın dirçəldilməsi də lazımdır. Bunun bazisi ölkə prezidenti tərəfindən atılan addımlarla artıq formalaşdırılıb. Yəni, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının mərhələli şəkildə bərpa olunması üçün artıq real baza mövcuddur. Bildiyimiz kimi, Azərbaycan dövlətinin ayırdığı maliyyə kiçik və orta sahibkarlığın dirçəldilməsi, obrazlı şəkildə desək, reanimasiyası üçün ilkin əsasları formalaşdırır”.

Post-pandemiya dövründə Azərbaycan cəmiyyətində hansı əhval-ruhiyyənin yaşanacağına gəldikdə isə E.Mirbəşiroğlu deyib ki, hər şeydən öncə vətəndaşlar dövlətin müəyyənləşdirdiyi qaydalara yenə də əməl etməlidirlər:

“Bizim də çağırışımız ondan ibarətdir ki, vətəndaşlar dövlətə olan etimadlarını qoruyub saxlasınlar. Çünki artıq bir daha əmin olduq ki, Azərbaycan dövlətinin atdığı hər bir addım bizim həm tibbi, həm də sosial-iqtisadi rifahımız üçündür. Təbii ki, karantin rejiminin yumşaldılması mərhələlərində də dövlət vətəndaşların davranış qaydalarını müəyyənləşdirəcək. Yəni ki, burada vəziyyət vətəndaşların tam ixtiyarına buraxılmır. Çünki dövlət tənzimlənməsi, koordinasiya olmasa, biz vəziyyəti davamlı olaraq nəzarət altında saxlaya bilmərik. Bir sözlə, biz bundan sonra da dövlətin müəyyənləşdirdiyi davranış qaydalarına əməl etməklə karantin rejimindən tədricən çıxacağıq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər