Aşağı səviyyəli fikirlərə cavab vermək istəməzdim. Bu, birinci dəfə deyil, yəqin sonuncu dəfə də olmayacaq, dalğa-dalğa həmişə olub. Bu tipli ritorika Azərbaycanda siyasi diskursun keyfiyyətini aşağı salır. Təəssüf edirəm. 27 ildir insanları aldadan, özünə ziyalı deyib ən aşağı, “kəntoş” düşüncədə olan savadsız, vicdansız, tərbiyəsiz adamlar var. Ən pisi də odur ki, belələrinə inananlar da var.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli Milli Şuranın üzvü Eldəniz Quliyevin ReAL partiyası və sədri İlqar Məmmədov barədə sosial şəbəkədə yaydığı təhqiramiz ifadələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, siyasi diskursu yüksək səviyyədə aparmaq üçün savad, bilik, bacarıq, siyasətin nə olduğunu anlamaq lazımdır: "O səviyyəyə çıxa bilməyən insanlar da siyasətin səviyyəsini həmişə aşağı salırlar. Bu insanların və onlara inananların “demokratiya” sözünün “D” hərfindən belə xəbərləri yoxdur, onların ayrı düşüncəyə, özəl həyata bir qram dözümlülüyü yoxdur, məhz buna görə də təhlükəli adamlardırlar. Bəzən biz özümüzə əl qatıb inanmış insanları ayıltmağa, düşünməyə dəvət edirik, sevinirəm ki, çox vaxt bu, alınır. Amma bütün çabalara rəğmən, o kəsimə, o “ziya(lı)nvericilərə” inanmaq istəyən, onlara bənzər siyasətçilərin hər axmaq yazılarını, boğazdan yuxarı pafoslu, amma içiboş çıxışlarını bəyənən, paylaşan kəsim varsa, imkan verək, elə onlarla birgə batsınlar, tarixin arxivinə rədd olsunlar. Onların düşük və mənasız fikirlərini nədən ciddiyə alıb reaksiya verək ki?! Bu zaman bu siyasi və ictimai “neandertallar”özlərini tanınmış, vacib adam saymağa başlayırlar. Ona görə də, fikir verməmək lazımdır, onsuz da zatən sönüb gedirlər".