“İki il əvvəl İraqın şimalındakı kürd muxtariyyəti müstəqillik referendumu keçirdi. Dünya bunu qəbul etmədi, amma kürdlər bu referendumu Qərbin dəstəyi və istəyi ilə keçirmək istəmişdi. Suriyada da buna oxşar muxtariyyətin qurulması ilə bağlı fəaliyyətlər davam etdirilir”.
Politoloq Sədrəddin Soltan belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Amerikalı diplomat Henri Kissincer məqaləsində yazır ki, İranın işğalına bir addım qalıb. Sizcə, Yaxın Şərqin bir sıra ölkələri kimi İranın da ABŞ və müttəfiqləri tərəfindən ələ keçirilməsi mümkündürmü, bunun üçün hansı qərarlar qəbul edilə bilər?
- Kissincer Yaxın və Orta Şərqlə bağlı elmi-siyasi xəritəni açıqlayıb. Burada söhbət İranda rejim dəyişikliyindən və bu ölkədə yeni siyasi düzənin qurulmasından gedir. Yaxın Şərqdə yeni dövlətlərin yaranması, demokratik institutların oturuşması, insan haqlarının təmin olunması yeni məsələ deyil. ABŞ və bölgədə maraqları olan digər dövlətlər əlli ilə yaxındır bu istiqamətdə fəaliyyət göstərirlər. Bir neçə il əvvəl bölgənin bir neçə dövlətində baş verən “məxməri inqilab”lar da bu siyasətin nəticəsi idi. İran bölgənin ən iri dövlətidir. İqtisadi cəhətdən güclü dövlətdir, böyük təbii ehtiyatları, insan resursları var. Üstəgəl, İran əhalisi gəncdir, böyük elmi potensialı var, eyni zamanda, bu ölkədə döyüş təcrübəsinə malik insanlar çoxdur. Bu baxımdan İranda baş verəcək siyasi dəyişiklik bölgədəki bir sıra dövlətlərin yenilənməsinə və ya dəyişməsinə gətirib çıxara bilər. Məsələn, Səudiyyə Ərəbistanında krallıq institutunun ləğvi və ya yeni Səudiyyə Ərəbistanının ortaya çıxması, ilk növbədə İrandakı dəyişikliklərdən asılıdır.
İranda demokratik idarəetmə forması ortaya çıxarsa, bu bölgənin inkişafına təkan verə bilər. Amma bu çox çətindir. Bu çətinliyin də başında İrandakı rejim və onu müdafiə edən Silahlı Qüvvələr (SEPAH) dayanır. Buna görə də ABŞ bu qüvvələri, yəni SEPAH-ı terror təşkilatı elan etdi ki, perspektivdə bu qüvvələrə və İran rejiminə tətbiq edəcəyi sanksiyalar daha effektli təsir göstərə bilsin. Başqa sözlə, İranın ələ keçirilməsi, yəni ehtimal olunan demokratik dəyişiklik mövcud rejimin hakimiyyətdən getməsindən asılıdır. İrandakı rejim hakimiyyətdən getməsə, ABŞ-ın bu ölkədəki maraqları təmin olunmayacaq. Deməli, Kissincer və onun kimi düşünən insanlar İranı ələ keçirə bilməyəcəklər.
- Yəni hərbi müdaxilə uğurlu seçim olmaya bilər...
- ABŞ İrana qarmaq atmaq üçün hələlik nə İraq, nə də Suriyanı ələ keçirə bilib. Perspektivdə Suriya və İraqdakı kimi davranılsa, İranda dəyişikliyə nail olmaq mümkün olmayacaq. Söhbət təkcə neft və qaz yataqlarının mənimsənilməsindən getmir. Çünki Suriya və İraqda bu yataqlar mənimsənildikdə, ABŞ və ya Qərb dövlətləri tərəfindən yaradılmış terror təşkilatlarının, yaxud yerli muxtariyyətlərin əlinə keçməsi ilə bölgədə başqa etnoslar və cəmiyyətlərdə ABŞ və Qərbə qarşı nifrət yaranır. Buna görə də İran məsələsinin həlli onun İraq və Suriyanın gününə salınmasından deyil, daha sivili idarəetmə formasına çatmasından asılıdır. Dağıtmaq asandır, Liviya, İraq və Suriya hələ də özünə gəlməyib. Yəni bu kimi hallar belə dağıdıcı proseslərə yol açan dövlətlərə qarşı yerlərdə nifrət yaradır.
Başqa sözlə, Kissincerin “İranın işğalı” ilə bağlı tezisində iki amil var. Ya İran İraq, Liviya, Misir və Suriya kimi ABŞ hərbi qüvvələri vasitəsilə ələ keçiriləcək, ya da dağıdıcı proseslərə yer verməyən sivil qaydalarla aparılacaq siyasi dəyişiklikərlə...
- Yaxın Şərqdə yeni dövlətlərin qurula biləcəyi ehtimalına toxundunuz: bir neçə il əvvələ aid bu plan hələ də qüvvədədirmi və bu hansı ölkələrin əraziləri hesabına həyata keçirilə bilər?
- Bu məsələ gündəlikdən çıxmayıb. İki il əvvəl İraqın şimalındakı kürd muxtariyyəti müstəqillik referendumu keçirdi. Dünya bunu qəbul etmədi, amma kürdlər bu referendumu Qərbin dəstəyi və istəyi ilə keçirmək istəmişdi. Suriyada da buna oxşar muxtariyyətin qurulması ilə bağlı fəaliyyətlər davam etdirilir. Türkiyənin cənub-şərq bölgələrində də eyni ssenarinin həyata keçirilməsi yönündə səylər göstərilir. İranda da həmin oyunun oynanılmasına cəhdlər edilir. Həmin qüvvələr Güney Azərbaycanın qərb bölgələrinin özlərinə aid olduğunu iddia edirlər. Bu istiqamətdə Güney Azərbaycan türklərinə qarşı terror aktları reallaşdırırlar. Güneyli türklər də bu aktlar qarşısında hakimiyyət tərəfindən müdafiə olunmadıqlarına görə öz yurdlarından köç etməyə məcbur olurlar. Boş qalan ərazilərə də terrorçuları dəstəkləyən qüvvələri yerləşdirirlər.
Yəni Türkiyə, İran, Suriya və İraq ərazilərindən yeni bir dövlət qurulmasına cəhdlər olunur. Bu dövlət də, şübhəsiz ki, Qərbin bölgədəki maraqlarını müdafiə edən bir “baryer dövlət” olacaq. Məsələn, orada İsrail, Ermənistan və ya Tacikistan kimi bir dövlət qurmaq istəyirlər. Tacikistan və Ermənistan Rusiyanın, İsrail Amerikanın mənafeyini müdafiə edir. Bura qədər tarixdə heç vaxt Tacikistan adlı bir dövlət olmayıb. Söhbət ondan gedir ki, bu bölgədə həmin dörd dövlətin əraziləri hesabına buna bənzər bir dövlət yaratmaq istəyirlər.
- Daha hansı dövlətlərdə buna cəhdlər ola bilər?
- Bölgənin digər dövləti Səudiyyə Ərəbistanını şiə və sünni dövlətlərinə bölməyə cəhdlər ola bilər. Yəmənin yenidən parçalanması ehtimalı istisna olunmur. Mümkündür ki, Misir perspektivdə parçalansın və ya Liviya ərazilərində iki-üç yeni dövlət yaradılsın. Başqa sözlə, hazırda silahlı qarşıdurmaların getdiyi bu kimi ölkələrdə parçalanmaların olacağı istisna edilmir. Bu istiqamədə kissincerlər, siyasi intitutlar planlar hazırlayıblar, bunu da həyata keçirirlər. Məsələn, Suriya 20 il əvvəlki ölkə deyil. İraq da onun durumundadır. Səddam Hüseynin dövründəki İraqın izi-tozu da qalmayıb. Ortaya yeni Suriya, yeni İraq çıxıb. Perspektivdə İranda da, hansısa formada dəyişikliklər baş verə bilər.
Səudiyyə Ərəbistanında islahatlar aparılır. Bunlar bölgdə baş verən inqilabların təsirindən ortaya çıxmış islahatlardır. Yəni bölgədə yeni dövlətlərin yaranması adlarını sadaladığımız bu dövlətlərin hesabına baş verə bilər.
- Bəs bu böyük geosiyasi oyunlar fonunda Azərbaycan hansı yerdə durur? Düzdür, tez-tez olmasa da, ara-sıra xarici mediada Azərbaycanın parçalanmasına dair xəyali layihələr və ya xəritələr yayımlanır.
- Dünyanı küçələrə bölmək olmaz. Dünyanı küçələrə bölsələr, o idarəolunmaz bir vəziyyətə gəlib çıxa bilər. Bu cür düşünənlər yanlış edirlər. Hadisələr də bunu göstərdi ki, üç-dörd şəhərli kiçik bir dövlətlərin yaradılması dünya üçün təhlükəlidir. Bəlkə o kiçik dövlətlərdən birində atom bombası yaratdılar. Sonra bu kiçik dövlət daha böyüklər üçün təhlükə yarada bilər. Buna görə də, belə kiçik dövlətlər yaratmaqdansa, o böyük dövlətlərdə demokratik idarəetmə formasının qurulması, orada yaşayan etnosların hüquqları və insan haqlarının təmin olunması daha əhəmiyyətli sayılır.
Azərbaycanda yaşayan əhalinin 87 faizi isə türk etnosundan ibarətdir. Yəni Azərbaycanda türklər üstünlük təşkil edir. Ölkədə yaşayan digər etnosların isə milli-mədəni haqlarının təmin olunması ilə bağlı Azərbaycan Konstitusiyasında xüsusi maddə var və bu yöndə də olan dövlət proqramları həyata keçirilir. Onların ölkədə məktəbləri, dərnəkləri, mətbu orqanları fəaliyyət göstərir. İndi hər kəs öz marağından çıxış edən kitab da yaza bilər, məqalə də dərc etdirə bilər. Bəzən istər Amerikada, istər Rusiyada, istərsə də digər ölkələrdə Azərbaycana qarşı bu kimi qərəzli yazılar yayımlanır. Əlbəttə, bunlara Azərbaycan tərəfindən müxtəlif səviyyələrdə münasibət bildirilir, müqavimət göstərilir. Perspektivdə Azərbaycanın kiçilməsi yox, böyüməsi haqda fikirlər var.
Azərbaycan geosiyasi məsələlərdə daha çox Rusiya müstəvisindədir. Yəni İraq, Suriya, İran müstəvisində deyil. Rusiyada hansı dəyişiklik baş versə, bu, Azərbaycana daha çox təsir göstərə bilər. Məsələn, Rusiya zəifləsə, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə addım atmaq mümkün ola bilər. Rusiya zəifləsə, bu, Ermənistana Moskvadan verilən dəstəyə də öz təsirini göstərər, bu isə Qarabağın daha tez işğaldan azad edilməsi demək olar. Yəni Azərbaycan məsələsini Yaxın Şərqdə - Səudiyyə Ərəbistanında, İranda, İraqda və ya Suriyada baş verənlərlə təhlil etmək o qədər də məntiqli deyil.
Düzdür, İranda baş verənlər Azərbaycana təsir edə bilər. Məsələn, İranda inqilab baş versə, Güney Azərbaycan türkləri hansısa formada öz milli haqlarınını təmin etsələr, bu, Azərbaycana təsir edə bilər. Belə bir hal Azərbaycanın geosiyasi vəziyyətini gücləndirəcək. Yəni bu proseslərin Azərbaycanın daxili vəziyyətinə təsir göstərməsi mümkün deyil. Azərbaycan məsələsinə daha çox postsovet məkanında gedən proseslər və ya dəyişikliklər müstəvisindən baxmaq lazımdır. Bu daha məntiqlidir.