15 May 2020 20:39
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını politoloq Qabil Hüseynli cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

Qabil müəllim, əvvəlcə istərdik ABŞ Prezidenti Donald Trampın 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda əksini tapan fikirlərə münasibət bildirəsiniz...

– Əvvəla onu deyim ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubu çox pozitiv xarakter daşıyır, məktubda pozitiv fikirlər səsləndirilib. İlk növbədə diqqəti ona cəlb etmək istəyirəm ki, hələ Respublika Gününə iki həftəyə yaxın vaxtın qaldığı bir zamanda təbrik məktubunun göndərilməsi ABŞ-ın regionun lider dövləti kimi Azərbaycana çox böyük etimad göstərdiyinə dəlalət edir. Eyni zamanda Azərbaycanın bölgədə və ən azı Avropa miqyasında oynadığı strateji rola böyük diqqət yetirir.

Bu sarıdan Donald Tramp ölkəmizi təbrik edən ilk dövlət başçısıdır. Sözsüz ki, bu hal iftixarla qarşılanmalıdır. Onu da deyim ki, Donald Tramp Azərbaycanı dünyanın enerji dəhlizi, enerji qaynağı, qlobal enerji məsələlərindəki rolunu da yüksək qiymətləndirir. Qeyd edir ki, Azərbaycan uzun illərdir Avropanın, bir sıra digər dövlətlərin enerji təchizatında böyük rol oynayıb. Prezident Tramp Azərbaycanın bir enerji mənbəyi kimi bundan sonra da Qərb ölkələrinə əməkdaşlığa daha böyük töhfə verəcəyini qeyd edir.

Zənnimcə, Azərbaycanın dünya iqtisadiyyatındakı, Avropanın enerji təchizatındakı rolundan bu cür danışılması onu göstərir ki, önümüzdəki illərdə, yəni Xəzər dənizində yeni yataqların, xüsusilə yeni qaz yatağı – “Şahdəniz-2“nin istismara başlamasından sonra Azərbaycanın Qərbə göndərdiyi neftin və xüsusilə qazın miqdarı artacaq. Məsələn, Azəbaycan bu gün Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə, xüsusilə İtaliya və Yunanıstana il ərzində 10,2 milyard kubmetr qaz nəql edirsə ilin sonunadək “Şahdəniz-2” yatağı istifadəyə verilsə və TANAP layihəsi tam gücü ilə işə düşsə, bu rəqəm ildə 32 milyard kubmetrə çatacaq ki, bu da Avropanın qaz təchizatında çox önəmli rol oynayacaq. ABŞ bu məsələyə çox böyük diqqət yetirir. Çünki Avropa İttifaqı ABŞ-ın strateji müttəfiqidir.

ABŞ bu ölkələrin inkişafını hər zaman öz inkişafı kimi gördüyündən bu enerji təchizatını çox yüksək qiymətləndirir.

Məktubda bütün dünyanı cənginə alan yeni növ koronavirus infeksiyasına da toxunulur və bildirilir ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. İki ölkənin koronavirus infeksiyasına qarşı birgə mübarizəsinə dair nələri qeyd edə bilərsiniz?

– Trampın məktubunda həqiqətən də bu məsələyə toxunulur. Bu, heç də əsassız deyil. ABŞ Prezidenti yaxşı bilir ki, Azərbaycanda koronavirusa qarşı mübarizə çox yüksək səviyyədə qurulub. Bəşəriyyətə qarşı təhlükə olan bu bəladan Azərbaycan xalqının qorunması istiqamətində Prezident İlham Əliyevin, eləcə də digər dövlət strukturlarının çox fədakarlıqla çalışdığını da bilir.

Bu səbəbdəndir ki, ölkəmizdə koronavirusa qarşı mübarizə təcrübəsi həm MDB məkanındakı ölkələr tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir – hətta bəzi ölkələrdə bu təcrübədən istifadə edilir – həmçinin, Qoşulmama Hərəkatı tərəfindən də bu məsələyə böyük diqqət yetirilir. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü, mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşünün keçirilməsi göstərir ki, Azərbaycan artıq beynəlxalq aləmin, beynəlxalq münasibətlər sisteminin fəal oyunçusudur. Artıq Azərbaycanın siyasəti dünya miqyasında tanınır və etiraf edilir.

Bu işdə ölkə prezidentinin müstəsna rolunu qeyd etməklə yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan artıq dünyanın sayılıb-seçilən ölkəsi kimi özünü təqdim etməyi bacarıb.

Donald Tramp məktubda, həmçinin, qeyd edir ki, Birləşmiş Ştatlar Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirəcək...

– ABŞ münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və mənə belə gəlir ki, Minsk Qrupu həmsədrləri içərisində Azərbaycanın haqlı mövqeyinə ən yaxın mövqe nümayiş etdirən ölkədir.

Çünki Rusiya və Fransa bu məsələdə hərlənib-fırlanıb əl altından həmişə ermənipərəst mövqe tutmağa çalışırlar. Üzdə bir cür, arxada başqa cür hərəkət edirlər. Üstəlik, problemin bu qədər uzanmasında açıq demək lazımdır ki, Rusiyanın dırnaqarası rolu var. Rusiya özünün arxa bağçası hesab etdiyi bu regionda – Cənubi Qafqazda öz hökmranlığını və nüfuz dairəsini qoruyub saxlamaq üçün bu münaqişənin qarşısının alınmasını yox, bu cür dondurulmuş şəkildə qalmasını daha çox arzulayır.

ABŞ əvvəldən bu məsələdə tam ideal, tərəfsiz mövqe nümayiş etdirməsə də, hər halda onun sərgilədiyi mövqedə ermənilərin təcavüz faktı dolayısıyla etiraf edilir. Elə bu səbəbdəndir ki, ABŞ həm NATO-nun zirvə toplantılarında, həm özünün dəfələrlə verdiyi bəyanatlarda münaqişənin həllində ilk olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayondan Ermənistan qoşunlarının dərhal çıxarılmasını və bundan sonra münaqişənin hərtərəfli həllinin vacibliyi fikrini səsləndirən ilk həmsədrdir. Üstəlik, ABŞ dayanıqlı bir sülh sazişinə nail olunmasının tərəfdarıdır.

Onlar yaxşı başa düşürlər ki, bu bölgədə marağı olan böyük dövlətlər var. Bu sıraya Rusiya və İranı da qatmaq olar. Cənub qonşumuz bu məsələlərdə çox mübahisəli və hətta, hiddətləndirici rol oynayır. Onun Araz çayı üzərində inşa olunan hidrokomplekslər zamanı Azərbaycanla imzalanmış müqavilənin şərtlərini pozduğuna dair məsələlər gündəmə çıxmaqdadır. Bütün bunlar onu göstərir ki, bu bölgədə Ermənistanın güclənməsini və onun söz sahibi olmasını istəyən qüvvələr var. Bunlar ilk növbədə Rusiya və İrandır. Bu baxımdan hesab edirım ki, Donald Trampın məktubunda dayanıqlı sülh ifadəsinin işlənməsi təsadüfi deyil. Yəni, elə bir sülh bağlanmalıdır ki, sonradan kənar qüvvələr, qızışdırıcı mövqe tutan qüvvələr qoşulub bunu təftiş etmək xülyasına düşməsinlər.

Əlbəttə, bu məsələdə Amerika da bir qədər çəkingən rol oynayır. Məsələnin həlli yolu birdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal edilmiş ərazilərdən erməni qoşunlaırnın çıxarılmasını birmənalı və qəti surətdə bildirmək lazımdır. Bununla bağlı BMT-nin 4 məlum qətnaməsi də öz sözünü deyir. Yəni, məsələlərdə kompromis axtarmaq bir az məsələni düyünə salan cəhətdir. Ermənistanı təcavüzkar kimi qınaq obyektinə çevirmək əvəzinə Azərbaycana onunla kompromisə getməyi təlqin etmək məncə, məsələnin həllində o qədər də müsbət rol oynamır.

Ancaq istənilən halda Trampın bu məktubunda, ümumiyyətlə indiyədək Amerikanın bu məsələ ilə bağlı nümayiş etdirdiyi fikirlərdə pozitiv məqamlar çoxdur. Elə Trampın prezident olduğu dövrdə ermənilərin hay-küyünə baxmayaraq qondarma erməni soyqırımının tanınmaması və onun qondarma erməni soyqırımı günündə başqa ifadələrdən istifadə etməsi onu göstərir ki, Tramp ümumiyyətlə Türkiyə və Azərbaycana münasibətdə pozitiv yanaşmanın tərəfdarıdır. Bu xətti də həyata keçirir.

Bu günlərdə Azərbaycanın Los Anceledəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkar edilib. Belə ki, 4 may 1945-ci il tarixində ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim edib. Sözügedən məqaABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək ABŞ hökuməti tərəfindən dərc edilib. Bu məsələ ilə də bağlı fikirlərinizi bilmək istərdik...

– Bu, həqiqətən də çox ciddi faktdır. Onsuz da biz əvvəldən bilirdik ki, ermənilər faşizmi bir ideologiya kimi qəbul edirlər. Hətta, bəzi erməni ictimai-siyasi xadimləri bildirirlər ki, onlar faşizm ideologiyasından milli dövlətçilik quruculuğunda istifadə etmək niyətindədirlər.

Çünki faşizmdə nizam-intizam, guya millətin potensial gücünü, passionar enerjisini üzə çıxarmaq qabiliyyəti, güclü ordu qurmaq məsələsi var. Buna görə də onlar faşizm ideologiyasının bu cəhətlərindən yararlanmağı tövsiyə edirlər. Üstəlik, onlar nasist Almaniyasının Sovet İttifaqı ilə müharibə apardığı dövdə də faşizmə müsbət münasibətlərini gizlətməyiblər.

Məsələn, rusların yazdığına görə müharibə dövründə ən çox əsir düşən və ya könüllü olaraq faşistlər tərəfinə keçənlər erməni xalqının nümayəndələri olub. Erməni xalqı bu məsələdə bütün xalqlardan dırnaqarası öndə gedir.

Onlar faşistlər tərəfinə keçərək legioner dəstələr qurub və öz ölkələrinə qarşı döyüşüblər. Azərbaycan xalqının isə Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov kimi igid oğulları yaralanaraq əsir düşsələr də əsirlikdən qaçaraq İtaliya, Sloveniya, Fransa kimi ölkələrdə faşizmə qarşı müqavimət hərəkatı formalaşdırıblar.

Ermənilərin faşistlər tərəfinə keçən "Njde" təxəllüslü Qaregin Ter-Arutyunyan adlı tərifini göylərə qaldırdıqları siyasi xadimi isə Adolf Hitlerlə görüşdükdən sonra nasist Almaniyasının ərazisində Sovet İttifaqına qarşı döyüşmək üçün erməni legionerlərini formalaşdırıb, onlara təlim keçib. Onlar hətta 1943-cü ildə Ukrayna cəbhəsində SSRİ-yə qarşı döyüşlərdə iştirak ediblər. Nikol Paşinyanın babası da həmin döyüşlər zamanı həlak olub. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər faşizmə hər zaman rəğbət bəsləyiblər və onun bir bir çox ideyalarından yararlanmağa çalışıblar. Bu gün Ermənistanda milli ideologiyasının faşist ideologiyası, Hitlerin “Mayn kampf” (“Mənim mübarizəm”) avtobioqrafik kitabı ilə üst-üstə düşən çoxlu məqamlarını axtarıb tapmaq mümkündür.

Məsələn, rusiyalı tarixçi Oleq Kuznetsov bu haqda böyük bir kitab da yazıb. O qeyd edir ki, bu gün Ermənistanda faşizm ideologiyası meydan sulayır. Tarixçi faktları, ayrı-ayrı müddəları analiz edərək belə qənaətə gəlir ki, bügünkü Ermənistan faşizm ideologiyası ilə idarə edilir.

Bir daha qeyd etmək istərdim ki, bu sənədin aşkara çıxarılması çox ciddi faktdır. Əvvəllər belə məlumat var idi ki, ermənilər Holokosta qısqanclıqla yanaşırlar və guya qondarma erməni soyqırımının tanıdılması yolunda ən böyük əngəllərdən biri də Holokostun tanınması məsələsidir. Buna görə də onlar yəhudilərin gerçək soyqırımını heç vaxt qəbul etmir, buna müqavimət göstəriblər. Amma indi Azərbaycanın Loa Anceledəki Baş Konsulluğunun üzər çıxardığı fakt, yəni konqresmen Frank Hookun hələ 1945-ci ildə bu məsələ ilə bağlı Konqresə hesabat təqdim etməsi göstərir ki, ermənilər hələ o zamandan Holokosta münasibətdə inkarçı mövqe tutub, onu tanımaq istəməyib, eyni zamanda faşizmə rəğbət bəsləyiblər.

Onu da deyim ki, hazırda İsrail dövləti və yəhudilər çox yaxşı bilirlər ki, ermənilər Holokostu qəbul etmək istəmirlər.

Yəhudilər özləri açıq şəkildə bildirirlər ki, dünyada bir soyqırımı olub ki, o da Holokostdur. Başqa soyqırımı, yəni ermənilərin iddia etdikləri soyqırımı dırnaqarası faktlar əsasında ərsəyə gətirilib. Ona görə də yəhudilər bu sahədə də ermənilərin uydurmalarına qarşı çıxış edirlər.

Mən istisna etmirəm ki, konqresmenin bu müraciəti İsrail dövlətinə və yəhudilərə daha əvvəldən məlum olub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər