Teleqraf.com Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevlə müsahibəni təqdim edir:
- Avropa İnsan Hüquqları Məhkəməsində Makuçyan və Minasyanın Azərbaycana və Macarıstana qarşı qaldırdığı iddiaya baxılıb. Məhkəmənin qərarını necə qiymətləndirirsiz?
- Əslində bu iddiaları Makuçyan və Minasyanın timsalında Ermənistan hakimiyyətinin iddiaları kimi başa düşməliyik. Ermənistan hakimiyyəti üzləşdiyi saysız-hesabsız problemlərlə məşğul olmaq əvəzinə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur.
Beynəlxalq aləmdə onların riyakarlığı ifşa olunduqca özlərini yeni bir ampluada, bu dəfə “insan haqlarının müdafiəçisi” kimi qələmə vermək istəyiblər. Avropa İnsan Hüquqları Məhkəməsi isə Makuçyan və Minasyanın müraciətinə baxaraq onların iddialarını rədd edib. Belə də gözləmək olardı.
- Ermənilər belə bir iddia qaldırmaqla nəyə nail olmaq istəyirdilər?
- Çox güman ki, məqsəd Avropa Məhkəməsi kimi beynəlxalq bir qurumda ölkəmizin adını mənfi kontekstdə hallandırmaqla Azərbaycanın imicinə xələl gətirmək olub. Bütün beynəlxalq platformalarda öz çıxışları və hətta görüntüləri ilə gülüş doğuran erməni siyasətçiləri bu dəfə özlərini “insan haqlarının müdafiəçisi” və “etnik zəmində nifrətə qarşı mübarizə aparan bir dövlət” kimi göstərmək istəyirdilər. Amma belə bir iddianın məhz ermənilər tərəfindən qaldırılması özü absurddur.
Öz ərazisindən bütün milli azlıqları sıxışdırıb qovmuş, qonşu dövlətin ərazisini işğal edib etnik təmizləməyə məruz qoymuş bir dövlətin vətəndaşları və ya təmsilçiləri fərdi zəmində baş vermiş mübahisə əsasında öldürülmüş bir erməniyə görə 2 dövlətə qarşı iddia qaldırıb. Bu iddia nə qədər absurd olsa da, ermənilərin belə davranışına təəccüb etmirəm, çünki tarix boyu hər addımda erməni hiyləgərliyinin, erməni həyasızlığının şahidi olmuşuq. Bu da həmin sıradan olan növbəti erməni riyakarlığıdır.
- Erməni mətbuatında Avropa Məhkəməsinin qərarını çox ehtiyatla şərh edirlər. Belə çıxır ki, gözlədikləri qərara nail ola bilməyiblər?
- Ermənistan hakimiyyəti bütün fürsətlərdən istifadə edərək, həm öz xalqlarını, həm də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldurlar. Lakin bu dəfə özlərini qalib kimi göstərmək üçün əllərində bir şey yoxdur. Ona görə də bu iddiadan bir şey əldə etmədikləri üçün indi yeni bir təxribat düşünəcəklər.
- Azərbaycanda sosial şəbəkələrdə bu məsələ ətrafında aktivlik müşahidə olunur. Böyük bir kəsim Ramil Səfərova haqq qazandırsa da, bəzi şəxslər onun hərəkətini qınayır...
- Qurgen Markaryanın ölümü fərdi səviyyədə baş vermiş bir cinayət hadisəsidir. Ona görə də belə bir fakta görə iki dövlətə qarşı iddia qaldırmaq, hər hansı bir təzminat tələb etmək məntiqsizdir. Lakin hər bir cinayətin motivləri olur. Ramil Səfərovun da öz motivləri vardı və konkret vəziyyətdə bu motivlər başadüşüləndir. Erməni təcavüzünə məruz qalan yaxınlarını itirmiş, öz torpaqlarını itirmiş bir zabitin – Ramil Səfərovun on minlərlə soydaşını qətlə yetirmiş bir ordunun, yəni erməni ordusunun zabiti tərəfindən aşağılanması onda affekt halı yarada bilərdi və bu vəziyyətdə artıq o, öz hərəkətlərini idarə etmək qabiliyyətindən məhrum ola bilərdi.
Hadisə elə belə də baş verib və buna görə də Ramil Səfərovu qınayanlar haqsızdırlar. Ən azı, onlar insan iztirablarını, bir milyona yaxın qaçqın və məcburi köçkünümüzün yaşadığı acıları göz önünə gətirərək, zabitimizin davranışına düzgün qiymət verməlidirlər. Ramil Səfərovun törətdiyi əməlin səbəbində dayanan motivlər erməni qəddarlığına məruz qalmış xalqı üçün təəssübkeşlik və onun vətənsevərliyi olub. O bu ədalətsizliyi qəbul edə bilməyib. Buna görə onu qınamaq yox, onunla fəxr etmək lazımdır.
- Bəs onu qınayanlara nə demək istərdiniz?
- Onu qınayanlara nə isə deməyin mənasını görmürəm. Çünki düşünürəm ki, əslində onlar Ramil Səfərovun davranışını anlayırlar. Amma onların məqsədi başqadır. Onlar ölkə üçün, xalq üçün hətta özləri üçün də heç bir faydalı iş görə bilməyən, amma bütün günü sosial şəbəkələrdə oturub yüksək materiyalardan danışmaqla özlərinin yarımçıqlıq kompleksinə qarşı vuruşanlardır.
Bir milyon insanın hüquqları, onların yaşadıqları faciələr, ermənilərin son qoyduğu on minlərlə soydaşımızın həyatı bu adamlar üçün sadəcə siyasi alver predmetidir. Amma nə etmək olar. Tarix boyu Ramil Səfərov kimi qəhrəmanlarımız da olub. Eyni zamanda şəxsi mənafeyi naminə öz xalqının, millətinin maraqlarına xəyanət edən “keçəl həmzələr” də olub. Bunlar da bizim müasir “keçəl həmzə”lərimizdir. Mən onlara heç nə demək istəmirəm, sadəcə öz vicdanları qarşısında cavab versinlər.