31 May 2020 18:54
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəssüf ki, müəyyən qüvvələr Gürcüstanla Azərbaycan arasında mövcud olan möhkəm dostluğa kölgə salmaq, onu pozmaq istəyirlər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, son dövrlərdə Gürcüstan cəmiyyətində gürcülərin bir xalq olaraq azərbaycanlılardan üstünlüyü barədə müxtəlif şaiyələr yayan və müxtəlif yarımhəqiqətləri siyasi dövriyyəyə buraxan gürcü əsilli şəxslər peyda olub:

“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bu adamların hərəkətlərini iki xalq arasındakı tarixi dostluğu pozmağa yönəlmiş addımlar kimi qiymətləndirir. Doğrudan da, bu gün Gürcüstan cəmiyyətində millətlərarası münasibətlərə kölgə sala biləcək, gürcülərin irq, milli mahiyyət etibarilə azərbaycanlılardan üstünlüyü barədə sərsəm, heç bir real əsası olmayan, Gürcüstanda mövcud olan multikultural duruma kifayət qədər kölgə salan yazılar yazılmaqda, fikirlər dolaşmaqdadır. Gürcüstan hökuməti özü bu cür hallardan pərişan olub. Bunu yayan dairələr Gürcüstan hakimiyyət orqanları tərəfindən müəyyənləşdirilib. Onların niyyətlərinin çox qorxunc və zərərli ola biləcəyi ehtimalını nəzərə alaraq Gürcüstan DTX bununla əlaqədar bəyanat yayıb”.

Politoloq qeyd edib ki, bunlar təkcə radikal gürcü millətçilərindən ibarət deyil:

“Gürcüstanda müəyyən bir təbəqə var. Bu təbəqə də vaxtilə Gürcüstanda yaşamış ermənilərdir. Həmin ermənilər sonralar assimilyasiya prosesində gürcü ad-soyadını qəbul edərək gürcüləşiblər. Bu gün həmin adamların müxtəlif dövlət vəzifələrində yerləşmələrinə baxmayaraq sanki onların qan yaddaşları oyanaraq özlərinin erməni milli kimliklərini dərk etməyə başlayıblar və bu vəziyyətdə Azərbaycan-Gürcüstan münasibətlərini pozmağı bir hədəf kimi qarşılarına qoyublar. Əlbəttə, bunların arasında gürcü millətçi dairələri də yox deyil. Üstəlik də mən bunun təkcə Gürcüstanın daxilində olan müəyyən pozucu qüvvələrdən ibarət olduğunu söyləmək fikrindən uzağam. Çünki Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və bu münasibətlər sözün həqiqi mənasında “Böyük İpək yolu”, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars kimi irimiqyaslı iqtisadi layihələri reallaşdırmaqda əhəmiyyətli rol oynayıb. Bu irimiqyaslı layihələrə təkcə ermənilərin mənfi baxdığını söyləmək bütün faktları axıradək qiymətləndirməmək demək olardı. Bu məsələyə bəzi qonşu dövlətlərin, xüsusilə şimal qonşumuzun da qısqanclıqla yanaşdığını qeyd etmək məcburiyyətindəyik. Xüsusilə son dövrlərdə Azərbaycan, Gürcüstan və Türkiyənin birgə reallaşdırdıqları TANAP qaz kəməri layihəsi bölgədəki disbalansı daha da dərinləşdirib və Avropa bazarlarına sahiblənmək uğrunda Azərbaycanın mövqelərini xeyli möhkəmləndirib. Bu həm də Gürcüstanın dövlət büdcəsinə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan iqtisadi layihələrdən gələn gəlirləri də xeyli artırıb.

Bu gün Gürcüstan büdcəsinə Azərbaycanın təşəbbüsü ilə reallaşan iqtisadi layihələrdən gələn gəlir ölkə büdcəsinin təxminən 42 faizini təşkil edir. Ona görə də Gürcüstan-Azərbaycan münasibətlərinin getdikcə daha da möhkəmləndiyini, daha səmərəli olduğunu görən qüvvələr bu münasibətlərə zərbə vurmaq üçün müxtəlif təxribatlara və müxtəlif qara qüvvələrin əməllərinə əl atmağa başlayıblar. Beləliklə, bu qüvvələri aşağıdakı kimi ümumiləşdirmək olar. Birincisi, gürcülərin içində radikal gürcü millətçiləri var ki, onlar gürcü millətinin üstünlüyü, ari irqə mənsub olması ilə bağlı sərsəm iddialar yayırlar. İkinci qrup vaxtilə erməni olub sonradan gürcüləşmiş və müəyyən vəzifə tutan insanlar, üçüncü qrup isə Gürcüstan daxilindəki "beşinci kalon"un nümayəndələri, yəni rusiyapərəst qüvvələrdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər