5 İyun 2020 17:20
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, hökumətin şənbə və bazar günləri qapanma haqqında qərarı doğru və yerində atılan addımdır. Pandemiya başlayanda Azərbaycanda müəyyən qadağalar tətbiq edildi, karantin rejimi elan olundu. Əhali də bir müddət bu qadağalara əməl etməyə çalışdı. Nəticədə say etibarı ilə yoluxan və dünyasını dəyişənlər az, sağalanlar isə çox oldu.

Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hökumətin pandemiya ilə bağlı son addımlarını şərh edərkən deyib.

Qulamhüseyn Əlibəyli hesab edir ki, son dövlər karantin rejiminin yumşaldılması əhalidə xəstəliyin ötüb keçdiyi barədə təəssürat yaradıb:

“İnsanlar bir qədər rahatlaşdı. Bu da son nəticədə pandemiyanın yeni dalğasının inkişafına səbəb oldu. Hesab edirəm ki, indi müəyyən qadağaların tətbiqi zəruridir. Hazırda şənbə və bazar günləri küçəyə çıxmaq qadağan olunub, gələcəkdə başqa qadağalar da tətbiq oluna bilər. Bu addım insanlar arasında kontaktları minimuma endirir, yoluxmuş şəxslərin başqalarını yoluxdurmaq riskini azaldır. Bu baxımdan son qadağaları vacib hesab edirəm. Bu, dəstəklənməlidir”.

Partiya sədri daha sonra qeyd edib ki, qoruyucu maskaların taxılmamasına görə cərimə sanksiyası tətbiq edilir:

“Əlbəttə, cərimə sanksiyasının miqdarını müzakirə etmək olar və bununla bağlı fərqli fikirlər də səsləndirilir. Amma qoruyucu maskaların taxılması və qoruyucu vasitələrdən istifadə olunması zəruridir. Biz, bunları başlı-başına buraxmalı deyilik. Əgər bu gün dövlət başçısı insanlar qarşısında çıxış edərkən qoruyucu maskadan istifadə edirsə, niyə vətəndaşlar bundan istifadə etməsin? Əslində Prezident İlham Əliyevin maskadan istifadə etməsi insanlara nümunə olmalıdır. Bir daha o fikrimi vurğulayıram ki, qadağalar zəruridir və insanların qorunmasına xidmət edir”.


Müəllif: Cavad

Oxşar xəbərlər