13 İyun 2020 15:04
12 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın hərbi-siyasi dairələri Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görmək istədiklərini açıq şəkildə bəyan edirlər. Düzdür, Azərbaycan zamanında KTMT-yə üzv olmuşdu, amma Ermənistanın işğalçılıq mövqeyinə görə öz üzvlüyünü saxladı”.

Politoloq Elşən Manafov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- İllərdir dalana dirənmiş Ermənistan-Azərbaycan münaqişəsi nə vaxt yerindən tərpənməyə özündə güc tapacaq? Niyə münaqişənin həllinə mane olurlar?

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar Ermənistan rəhbərliyinin qeyri-konstruktiv davranışları səbəbindən səmərə vermir. Amma bu, təkcə İrəvanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədar deyil, eyni zamanda, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunda təmsil olunan vasitəçi dövlətlərin diplomatlarının optimal və ciddi mövqe sərgiləməməsindən də irəli gəlir. Habelə, Minsk qrupunun məsələyə ikili standartlardan yanaşması və xristian həmrəyliyi də burada önəmli rol oynayır. Erməni lobbisi və diaspor təşkilatlarının Avropadakı məlum siyasi institutlar və ABŞ Konqresi ilə apardığı danışıqlar, Rusiya ilə əlaqələri münaqişə ilə bağlı mövcud status-kvonun dəyişməsinə ciddi əngəllər törədir.

Əlbəttə, münaqişənin hərbi yolla həll variantı da var və mümkündür, Azərbaycan tərəfi dəfələrlə bəyan edib. 2016-cı ilin aprel ayında baş verən döyüşlər göstərdi ki, münaqişəni hərbi yolla qısa vaxtda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək mümkündür. Lakin beynəlxalq birlik və münaqişənin həlli missiyasını öz üzərinə götürmüş Minsk qrupunun həmsədr dövlətlərinin, xüsusilə, Rusiyanın sərgilədiyi mövqe hərbi əməliyyatlarla bağlı məsələləri bir qədər arxaya atır. İndi də danışıqlar gedir. Sonuncu dəfə Azərbaycan və Ermənistan rəhbərlərinin Münhen Təhlükəsizlik Konfransında görüşü olmuşdu. Həmin görüşdə Ermənistan Baş naziri Paşinyan rəsmi İrəvanın münaqişəyə baxış bucağını ortaya qoydu. O zaman 6 məlum prinsip irəli sürülmüşdü. Azərbaycan tərəfi dövlət başçısının timsalında həmin prinsiplərdən yalnız birinin qəbul edilə biləcəyini bəyan etmişdi. Bu da Azərbaycanın münaqişənin dinc yolla həllinə hazır olması ilə bağlı bir bəyanat idi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə təxminən bir ay əvvəl bəyan etdi ki, münaqişənin mərhələli həll variantı hələ də masa üzərindədir və danışıqlar gedir. Azərbaycanın bu məsələyə münasibəti ortadadır. Amma Ermənistanın Xarici İşlər naziri açıqlama verdi ki, heç bir mərhələli həll variantından söhbət gedə bilməz və Ermənistan tərəfinin mövqeyi bəllidir: Dağlıq Qarabağın “müstəqilliyi” Azərbaycan tərəfindən tanınmalıdır və ya Ermənistan tərəfi bölgənin “müstəqilliyini” tanıya bilər. Amma Ermənistanın belə bir addım atacağı az inandırıcıdır. Çünki bu halda beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanıyacağı birmənalıdır. Buna görə də, indiyə qədər aparılan danışıqlar bir nəticə verməyib.

Paşinyanın Qarabağla bağlı ötən il səsləndirdiyi bəyanatlar onu göstərdi ki, danışıqlar dalana dirənib. Mayın 21-də Qarabağda keçirilmiş qondarma seçkilərdən sonra “yeni prezident”in “andiçmə mərasimi”nin məhz Şuşada keçirilməsi, habelə, Ermənistanın təhlükəsizlik orqanlarının toplantılarının Qarabağda keçirilməsi Azərbaycan xalqına qarşı hədyanalıq kimi qəbul olundu. Hər halda Ermənistan tərəfininin bu davranışlarında təxribat var. Bu təxribat da, Azərbaycanı hərbi əməliyyatlara sürükləmək və bununla da beynəlxalq ictimaiyyətə mesaj vermək ki, “Azərbaycan münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, qarşıdurmanın başlamasında Azərbaycan tərəfi daha böyük məsuliyyət daşıyır”. Bu, Ermənistan tərəfinin mövqeyidir.

- Biz kimlə işləməliyik? Məsələn, digər həmsədrlərlə müqayisədə daha loyal görünən ABŞ-la işləmək, Rusiyanın dəyişməz görünən mövqeyində tərpəniş yarada bilərmi?

- Etiraf etmək lazımdır ki, bu münaqişə Rusiyanın Ermənistanın o zamankı rəhbərliyinə maliyyə və hərbi dəstəyi sayəsində başlamışdı. Məhz bu məsələdə Rusiyanın Ermənistanın siyasi elitasına havadarlığı ilə Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Amma onu da etiraf etmək lazımdır ki, Putin Rusiyasının Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyət və bu yöndə verdiyi mesajları göstərir ki, Kreml Azərbaycanla ikitərəfli əlaqələrin inkişafı və genişlənməsində hədsiz dərəcədə maraqlıdır. Kreml çox istəyir ki, Azərbaycan Avrasiya İqtisadi Birliyində təmsil olunsun. Çünki Azərbaycan geosiyasi mövqeyi, enerji resursları və zəngin təbii sərvətləri ilə Kremlin diqqət mərkəzindədir. Bu baxımdan, Azərbaycanın bu birliyə üzv olması Kremlin maraqlarına cavab verir.

Digər yandan, Rusiyanın hərbi-siyasi dairələri Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görmək istədiklərini açıq şəkildə bəyan edirlər. Düzdür, Azərbaycan zamanında KTMT-yə üzv olmuşdu, amma Ermənistanın işğalçılıq mövqeyinə görə öz üzvlüyünü saxladı. İndiki halda isə bu ittifaqa üzv olmaq Azərbaycana yaxşı heç nə vəd etmir. Azərbaycan dövlət başçısı da bəyan etdi ki, biz, Qoşulmama Hərəkatının üzvüyük. Bildiyiniz ki, bu hərəkata üzv olan dövlətlərin ən yüksək sammiti ötən il Bakıda keçirilib. Bununla bağlı Azərbaycan dövlətinin öz üzərinə götürdüyü öhdəliklər var. Bu mənada, Azərbaycan həm Qərbə, həm də Rusiyaya mesaj verir ki, indiki geosiyasi reallıqlar şəraitində nə Qərbin təhlükəsizlik sisteminə - NATO-ya inteqrasiya ilə bağlı prosesləri sürətləndirmək fikrindədir, nə də KTMT-yə yanaşmanı Rusiyanın istədiyi müstəviyə gətirmək niyyətindədir, əksinə, Azərbaycan Rusiyanın bu fikrindən bir qədər uzaqdır. Bu nöqteyi-nəzərdən, Azərbaycanda bəzi siyasilər, o cümlədən, parlamentarilər münaqişənin qısa zaman kəsiyində və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün məhz Rusiya ilə danışıqların aparılmasının daha məqsədə müvafiq olduğunu bəyan edirlər. Habelə, Rusiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməyi və problemin Azərbaycanın xeyrinə həllini tapması üçün Kremllə danışıqlar getməyi və Kremlin istədiyi bəzi güzəştlərin edilməsinin daha məqsədəuyğun olduğunu söyləyirlər.

Güman edirəm ki, bu fikirlərdə müəyyən həqiqətlər ola bilər. Etiraf etmək lazımdır ki, münaqişəyə ciddi təsir imkanlarına məhz Rusiya malikdir. Amma təəssüflər olsun ki, Avropa İttifaqı, ABŞ və digər Qərb dövlətləri Gürcüstan və Ukraynadakı münaqişələrlə bağlı Rusiyaya ciddi təzyiqlər etsələr də, Azərbaycanla bağlı məsələdə ikili standartlardan kənara çıxmırlar. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirirlər, digər tərəfdən münaqişənin xalqların öz müqəddəratını təyin etmək prinsipləri əsasında həllinin vacib olduğunu deyirlər. Bu prinsiplər isə Ermənistanın xeyrinədir. Bu şəraitdə də, Azərbaycan prezidenti tərəfindən balanslaşdırılmış siyasətin həyata keçirilməsi məqsədəuyğundur. Hələ ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlərlə birlikdə münaqişənin həlli yönündə səyləri artırmaqdan başqa yol görünmür.

- Amma hesab etmək olar ki, məsələnin həllinə təkcə Kremlin şərtləri və ya istədiyi güzəştlər kontekstindən baxmayaq. Məsələn, buna son illərdə tez-tez SSRİ-nin bərpasından danışan Putinin daha böyük maraqları çərçivəsindən baxmaq məntiqli olardımı?

- Söhbət SSRİ-nin bərpasından gedirdisə, o zaman, Putinin konstitusiya dəyişikliyi ilə bağlı planını Rusiya kommunistləri dəstəkləməli idi. Rusiya Kommunist Partiyasının lideri Zyüqanov konstitusiyaya ediləcək bir sıra dəyişikliklərin əleyhinə çıxdı. Söhbət, keçmiş SSRİ, bir az da irəli getsək, Çar Rusiyasının məlum sərhədlərinin bərpasından, yəni Rusiyanın əsarətindən qurtulmuş müstəqil dövlətlərin yenidən onun orbitinə qaytarıla biləcəyindən gedə bilər. Bu məsələdə MDB-yə daxil olan dövlətlərin mövqeləri kifayət qədər bəllidir. Hətta, Rusiyaya ən yaxın dövlət olan Belarus belə, öz suveren hüquqlarından imtina etmək istəmir. Əslində Putinin Avrasiya İqtisadi Birliyi layihəsi, Rusiyanın patronajlığı altında Avropa Birliyinə oxşar bir ittifaqın qurulmasını nəzərdə tutur.

Hesab edirəm ki, bu birlikdə iştirak MDB məkanındakı dövlətlərə iqtisadi, sosial amillər baxımından, böyük dividentlər qazandıra bilər. Əgər bu birlik, Avropa Birliyi formatında olacaqsa, Azərbaycanın buradakı iştirakı sonrakı inkişafına təkan verə bilər. Amma o halda ki, Rusiya Azərbaycan qarşısında hüquqi zəmində əksini tapmış öhdəliklər götürür və bu öhdəliklərin də ən başlıcası, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistana ciddi təzyiqlər, işğal altındakı ərazilərdən qoşunların çıxarılması, məcburi köçkünlərin həmin ərazilərə qaytarılması ilə bağlı olacaq. Bunlardan sonra da Dağlıq Qarabağın statusunun Azərbaycan və Ermənistanın ümumi razılığı əsasında müəyyən edilməsi...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər