17 İyun 2020 17:15
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi, o cümlədən, bir neçə dövlətin, nüfuzlu şirkətin rəhbər şəxsləri ilə onlayn videokonfranslar formatında görüşlərin keçirilməsi Azərbaycanın bu yöndəki əzmindən, əməkdaşlıq, tərəfdaşlıq niyyətlərindən xəbər verir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Onun sözləeinə görə, dünən bu yöndə daha bir görüş reallaşdırılıb, “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib: "Dünyanın ən önəmli şirkətlərindən olan “Microsoft” şirkəti ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi hər iki tərəf üçün böyük perspektivlər vəd edir. Azərbaycan daim yeniliklərə, yeni texnologiyaların tətbiqinə, onun yayılmasına, inkişafına açıq olan bir ölkədir. Bu niyyət videokonfransda da bir daha dilə gətirildi".

Eldəniz Səlimov qeyd edib ki, ölkə başçısının vurğuladığı kimi Azərbaycan rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyir: "Diqqətə çatdırıldı ki, ümidvarıq bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlərin də bizim gündəliyimizdə olduğu qeyd edildi. Cənab prezident Azərbaycanın artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrildiyini vurğuladı və bəyan etdi ki, bizim əsas strategiyamız karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq, innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır”.

Millət vəkili bildirib ki, bu görüşdə verilən önəmli mesajlar bir daha Azərbaycanın modernləşməkdə, yeniliklərin tətbiqi və yayılmasında, səmimi tərəfdaşlıqda nə qədər israrlı və əzmli olduğunu hər kəsə göstərdi: “Çünki inkişaf, tərəqqi yeniliklər, modern texnologiyalar tətbiq edilmədən və səmimiyyət üzərində qurulan əməkdaşlıq olmadan mümkün deyil. Dövlət başçısının iradəsi, qətiyyəti, yeniliklərə açıq və səmimi tərəfdaş olması sayəsində Azərbaycan məhz bütün bunlara nail olur, irəliləyişlərə imza atır. Həssas dönəmdə bu cür görüşün keçirilməsi, önəmli qərarların alınması, razılıqlara gəlinməsi Azərbaycanımızın bundan sonrakı inkişafına, tərəqqisinə, yeniləşməsinə mütləq şəkildə öz töhfələrini verəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər