Dünyada koronavirusla mübarizədə müəyyən boşluqlar mövcuddur. Bir sıra dövlətlər bu ağrılı məsələyə münasibətdə birlik, həmrəylik nümayiş etdirmir, məsuliyyətsizlik göstərirlər. Bütün bunların fonunda Prezident İlham Əliyevin koronavirusla mübarizədə birliyin, həmrəyliyin, məsuliyyətin təmin edilməsi sahəsində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusla mübarizədə ardıcıl və sistemli mübarizə proqramı həyata keçirir.
"Ölkəmiz COVID-19-la mübarizədə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın mövqeyi bu cür məsəllərdə danılmazdır. Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda keçirilən Zirvə görüşü dediklərimizi bir daha təsdiqləyir. Həmin toplantıda dövlətimizin başçısı üzv dövlətlərə səslənərək BMT-nin xüsusi sessiyasının keçirilməsini təklif etdi. Nizamnaməyə uyğun olaraq təşəbbüsün 97 ölkə tərəfindən dəstəklənməsi kifayət etsə də, Azərbaycan Prezidentinin bu təşəbbüsünü dünyanın 130 dövləti dəstəklədi. Bu, qürur duyulası haldır. Bu, Azərbaycan dövlətinin, onun Prezidenti İlham Əliyevin diplomatik qələbəsidir, böyük uğurudur", - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyası koronavirusla mübarizədə imkanları genişləndirəcək: "Bütün dünyanın diqqəti məhz bu toplantıya yönələcək. Hesab edirəm ki, toplantıdan sonra iqtisadi və humanitar səylər güclənəcək, həm də bəşəriyyətin intizarla gözlədiyi vaksinin əldə olunması imkanları daha da artacaq. Çünki dünyanın ən böyük və universal təşkilatı məhz BMT-dir. BMT səviyyəsində bu məsələnin müzakirə predmetinə çevrilməsi şübhəsiz ki, öz müsbət nəticələrini verəcək".