Rusiyanın getdikcə zəifləməsi fikirləri ilə qətiyyən razı deyiləm. Əksinə hesab edirəm ki, son addımlarla Prezident Vladimir Putin öz mövqelərini kifayət qədər möhkəmlədə bildi.
Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.
Onun fikrincə, Rusiyada referendum əslində virusla bağlı dünyada müşahidə edilən gərgin dövrə təsadüf edib:
“Rusiya referendumu təxirə salmadı. Putinin nəzərdə tutduğu plan gerçəkləşdi. Beləcə, Putinin əl-qolu açıldı. Əslində son illər Rusiya dövlət başçısının reytinqi aşağı düşmüşdü. Odur ki, Kreml ancaq millli məsələləri qabardırdı, rus xalqının böyük olduğundan söhbət açırdı. Beləcə milli hisslərlə oynayaraq reytinqini qoruyub saxladı və referendumda istədiyi nəticəni əldə etdi”.
Professor hesab edir ki, Rusiyada keçirilən referendumdan sonra Putin mövqelərini bir qədər də bərkidib: “İndi onun irəli sürdüyü şüarlara baxanda görürük ki, SSRİ-nin bərpasından, Rusiyanın əvvəlki ərazilərinin itirilməsindən bəhs edir. Bu da onun reytinqinə işləyir.
Əslində isə Rusiyanın durumu keçmiş sovet ölkələrindən fərqlənmir. Kimin nə deməsindən asılı olmayaraq bu gün Rusiya xammal ölkəsinə çevrilib. Post-sovet ölkələrində mövcud olan durum Rusiyada daha qabarıq şəkildədir. Odur ki, hay-küyə getmək, onların irəli sürdüyü şüarlara uymaq lazım deyil”.