Teleqraf.com-un suallarını Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Bahar xanım, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gərginlik davam edir. İşğalçı ölkənin təxribatı məhz dövlət sərhədində törətməsinin arxasında hansı məqsəd dayanır?
- Ermənistanın Azərbaycanla sərhədinin Tovuz istiqamətində təxribatına hansısa bir ad qoymaq və onun səbəbləri haqqında məntiqli bir fikir yürütmək çox çətindir. Ölkə Prezidenti Cənab İlham Əliyevin söylədiyi kimi hazırki Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ problemi ilə bağlı həyata keçirdiyi dırnaqarası siyasətini məntiqlə izah etmək mümkün deyil.
Normal insan məntiqi, beynəlxalq hüquq, ölkələrarası münasibətlər, bəşəri və insanlıq dəyərləri tamamilə kənara atılıb. Bu riyakar addım Ermənistana rəhbərlik edən şəxslərin şəxsi siyasi maraqları, regionda əldə etmək istədikləri iqtisadi divident və ərazi iddiaları ilə bağlıdır.
Digər tərəfdən onların bu provakasiyası azərbaycanlılara, türk toplumuna qarşı mövcudluqları dönəmdə bu və ya digər səbəblərdən başqalarına ürəklərində bəslədikləri nifrəti sonda ümumiləşdirərək Azərbaycana yönəldilməsi ilə bağlıdır. Bunun başqa bir adı yoxdur. Müharibədirsə, müharibənin də öz qanunları var. Bu hansısa bir ərazi mübahisəsidirsə, burada da ərazi mübahisəsi deyilən bir terminə yer yoxdur. Bu hansısa erməni soydaşlarını müdafiə məsələsidirsə, qətiyyən bunu belə adlandırmaq mümkün deyil. Yəni insan buna normal məntiq, qanunlar, beynəlxalq münasibətlərin və prinsiplərin kriteriyası ilə yanaşmağa çətinlik çəkir.
Bu, Azərbaycana, azərbaycanlılara, bu ərazidə yaşayan insanlara olan nifrətdən, Ermənistan rəhbərliyinin ölkəsində mövcud durumun ifşa olunmaması üçün qaynaqlandığı şübhəsizdir.
- Ehtimallar arasında Ermənistanın Baş katibi Nikol Paşinyanın diqqəti ölkəsindəki böhranlı vəziyyətdən yayındırmaq üçün cəbhədə gərginliyə əl atdığı daha güclüdür...
- Çünki hazırda Ermənistanda vəziyyət həddən artıq gərgindir. İndiki pandemiya dövründə həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından Ermənistan həddən artıq ağır durumdadır. Amma dırnaqarası demokratiya dalğasında hakimiyyətə gələn Paşinyanın Ermənistana, ermənilərə verdiyi vədlər reallaşmadı. Ona görə də, ölkədə ona qarşı münasibət həddən artıq kəskinləşdi.
Artıq Paşinyana qarşı mübarizə getdikcə qızışır. Üstəlik Qərblə Rusiya arasında özünə yer tapa bilməyən, bir növ yerlə göy arasında qalmış Paşinyana hazırkı şəraitdə bu təxribat lazım idi ki, ölkəsində nüfuzunu qaldırsın. Lakin Dağlıq Qarabağ probleminə heç bir aidiyyəti olmayan sərhəd zonasında bu provakasiyanı etmək, üstəlik mülki vətəndaşlara, onların yaşadığı ərazilərə qarşı artilleriya atəşindən, iri çaplı silahlarla hücum hərbi və insanlıq əleyhinə cinayətdir. Bu, heç bir münasibətlər sisteminə uyğun gəlmir.
- Narahatlıqla cəbhə bölgəsindən mülki əhalinin hücuma məruz qaldığı xəbərləri alırıq. Niyə beynəlxalq ictimaiyyət dinc əhaliyə qarşı təxribatı susqunluqla müşahidə edir?
- Mülki vətəndaşların həlak olması Azərbaycanın səbrinin daşırılmasına yönəlmiş bir hərəkətdir. Görünür, ermənilər 2016-cı ildə Füzuli və digər istiqamətlərdə törətdikləri cinayətlərdən və onun müqabilində aldığı cavabdan heç bir nəticə çıxarmayıb. 2016-cı il Aprel döyüşləri zamanı dünya ictimaiyyəti Ermənistanın bu hərəkətinə iynə ucu boyda münasibət bildirmədi. Bir neçə gündür sərhəddə baş verən bu münaqişə alovlanıb yenidən döyüş əməliyyatları genişlənib, amma beynəlxalq ictimaiyyət bu məsələdə də seyrçi, müşahidəçi mövqeyinə davam edir.
Bütün bunlara paralel olaraq Azərbaycanın mövqeyini dəstəkləyən səslər ucalmaqdadır. Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara cəbhədə baş verən təxribatla bağlı məlumatlar vaxtında ötürülməli, vəziyyətin nə yerdə olduğunu konkret faktlarla sübut etməliyik. Mülki vətəndaşların həlak olması, onların əmlakına ziyan dəyməsi, yaşayış yerlərindən uzaq düşməsini hədəf alan Ermənistanın və onun uşaq qatili olan rəhbərlərinin bu hərəkətlərini şiddətlə qınayıram və beynəlxalq ictimaiyyəti bu məsələyə səssiz qalmamağa çağırıram
- Ermənistanın üçüncü ölkələri münaqişəyə cəlb etmək planı nə dərəcədə realdır?
- Ermənistan hazırda bu provokasiyanı iri miqyaslı bir döyüş əməliyatına çevirmək, sonda buna üçüncü ölkələri qatmaq, özünün üzv olduğu hərbi birliklərin imkanlarından istifadə etmək niyyətindəndir. Onlar bilir ki, mülki vətəndaşlara qarşı yönəlmiş cəhdlərin qarşısını Azərbaycan bütün imkanları ilə alacaq. Bunun üçün təcrübə də var. Məqsədli şəkildə bu provakasiyalar edilir.
Bütün bunlara cavab olaraq Prezidentimiz, Ali Baş Komandanımız və ordu komandanlığı lazım olan bütün addımları atacaq. Bu məsələdə ən vacib sözü Azərbaycanın güclü ordusu deyəcək. Biz onların niyyətlərinin reallaşmasına imkan vermədən, bizə qarşı yönəlmiş təxribatların qarşısını qətiyyətlə almalıyıq.