“Livanın paytaxtı Beyrutda baş vermiş dağıdıcı partlayış Yaxın Şərq uğrunda gedən mübarizədə kəskin bir mərhələnin başlanğıcına siqnal ola bilər. Livan rəsmilərinin verdiyi məlumatlarda limandakı anbarların birində saxlanılan ammonium selitrasının (ammonium-nitrat) partladığı deyilir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspertin sözlərinə görə, temperatur dəyişmələri zamanı detonasiya edə bilən bu maddənin böyük həcmdə hansı məqsədlə saxlanıldığı haqda çox ziddiyyətli məlumatlar verilir:
“Rusiyanın bəzi media resursları iddia edir ki, əslində İrandan gətirilmiş partlayan uzaq mənzilli raket komponentləri olub.
Partlayış nəticəsində Beyrutun bir hissəsi xarabalığa çevrilib. Bəzi mütəxəssis dəyərləndirmələrinə görə, partlayış 2,5 kiloton trotil ekvivalentində gücə malik olub və Rixter şkalası ilə 4,5 bal gücündə zəlzələ effekti yaradıb. Onsuz da ağır sosial-iqtisadi böhran içində olan Livana ciddi maddi ziyan dəyib.
Son iki ildə İsrail mediasında hərbi ekspertlər müntəzəm olaraq Hizbullah hərbi birləşmələrinin sərəncamında İsrailin istənilən nöqtəsini dəqiqliklə vurmağa qadir raketlərin olması haqda fikirlər səsləndirirdilər. Bu mənada, hadisə baş verəndən bir qədər sonra İsrailin partlayışa heç bir aidiyyatı olmadığını açıqlaması anlaşılandır”.
Ərəstun Oruclu bildirib ki, baş verən partlayış ən azı iki aspektdə böyük faciədir:
“Humanitar aspektdə: 80-dək insan ölüb və 4 min 500-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb. Hərbi-siyasi aspektdə: partlayış “gizli savaş”ın nəticələrindəndirsə deməli, yaxın zamanlarda savaşın açıq müstəviyə keçməsi də istisna deyil.
Ümid edək ki, ikinci aspekt aktuallaşmayacaq, çünki bu halda Yaxın Şərqdə bir neçə ölkənin cəlb olunduğu üzücü savaş başlaya bilər. Bu isə təkcə bölgə və bölgəyə yaxın dövlətlər deyil, Cənubi Qafqaz və o cümlədən də Azərbaycan üçün yaxşı heç nə vəd eləmir”.