“İndiyədək Rusiyadan kifayət qədər silah almışıq. Rusiya ilə yanaşı, İtaliya, Belarus, Ukrayna, Türkiyə, İsrail, Pakistan və digər ölkələrdən də silahlar ala bilmişik. Amma bu məsələdə əsas tərəfdaşlarımızdan biri Rusiyadır. Yəqin ki, Şoyqu Bakıda bu yöndə problemlərin yaranıb-yaranmadığı ilə bağlı məsələlərə də aydınlıq gətirmək istəyəcək”.
Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Əvvəlcə Rusiya Xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlama verdi, ardınca müdafiə naziri Sergey Şoyqu Bakıya gəldi. Sizcə, Rusiyanın bu fəallığı və ya narahatlığı nədən qaynaqlanır?
- İlk növbədə, Rusiyanın bu fəallığının arxasında onun bölgə ilə bağlı geosiyasi maraqları durur. Məlumdur ki, ötən ay Ermənistanın Azərbaycanı hərbi təxribata çəkmək cəhdlərinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı. Bu təxribatın məlum olan və olmayan tərəfləri var. Məsələnin məlum tərəfi budur ki, erməni tərəfi bu təxribatı törətməklə Azərbaycanın Rusiya və onun patronajlıq etdiyi KTMT ilə münasibətlərində gərginlik yaratmaq, eyni zamanda ölkəmizi adıçəkilən qurumla münaqişəyə cəlb etmək istəyirdi. Əlbəttə, Ermənistanın bu təxribatının qarşısı Rusiya və KTMT-yə üzv olan dövlətlərlə aparılan danışıqlar nəticəsində alındı. Faktiki olaraq, Ermənistan Azərbaycana qarşı “yeni müharibə, yeni ərazi” doktrinasından çıxış edərək, müharibə və münasibətlərə yeni impuls vermək niyyətində idi.
Bu istəyin arxasında Ermənistanda Qərbin, konkret adla ifadə etsək, Sorosun dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyan iqtidarının korporativ maraqları olmamış deyil. Paşinyanın Qərbin müvafiq institutları qarşısında öhdəlikləri var. O, bu öhdəliklərə uyğun olaraq, Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa çalışır.
- Ermənistan rəhbərliyinin daha hansı maraqları ola bilərdi?
- Bununla həm də Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq istəyirdi. Azərbaycan prezidenti rusiyalı həmkarı ilə telefon danışığında Rusiyadan 400 min ton həcmində hərbi təyinatlı məhsulların Ermənistana daşınmasının Azərbaycan ictimaiyyətində haqlı suallar doğurduğunu onun diqqətinə çatdırdı. Çünki Rusiya ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlərdən biridir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün onun öz missiyası və mandatı var. Bu mənada, Rusiyanın birmənalı mövqe sərgilməsi və ya tərəflərdən birini dəstəkləməsi onun siyasi və hüquqi statusuna zərər verməyə bilməz.
Lavrov da bəyanatında bildirdi ki, Ermənistan tərəfi bu addımı atmaqla, üzərinə düşən öhdəlikləri pozdu. Çünki Lavrov bundan əvvəl bəyan etmişdi ki, münaqişənin mərhələli şəkildə həllinə dair Ermənistanla razılıq əldə olunub. Mərhələli həllə bağlı “Madrid prinsipləri” və “Kazan sənədləri”ndə müəyyən razılıqlar olmuşdu. Amma Ermənistan tərəfinin Kazan sammitində sərgilədiyi qeyri-konstruktiv mövqe danışıqların dalana dirənməsinə gətirib çıxardı. Paşinyanın iqtidara gəldikdən sonra pozucu açıqlamalar verməsi və “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi danışıqları labirintə saldı.
- Danışıqların dalana dirənməsi müharibə riskini artıra bilərmi?
- Rusiya bölgədəki geosiyasi maraqlarını qorumaq istəyindən çıxış edərək, münaqişə tərəfləri arasındakı münasibətlərin daha gərgin fazaya, yəni irimiqyaslı hərbi əməliyyatlar mərhələsinə keçməsində maraqlı deyil. Hesab edirəm ki, Rusiya xarici işlər və müdafiə nazirlərinin Azərbaycanla apardığı danışıqlarda da bölgədəki məlum durum müzakirə olunacaq.
Rusiya tərəfinin indiyədək həm Ermənistana, həm də Azərbaycana silah satması hər kəsə məlumdur. Azərbaycan dünyanın silah bazarında Rusiyaya tərəfdaş ölkələrdən biridir. İndiyədək Rusiyadan kifayət qədər silah alımışıq. Rusiya ilə yanaşı, İtaliya, Belarus, Ukrayna, Türkiyə, İsrail, Pakistan və digər ölkələrdən də silahlar ala bilmişik. Amma bu məsələdə əsas tərəfdaşlarımızdan biri Rusiyadır. Yəqin ki, Şoyqu Bakıda bu yöndə problemlərin yaranıb-yaranmadığı ilə bağlı məsələlərə də aydınlıq gətirmək istəyəcək.
- Amma ehtimal etmək olar ki, Tovuz təxribatı ərəfəsində və bundan sonrakı dönəmdə Rusiyadan Ermənistana silah daşınmalarının artması həm də başqa məqamlara yönəlib...
- Əlbəttə, Rusiyadan Ermənistana verilən bu dəstək, iki ölkə arasında hərbi müttəfiqlik prinsiplərinə əsaslanan münasibətlərin olması baxımından anlaşılandır. Ermənistan KTMT çərçivəsində Rusiyanın müttəfiqidir. Rusiya Ermənistanla yanaşı, bu qurumda təmsil olunan digər ölkələrin silahlandırılmasında da eyni missiyanı həyata keçirir. Burada təəssüf doğuran məsələ budur ki, Rusiya Minsk qrupunun üzvüdür və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli baxımından, hər iki tərəf qarşısında məsuliyyət daşıyır. Bu mənada, Rusiyanın tərəflərdən birini həddən artıq silahlandırmaq səyləri qəbuledilməzdir.
Məlumdur ki, Rusiya Ermənistana “İsgəndər” raketləri də verib. Amma Rusiyadan bildirildi ki, bu raketlər Ermənistana Azərbaycanla ehtimal olunan müharibədə istifadə etmək üçün verilməyib, Moskvanın bölgə ilə maraqlarından çıxış edilərək verilib.
- Bunlar hansı maraqlıdır?
- Bu, Ermənistanın NATO ilə həmsərhəd bölgədə olması ilə izah edildi. Bu gün Ankara-Moskva münasibətləri nə qədər rəvan olsa da qardaş Türkiyənin NATO üzvü olması, Rusiyanı bu bölgəyə daha həssas yanaşmağa sövq edir. Bu mənada, Rusiyanın Ermənistanı birtərəfli şəkildə silahlandırması təəssüf doğurur.
Üstəgəl, Rusiya Ermənistana silahları dünya bazarlarındakı qiymətlərdən daha ucuz satır. Halbuki Azərbaycan Rusiyadan ən modern silahları dünya bazarlarındakı qiymətlərlə alırdı. Rusiyanın hər iki tərəfi silahlandırması onu göstərir ki, o, münaqişənin qısa zaman kəsiyində həllində maraqlı deyil. Daha çox münaqişənin həllinə hər iki tərəfdən istədiyi güzəştləri əldə etmək fonunda maraq göstərir.
- Hansı güzəştlərdən söhbət gedir?
- Rusiyanın Azərbaycanla bağlı istəkləri məlumdur. Moskvadan bundan əvvəl də, hətta Rusiya Prezidenti Putinin şəxsində bəyan olunub ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyində təmsilçiliyində maraqlı olardı. Çünki Azərbaycan məlum nəqliyyat-kommunikasiya yollarının üzərində yerləşir. Azərbaycanın bu geosiyasi mövqe təkcə Rusiyanın yox, bütün dünya dövlətlərinin marağındadır. Bu baxımdan, Rusiya həm də Azərbaycanı “Rus NATO-su” adlandırılan KTMT-də görmək istəyir. Lakin məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsi həllini tapmayana qədər bu məsələlər müzakirə oluna bilməz.
Digər yandan, Azərbaycan bloklara qoşulmayan dövlətlərin sırasında yer alıb. Hazırda bu mötəbər təşkilata -Qoşulmama Hərəkatına sədrlik edir. Bu baxımdan, Azərbaycanın hansısa hərbi-siyasi bloka qoşulması geosiyasi anlamda qəbul edilmir. Eyni zamanda, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi var. Azərbaycanın təhlükəsizliklə bağlı qanunvericiliyinin müvafiq maddəsində (19.4-cü maddə) göstərilir ki, Azərbaycan ərazisində heç bir xarici baza yerləşdirilə və digər beynəlxalq hərbi qurumlara üzv ola bilməz. Azərbaycanın hərbi doktrinasında da bu məsələlər öz əksini tapıb.
Bu, həm də Rusiyaya ismarışdır ki, qanunun bu müddəaları rus qoşunlarının Azərbaycana yerləşdirilməsinə icazə vermir. Bu qanunlar o vaxt dəyişə bilər ki, Azərbaycanın ətrafında hərbi-siyasi vəziyyət dəyişsin.
Bunun üçün Azərbaycana ən yüksək təminat lazımdır ki, Rusiya Ermənistana təzyiqləri gücləndirəcək və onun hərbi qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməyə dəvət edəcək. Üstəgəl, bunu israrla həyata keçirməkdə maraqlı olmalıdır. Yəni Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasından sonra Rusiya-Azərbaycan münasibətlərini yeni müstəviyə gətirmək üçün müəyyən addımlar atıla bilər.
- Məlumdur ki, Rusiyadan Ermənistana silah daşınması bəlli bir marşrut xətti vasitəsilə həyata keçirlir. Bu xətlər də Qazaxıstan, Türkmənistan və İrandan keçir. Maraqlıdır, bu üç dövlətin siyasi rəhbərliklərinin ölkə əraziləri üzərindən daşınan bu yüklərdən xəbəri olurmu?
- Aviasiya ilə bağlı qüvvədə olan beynəlxalq normalara görə, həmin dövlətlərin müvafiq qurumlarına bu məhsulların hərbi və ya mülki təyinatlı olması haqda əvvəlcədən məlumatlar verilməli və ya xəbərdarlıq edilməlidir. Əgər Qazaxıstan, Türkmənistan və İranın siyasi rəhbərlikləri əvvəlcədən bu barədə məlumatlandırılmışdılarsa, o zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan bu qonşu dövlətlər bizimlə münasibətlərə ikitərəfli rakursdan yanaşmış olurlar. Bir tərəfdən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayır, bir tərəfdən də onun ərazilərini işğal edən Ermənistanın hərbi təyinatlı məhsullarla təminatında “bitərəf” mövqe sərgiləyirlər və bunu görməzdən gəlirlər.
Bu, başqa məsələdir ki, onların bundan xəbərləri olmayıb. Amma yenə də deyirəm ki, əvvəlcədən bu məhsulların təyinatı ilə bağlı xəbərdarlıq edilməli idi. Əgər həmin dövlətlərin müvafiq qurumları buna bilə-bilə göz yumublarsa, aydınlaşdırmaq üçün Qazaxıstan, Türkmənistan və İranın xarici işlər nazirləri ilə ciddi işlərin aparılmasına ehtiyac var. Bu halda məsələyə aydınlıq gətirmək mümkündür.