Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin inkişafına, xalqın güzəranının yaxşılaşmasına, cəmiyyətdə demokratik dəyərlərin daha da güclənməsinə hədəflənib. Xalqın və dövlətin maraqlarının, milli mənafelərin ön plana çəkilməsi bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, bu tərəqqinin, inkişafın geniş vüsət almasında məmur-vətəndaş münasibətlərinin xüsusi rolu var.
"Məhz, bunun üçün Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilir, düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılır. Təəssüflər olsun ki, bəzən qazanılan uğurlara kölgə salan məmur özbaşınalıqları, korrupsiya, rüşvətxorluq kimi neqativ hallarla da rastlaşırıq. Ölkə rəhbərinin gördüyü saysız-hesabsız uğurlu işlərin, dövlətə və millətə fədakar xidmətinin fonunda bəzi məmurların yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda narazılıq yaradır. Ölkə Prezidenti dəfələrlə bildirib ki, məmurların, vəzifə sahiblərinin, hakimiyyəti təmsil edən insanların əsas vəzifəsi xalqın qulluğunda durmaq, onların yaxşı yaşaması üçün öz töhfələrini uğurla yerinə yetirməkdən ibarətdir".
Deputat qeyd edib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır:
“Ölkə başçısının vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnək olmalıdır. Prezident ölkədə qanunun aliliyinin qarantıdır və dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Statusundan istifadə edərək qanunları pozan və qanunun tələblərinə hörmətsiz yanaşan mütləq şəkildə məsuliyyətə cəlb edilir, onların barəsində cəza tədbirləri görülür. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”.