2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın məntiqsiz siyasəti böyük fəlakətlərə gətirib çıxarır. Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etmiş “Qarabağ klanı”nın hakimiyyətdən getməsindən sonra bir çoxlarında müəyyən təsəvvürlər vardı. Düşünülürdü ki, münaqişənin nizamlanması üçün əlverişli şərait yaranacaq. Amma Paşinyan daha radikal mövqe nümayiş etdirərək faktiki olaraq, sülh danışıqlarının pozulmasına yönəlmiş siyasət yürüdür.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
O qeyd edib ki, Paşinyan indiyədək aparılan danışıqlarda masa üzərində olan sənədlərdən imtina edib.
Millət vəkili vurğulayıb ki, bu, faktiki olaraq uzun illər ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə aparılan danışıqlar prosesinin pozulması deməkdir:
“Amma beynəlxalq vasitəçilər bu qeyri-konstruktivliyə görə Ermənistan rəhbərliyinə sərt etiraz bildirməyi lazım bilməyib. Bu cəzasızlıqdan da faydalanan işğalçı daha da aqressiv addımlara imza atır. Ardıcıl olaraq işğal edilmiş Azərbaycan torpaqlarına səfərlər edən və sərsəm bəyanatlar səsləndirən Ermənistan rəhbərliyi sülh prosesinə sadiq olmadığını nümayiş etdirir. Bu isə işğala qanuni əsas yaratmaq məqsədlərinə əsaslanır. Düşmən tərəf düşünür ki, prosesi uzatmaqla mahiyyətdən də kənara çıxacaqlar. Amma Tovuz döyüşlərindən sonra işğalçı da onun havadarları da Azərbaycan xalqının işğal faktı ilə heç vaxt barışmadığını görmüş oldu”.
Cavid Osmanov bildirib ki, Paşinyanın sülh formatını dəyişərək danışıqlar masasına Dağlıq Qarabağ separatçılarını gətirməyə çalışır:
“Qondarma rejimin isə danışıqlar prosesinə cəlb edilməsi isə işğal edilmiş ərazilərin ilhaqına xidmət edir. Yəni, indiyədək “müstəqil dövlət” qurmaq, Qarabağ ermənilərinin “təhlükəsizliyini təmin etmək”, Dağlıq Qarabağ “xalqının” hüquqlarını qorumaq haqqında danışan separatçılar faktiki olaraq anneksiyanı qanuniləşdirmək niyyətindədirlər. Bu cür sərsəm ideyalar isə elə Paşinyanın özündən gəlib. Onun “Qarabağ Ermənistandır” kimi ağılsız bəyanatı hələ yaddan çıxmayıb. Məhz bu iyrənc və işğalçı siyasi kursu isə faktiki olaraq Qarabağ separatçıları davam etdirir”.