6 Sentyabr 2020 17:40
2 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arif Hacılının sosial şəbəkədə ReAl-ın ünvanına yazdığı statusa görə çox üzüldüm. ReAl ilə Müsavat arasında heç zaman problem olmayıb, hər dəfə dostcasına danışmışıq, orada dostlarımız var. Müsavatçılardan heç zaman şər-böhtan, söyüş görməmişəm. Çox sərt tənqidlər olub, amma onların heç biri etik çərçivəni aşmayıb. Bütün bunların fonunda Arif bəydən belə bir yazını görmək çox üzücü oldu.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı ReAl-çı Erkin Qədirli Müsavat başqanı Arif Hacılının "REAL artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir" fikirlərinə münasibət bildirərkən deyib.

"Niyə hökumət məhz ReAl-la danışır? Niyə parlamentə məhz Erkini buraxdılar? Bu suallara cavab verməkdən həmişə yayınmışam. Hətta bir dəfə "özüm də bilmirəm" demişəm ki, zərbəsi mənə dəysin, amma söhbət uzanmasın. Arif bəyin statusundan sonra bu sualları cavablandırmaq istədim. Hökumət ona görə məhz ReAl-la danışır ki, ReAl yalan danışmır, söymür, atmır, satmır. Məni ona görə parlamentə buraxdılar ki, mənimlə ən ağır məsələləri danışmaq, ən gizli söhbətləri mənə etibar etmək olur. Biz anlaşmaya asan getmirik, anlaşmanın prinsiplərini razılaşdırmadan kimsə ilə anlaşmırıq. Anlaşanda da, anlaşmanı pozmuruq. Hökumətlə hələ heç bir anlaşmamız yoxdur, amma Müsavatla olub.

2018-də ReAl qurultay üçün Müsavatdan yer istəmişdi. Mən onun əleyhinə idim, amma çoxluq onu məqbul saydı. Ona görə əleyhinə oldum ki, bizə görə Müsavata basqı olacağını güman edirdim. Əleyhinə olduğuma görə Müsavatla danışığa getmədim. Dostlarımız danışıqlardan sevincək qayıtdılar və Müsavatla yerlə bağlı anlaşdıqlarını dedilər. Üstündən bir neçə gün keçəndən sonra Arif bəy, yanılmıramsa, Azər Qasımlıya zəng edib qurultay üçün bizə yer verə bilməyəcəklərini söylədi. Bu dəfə də Azər bəy danışığa getmək istəmədi, düz də etdi. Amma bu dəfə məni göndərdilər, çünki mən yumşaq danışıram, kompromislərə, bir qayda olaraq, açıq oluram, qarşı tərəfin qayğılarını yaxşı anlayıram və s.

Arif bəylə söhbətimizin detallarını yazmaq istəmirəm".

Erkin Qədirli qeyd edib ki, Arif Hacılıya ReAl-ın Müsavat üçün ən uyğun çıxış yoluna bəribaşdan razı olduğunu söyləyib: "Dedim ki, bizə görə kimsəyə ziyan dəyməsini istəmirik. Arif bəy bir bəyanat hazırladı, biz də onu dəstəklədik. Ayrıca, o məsələ haqqında heç yerdə danışmayacağımıza söz verdik. Sözümüzü də tutduq. İndi özümə sual verməyim gəlir - biz sözümüzü niyə tutduq? Sonradan Arif bəyin bizi satılmışlıqda suçlaması üçünmü?

ReAl-ı sevməyə bilərsiniz, onu söyə də bilərsiniz. Amma ReAl-ın çox aydın bir üstünlüyü var - ReAl açıq oynayır, kimsəyə ziyan vurmur, kimsəni söymür, atmır, satmır. ReAl yanıla bilər, amma satıla bilməz. Hökumət də məhz buna görə bizimlə danışır. Ağıllı olan hər kəs də bunu görür".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər