11 Sentyabr 2020 09:05
2 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

100 il əvvəlki dövrə baxsaq, indi rəsmi Ankaraya qarşı olan Avropa ölkələrindən beşinin Türkiyəni işğal etdiyini görmək olar. Bu gün Avropada Türkiyəyə qarşı olan münasibətin tarixi kökləri var və bu, təsadüfi deyil. Bu ölkələr əvvəlcə Osmanlıya, indi də Türkiyə Cümhuriyyətinə qarşı addımlar atır. Onların bu mövqeyi bəzən səngiyir, bəzən artır. Keçid dövrlərində isə lap güclənir. Unutmaq olmaz ki, Türkiyədə yaşayanlar da türk millətidir. Başqa sözlə, dünyada 150 dövlət qurmuş millətdir. Bu gün də həmin Avropanın dişi Türkiyəyə batmayacaq, sadəcə “xoruzlanır”lar.

Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov Avropa Birliyinin Türkiyəyə qarşı ehtimal olunan sanksiya qərarı haqqında danışarkən deyib.

Firudin Cəlilov bildirib ki, əslində bu ölkələr Türkiyədən çəkinirlər. Onun fikrincə, Avropa dövlətlərinin əsas qorxusu bir neçə türk dövlətinin birləşərək Avropa Birliyinə oxşar qurum yaratması ilə bağlıdır: “Türkiyənin tarixi düşmənləri yalnız Avropa ilə məhdudlaşmır. Bura Rusiyanı, elə İranı da aid etmək olar. Mən indi yaranan vəziyyətə təbii yanaşır və Türkiyəyə heç nə edə bilməyəcəklərini indidən açıqlayıram. Biz hərbi xəritəyə baxsaq görərik ki, Türkiyənin Qətərdə, Liviyada, Afrikada hərbi bazaları var. Yəni bütün ərəb ölkələrinə nəzarət edir. Türk hərbi bazasının gücünü də hər kəs bilir. Rusiya və ABŞ kimi nəhəng dövlətlər Suriyadan baş aça bilmədi, hətta qoşunlarının sayını azaltdı. Türkiyə isə Suriyada qalmaqda davam edir. Bu mənada pessimist olmaq lazım deyil”.

Sabiq nazir əlavə edib ki, neft-qaz ehtiyatları səbəbindən Şərqi Aralıq dənizinə maraq göstərən, can atan çoxdur: “Amma tarixi ədalət də var. Bu hissə adalar qarışıq daim Türkiyənin idarəsində olub. Bu gün Türkiyəyə meydan oxuyan Yunanıstanın özü də Osmanlının bir əyaləti idi. Açığını deyim ki, Türkiyəyə təhlükə var, amma böyük təhlükə deyil. Türkiyə bu təhlükələrin bəzilərini sözlə, bəzilərini silahla geri qaytarmaq imkanına malikdir. Bu mənada mən Şərqi Aralıq dənizində baş verən gərginliyə, habelə Avropada Fransa başda olmaqla bir qrup ölkənin anti-Türkiyə addımlarına görə narahat deyiləm. Türkiyə haqqını əldə edəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər