14 Sentyabr 2020 13:27
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi spikerin Prezident Ərdoğanla görüşündə müzakir edilən məsələləri açıqlayıb.

Türkiyə prezidentinə görüş imkanı üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Türkiyənin dövlət başçısına çatdırıb.

Milli Məclisin spikeri deyib ki, Azərbaycan və Türkiyə bütün taleyüklü məsələlərdə bir-birini dəstəkləyir və bir-birinə arxalanırlar: “Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı şəxsən Sizin, xarici işlər naziri cənab Mövlud Çavuşoğlunun, Milli müdafiə naziri cənab Hulusi Akarın bəyanatları Azərbaycan xalqı tərəfindən çox böyük təqdirlə qarşılandı. Biz qardaş Türkiyənin dəstəyini hər zaman hiss etmişik və bu dəstəyin birmənalı şəkildə ifadə olunmasına görə Sizə və Türkiyə hökumətinin üzvlərinə dərindən təşəkkür edirik”.

Sahibə Qafarova bölgədə baş verən hadisələrin Türkiyə üçün doğurduğu təhdidlərərin ciddi olduğunu qeyd edib: “Bununla belə, Türkiyə dövlətinin, ən əsası isə Zati-alinizin bu təhdidlərə qarşı qətiyyətli mövqeyiniz Azərbaycan ictimaiyyəti tərəfindən də təqdir olunur. Suriya, İraq, Liviya, Qaradəniz, Aralıq dənizi və Egey dənizində vermiş olduğunuz mücadilə Türk xalqının haqlı maraqlarını qorumaq üçün verilən milli mücadələdir. Biz bunun fərqindəyik. Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edərkən də dediyi kimi, biz Azərbaycan olaraq bu haqlı mübarizəsində qardaş Türkiyənin yanındayıq və nə olursa olsun, qardaş Türkiyə Cümhuriyyətini dəstəkləyəcəyik. Çünki Türkiyə sadəcə bizim strateji tərəfdaşımız deyil, qardaş dövlətimizdir. Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin liderləri olaraq cənab İlham Əliyevlə Sizin aranızda mövcud olan səmimi dostluq və qardaşlıq ölkələrimiz arasında da olan münasibətlərə və dəstəyə əlavə təkan verir”.

Milli Məclisin Sədri Qara dənizdə kəşf edilən təbii qaz yatağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik etdi və bunun qardaş ölkənin enerji ehtiyaclarının təmin olunmasında mühüm rolunu vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan öncə Azərbaycanın yeni seçilmiş parlamentə uğurlar arzulayıb. Türkiyənin dövlət başçısı onun salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkələrdir: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ölkələrimiz beynəlxalq platformalarda daim eyni mövqedən çıxış edir, taleyüklü məsələlərdə bir-birilərini dəstəkləyirlər. Bu günlərdə Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər buna bariz nümunədir. Buna görə başda Prezident İlham Əliyev olmaqla bütün qardaş Azərbaycan xalqına bir daha təşəkkürümüzü bildiririk”.
Prezident Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da hər zaman belə olacağını diqqətə çatdırıb.
İki ölkənin bölgədə birgə həyata keçirdikləri iqtisadi layihələrə toxunan Rəcəb Tayyib Ərdoğan deyib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri strateji əməkdaşlığımızın bir parçasıdır.

Prezident iki qardaş ölkənin parlamentləri arasındakı münasibətlərdən də məmnunluğunu ifadə edib, beynəlxalq təşkilatlarda Azərbaycan və Türkiyə parlamentarilərinin birlikdə və çiyin-çiyinə fəaliyyət göstərməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər