18 Sentyabr 2020 20:26
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Elena Aymone Sesseranın ölkəmizdəki fəaliyyətinin başa çatdığı bildirilib və Nümayəndəliyin yeni rəhbəri xanım Arian Bauer C.Bayramova təqdim edilib.

C.Bayramov xanım Elena Aymonenin fəaliyyətini yüksək qiymətləndirərək Azərbaycanın BQXK ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən humanitar layihələri məmnunluqla qeyd edib. Nazir həmçinin BQXK-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, o cümlədən yüz minlərlə insanın fundamental hüquqlarının pozulmasından, işğalçı ölkənin beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini mütəmadi olaraq pozmasından və mülki şəxsləri və infrastrukturu hədəfə almasından danışan nazir BQXK-nin bilavasitə mandatına daxil olan girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. O, Azərbaycanın humanitar hüququn normaları əsasında “hamının hamıya” prinsipi əsasında əsir və girovların dəyişdirilməsi mövqeyinin Ermənistan tərəfindən qəbul edilmədiyini vurğulayıb. BQXK-nin bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyi qeyd olunub.

Öz növbəsində BQXK nümayəndələri öz mandatları çərçivəsində Şahbaz Quliyev və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlandıqlarını və ailələrinə bu xüsusda məlumat verdiklərini qeyd ediblər.

Görüş zamanı nazir həmçinin BQXK nümayəndələrinə bölgədə yaşanan ən son gərginliklər və Ermənistan rəhbərliyinin məqsədyönlü təxribatçı və təhrikçi fəaliyyəti və münaqişənin danışıqlar yolu ilə həllinə ciddi xələl gətirməsi barədə məlumat verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər